“Bir xatirə kitabına bənzəyir ömrüm” adlı kitabın təqdimatı olub

Aprelin 18-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Sədərək rayonunun müdafiəsi uğrunda şəhid olmuş polis əməkdaşı İlkin Seyidovun həyat və döyüş yolundan bəhs edən, müəllifi Fəridə Rəhimli olan “Bir xatirə kitabına bənzəyir ömrüm” adlı kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab Mədəniyyət Nazirliyi “Respublika Xatirə Kitabı” redaksiyası və “Bakı xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasındandır.

Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğurunda canından keçən qəhrəman vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək yeni nəşrin əhəmiyyətindən söz açıb. Bildirib ki, kitab “Şəhidlər ölməz, Vətən bölünməz” rubrikası altında “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən işıq üzü görmüş silsilə kitablar sessiyasından növbəti nəşrdir. O, ölkəmizin suverenliyi uğurunda canından keçən qəhrəmanların xatirəsinin hər zaman dövlətimiz tərəfindən əziz tutulduğunu vurğulayaraq deyib ki, şəhidlərimizin keçdiyi yol gənc nəsil üçün örnəkdir, qürur yeridir.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İlkin Seyidovun xatirəsinin əbədiləşdirlməsi üçün atılan addımı yüksək dəyərləndirib, “Respublika Xatirə Kitabı” redaksiyasına təşəkkür edib. Qeyd edib ki, dövlətimizin ərazi bütövlüyü uğurunda canından keçən qəhərmanlarımız haqqında belə nəşrlərin işıq üzü görməsi, onların gələcək nəsillərə təqdim olunması, sözün əsl mənasında fədakarlıq tələb edir.

“Bu işlərdə dövlətimiz təbii ki, öz köməkliyini əsirgəmir. “Respublika Xatirə Kitabı” redaksiyası 1997-ci ildən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə nəşr prosesinə başlayıb. O vaxtdan bu günədək redaksiya çoxsaylı işlər görüb. Kitabda şəhid olmuş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, şəhid olduğu və dəfn edildiyi yerlə bağlı qısa məlumat verilir. Kitabın hər cildində 15-17 min nəfərlə bağlı məlumat yerləşdirilib. Əlbəttə, bu işlər olduqca zəhmət tələb edir. Bu gün Mədəniyyət Nazirliyinin “Respublika Xatirə Kitabı” redaksiyası “Bakı xəbər” qəzeti ilə birlikdə “Şəhidlər ölməz, vətən bölünməz” seriyasından olan bədii-publisistik kitabların nəşrini davam etdirir. Bu işdə kömək göstərmək, dəstək vermək hamımızın borcudur. Çünki bugünkü günümüz üçün biz şəhidlərimizə borcluyuq”, – deyə V.Əliyev vurğulayıb.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova Tohidi tədbirin əhəmiyyətindən söz açıb. Söyləyib ki, “Respublika Xatirə Kitabı” redaksiyasının gördüyü işlər təqdirəlayiqdir. Layihənin önəmini qeyd edən S.Tohidi, bu işdə əziyyəti olan hər kəsə təşəkkür edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, belə layihələrin icrası respublikamızın müstəqilliyi uğurunda canından keçən insanların xatirəsinə verilən yüksək dəyərdir: “Hər bir şəhid bizim üçün qiymətlidir. Hər bir şəhidimiz haqqında kitablar yazılmalıdır, onların hər birinin qəhrəmanlığını bir nümunə kimi ortaya qoyulmalıdır. Bu gün şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün dövlətimiz tərəfindən çoxsaylı işlər görülür. Onların adına küçələr, məktəblər var. Belə kitablar şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolunu gənc nəslə aşılayır. Bu kitab olduqca mükəmməl işlənilib. Kitabda yer alan şəkillər, materiallar onu göstərir ki, şəhidimizin həyatı haqqında bütün məlumatları əldə etmək olar”.

Xalqımızın tarixi qəhrəmanlıq ənənələrindən söz açan Azərbaycan Respublikasının Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev deyib ki, Qarabağ müharibəsi zamanı şəhid olanların əksəriyyəti döyüş ruhu yüksək, mənəvi dünyası olan insanlardır. Bizim şəhidlərimiz özlərini vətən uğrunda döyüşə atmaqla adlarını tarixin şərəfli səhifəsinə yazdıra biliblər. Belə qəhrəmanlarımızı təbliğ etmək, xatirələrini əziz tutmaq bizim şərəf borcumuzdur.

“Bu gün Vətən torpağı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsi dövlətimiz tərəfindən uca tutulur. Prezident İlham Əliyev tərəfindən veteranlara və şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərilir”, – deyə R.Mirzəyev söyləyib.

Daxili İşlər Nazirliyinin əməkdaşı, polkovnik Əflatun Həsənov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurasının üzvü Azər Həsrət, yazıçı-publisist Azər Səlimov və başaqları çıxış edərək layihənin əhəmiyyətindən söz açıb, nəşrin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür ediblər.

Çıxışlarda İlkin Seyidovun döyüş yolundan danışılıb, kitab haqqında fikirlər səsləndirilib.

Şəhidin ailə üzvləri həm müəllifə, həm də redaksiya heyətinə göstərilən diqqətə görə təşəkkür edib.

“Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək kitabın müəllifi Fəridə Rəhimlinin Azərbaycana minlərlə igidlər, vətənpərvərlər və əvəzsiz şəxsiyyətlər bəxş etmiş Naxçıvanın tarixinə nəzər salmaqla yanaşı, şəhid xüsusi təyinatlı İlkin Seyidovun həyat dastanı haqqında bütün məlumatları toplayaraq yazıya çevirdiyini, kitabın “Şəhidlər ölməz, Vətən bölünməz” nidalı kitablar seriyasından ikinci nəşri olduğunu qeyd edərək tədbirdə iştirak və çıxış edən hər kəsə minnətdarlığını bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO