Bir gündə 650 min ağac əkilməsi sonrakı dövrdə hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük maraqla qarşılanıb. Həmin ekoloji tədbirə hazırlıq ərəfəsində AZƏRTAC-ın müxbiri iqlim dəyişməsi üzrə müstəqil ekspert Məhərrəm Mehdiyevin fikirlərini öyrənib.

O deyib: “Mehriban xanımın təşəbbüsü çox faydalı, gərəkli və yaşadığımız dünyanın, ətraf mühitin və ekologiyanın sabahına hesablanmış bir addımdır. Əbəs yerə meşələri təbiətin “ağ ciyəri” adlandırmırlar. Ağaclar təkcə təbiətin gözəlliyi, zümrüd donu, yaşıl libası deyil, həm də çox böyük sağlamlıq mənbəyidir. Dünyanın bütün iri şəhərlərində yaşıllıqlar salınması ilə əlaqədar mühüm kampaniyalar aparılır və əkilən ağaclar gözəllik mənbəyi olmaqla yanaşı, həm də əhalini oksigenlə təmin edir. Xüsusilə iri istehsal və sənaye müəssisələri, zavodlar olan yaşayış məntəqələrinin ətrafında belə tədbirlərin aparılması sağlamlıq üçün çox böyük qayğı deməkdir.

Ölkəmizdə böyük şairin yubileyi ilə əlaqədar irəli sürülən bu təşəbbüs çox təqdirəlayiqdir. 650 min ağac yaxın 4-5 ildə hər il 2, 6 min ton karbon qazının udulmasına səbəb olacaq. Bu isə iqlimin yumşaldılmasına və təbiətin ekoloji cəhətdən sağlamlaşması işinə çox böyük xidmət göstərəcək. Ona görə də bu xeyirxah təşəbbüsün həyata keçirilməsi üçün hər kəs öz töhfəsini verməlidir”.

M.Mehdiyev daha sonra əlavə edib: “Bu təşəbbüs ölkəmizin 2015-ci ildə Parisdə iqlim dəyişmələri üzrə çərçivə Konvensiyasının XXI konfransında götürdüyü öhdəliyin yerinə yetirilməsi sahəsində də çox uğurlu addım olacaq. Paris sazişində Azərbaycan 2030-cu ilə qədər atmosferə atılan karbon qazının səviyyəsini 1990-cı il səviyyəsindən 35 faiz aşağı salınması barədə öhdəlik götürüb. Bir gündə 650 min ağac əkilməsi həmin öhdəliyin yerinə yetirilməsi işinə layiqli töhfə olacaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO