Jurnalist İntiqam Valehoğlunun ailəsi təhdid olunur. Bu barədə Modern.az-a jurnalist özü məlumat verib. Onun sözlərinə görə, ayrı-ayrı vaxtldarda gizli nömrələrdən onun ailə üzvlərinə zənglər gəlir: «Zənglər təhdid və təhqir xarakterlidir. Dəfələrlə kim olduğunu soruşuruq, amma demirlər. Yenə də təhqir edirlər. Hətta valideynlərimin iş yerini, atamın maşınının nömrəsini deyirlər».
İ.Valehoğlunun bildirdiyinə görə, sözügedən məsələylə bağlı şübhələndiyi insan var: «Hə, şübhələndiyim insan var. Çünki təxminən bir ay əvvəl mənə açıq nömrədən zəng gəlmişdi və görüşmək istədiklərini bildirmişdilər. Əvvəlcə, mənə bildirdilər ki, sizinlə görüşüb təkliflərimizi vermək istəyirik. Amma ikinci zəngdə tamam başqa məsələylə bağlı görüşmək istədiklərini dedilər. Həmin nömrələr məndə var. Sadəcə, hələ açıqlamaq istəmirəm. Məqsədim kiməsə zərər vurmaq yox, mənə və ailəmə qarşı olan təhdidlərə, təhqirlərə son qoyulmasıdır».
Jurnalistin sözlərinə görə, sözügedən zənglər onun götürdüyü müsahibələrdən birindən sonra başlayıb: «Artıq öyrənmişəm ki, o şəxs bizneslə məşğuldur. Ayrı-ayrı insanlar vasitəsiylə mənim haqqımda məlumatlar toplatdırır. Hətta 16 il yaşadığım yataqxanayla da əlaqələri olub. Məcbur olub nömrəmi dəyişəndən sonra bütün təhdidlər ailəmin üzərinə yönəlib. Son zamanlar isə izlənildiyimi hiss edirəm».
Sonda jurnalist səlahiyyətli şəxslərə və qurumlara da müraciət eləyib: «Bu məsələylə bağlı səlahiyyətli olan bütün şəxslərdən, həmçinin cənab prezidentdən, daxili işlər nazirindən, eləcə də qeyri-hökümət təşkilatı rəhbərlərindən, millət vəkillərindən özümün və təhdid olunan ailə üzvlərimin adından xahiş edirəm. Çünki bu gün məni təhdid edən və cəzasız qaldığını görən şəxs, sabah digər bir həmkarımıza qarşı başqa cinayət əməli törədə bilər».
Sonda həmkarımız ona gələn açıq zənglərin hansı nömrədən edildiyini yaxın zamanlarda açıqlayacağını da diqqətə çatdırdı: «Əgər gələn zənglər, olunan təhdidlər kəsilməsə həmin nömrələri ictimaiyyətə açıqlayacağam. İnanıram ki, müraciət elədiyim səlahiyyətlilər və hüquq-mühafizə orqanları bu məsələyə biganə qalmayacaqlar».
Modern.az