Sabirabadda özlərini “İqtisadiyyat və siyasət” qəzetinin baş redaktoru və müavini kimi qələmə verən şəxslər dələduzluq faktı ilə yaxalanıb.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon polis şöbəsinin müstəntiqi Yavər Eyvazov məlumat verib. Onun sözlərinə görə, “İqtisadiyyat və siyasət” qəzetinin baş redaktoru, Naxçıvan sakini 69 yaşlı Əsgərov Eldar və onun müavini Sabirabad sakini Babayeva Ülkər Əlibaba qızı Kürdə daşqından zərər çəkən sakinlərə ev tikdirəcəklərini vəd verərək, onlardan 1000-1500 manat pul alıblar.
Saxlanan şəxslər Sabirabadın Bulduq kəndindən Nuruşov Gülabba Güləhməd oğlundan 603 manat, Mürsəlli kənd sakinləri Muradov Ağasalah Sarxan oğlundan 1000 ABŞ dolları, Kərimov Fazil Yaqub oğlundan 1000 manat, İsmayılov Müqabil Mahmudağa oğlundan 1000 manat, rayon sakinləri Əliyeva Banu Məhəmməd qızından 1500 manat, İsgəndərov Samir İsgəndər oğlundan 1100 manat alaraq onlar üçün ev tikdirəcəklərini vəd veriblər.
İstintaqa ümumilikdə 6 şəxsin aldadıldığı məlum olsa da, Ülkər Babayeva onların sayının 12 olduğunu bildirib. Hər iki şəxs Sabirabad polisi tərəfindən şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.