Aprelin 12-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Eurovision 2012” ilə bağlı keçirilən dəyirmi masa zamanı beynəlxalq mediada Azərbaycanın bu mahnı müsabiqəsinə hazırlıqları ilə bağlı yayılan neqativ məlumatlara qarşı müraciət ünvanlanıb.
Müraciətin mətnini jurnalist qurumlarının rəhbərlərinə təqdim edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda medianın ən ciddi problemi olan iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət dəstəyi artırılır.
Müraciətdə Azərbaycanda KİV-lərin müstəqillik illərində keçdiyi inkişaf yolundan bəhs olunur. Müxtəlif beynəlxalq jurnalist təşkilatları Azərbaycanda media azadlığının yüksək səviyyədə olduğu qeyd ediblər. Possovet məkanında ilk dəfə Azərbaycanda media ilə bağlı Mətbuat Şurası yaradılıb. KİV-lərlə bağlı qanunvericilik Avropa standartlarına uyğun formalaşdırılıb.
“Biz Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasının tərəfdarıyıq. İstərdik ki, Azərbaycanda demoktratik medianın formalaşması üçün həyata keçirilən tədbirlər göstərilsin. Beynəlxalq media təmsilçiləri Azərbaycanın 20 faiz ərazisinin işğal altında qalması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərinin hüquqlarının pozulmasını nəzərə almalıdırlar”, – müraciətdə deyilir.
Azərbaycan jurnalistlərinin müraciətində həmçinin qeyd olunur ki, bəzi dairələr Avropanın “Eurovision” kimi mədəni tədbirini çirkin siyasi məqsədləri üçün siyasiləşdirməyə cəhd edirlər. “Bu, milyonlarla avropalıya qarşı hörmətsizlikdir. Bakıda “Eurovision”dan çox qabaq başlamış və müsabiqədən də sonra davam etdiriləcək abadlıq işləri insan haqlarının pozulması kimi qiymətləndirilə bilməz”, – müraciətdə bildirilir.
Müraciət Avropa Yayımları Birliyinə və yarışmada iştirak edəcək bütün ölkələrə göndəriləcək.
Modern.az