AzərTAc-ın fotomüxbiri Rusiyada qalibi olub

AzərTAc-ın fotomüxbiri İlqar Cəfərov B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanasının “Bizim Olimpiada” fotomüsabiqəsinin qalibi olub.


Mükafatların təqdim edilməsi mərasimi mayın 19-da Sankt-Peterburqda keçirilmişdir. AzərTAc-ın fotomüxbirinin işləri müsabiqəyə təqdim edilmiş 1500 fotoqrafiya arasında ən yaxşılardan hesab edilmişdir. İlqar Cəfərov “Daha sürətli! Daha yuxarı! Daha güclü!” və “Sankt-Petreburqun Olimpiya ənənələri” nominasiyalarında qalib gəlib.

Müsabiqə 2014-cü il yanvarın 24-dən martın 24-dək keçirilmişdir. Müxtəlif ölkələrdən 300-ə yaxın iştirakçı öz işlərini müsabiqəyə göndərmişdi. Onların arasında Azərbaycan, Bolqarıstan, Belarus, Almaniya, Qazaxıstan, Ukrayna və Rusiya nümayəndələri vardı.

Müsabiqəyə yekun vuran münsiflər heyətinin sədri Rusiya Qəhrəmanı, altı dəfə Olimpiya çempionu Lyubov Yeqorovadır. Münsiflər heyətinin üzvləri olimpiya hərəkatı, Soçi Olimpiya oyunlarının parlaq şəkildə təşkil edilməsi, idmançıların mübarizəsi və azarkeşlərin dəstəyi mövzularına həsr edilmiş 1500-dən çox işin təqdim edildiyi müsabiqənin qaliblərinə və laureatlarına mükafatları təntənəli mərasimdə təqdim etmişlər.

Müsabiqəyə təqdim olunmuş işlər aşağıdakı nominasiyalar üzrə qiymətləndirilmişdir: “İdmanın birləşdirdiyi dünya”, “Soçi – inkişaf ərazisi”, “Daha sürətli! Daha yuxarı! Daha güclü!” və “Sankt-Peterburqun olimpiya ənənələri”. Müsabiqənin final mərhələsinə çatmış bütün işlər Prezident Kitabxanasının Olimpiya Kolleksiyasına daxil ediləcəkdir.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov mərasimdə çıxış etmişdir. O, qeyd etmişdir ki, AzərTAc-ın fotomüxbirinin bu müsabiqədə nail olduğu yüksək nəticə Azərbaycan xalqının zəngin yaradıcı potensialını və müxtəlif xalqların dinc yanaşı yaşamasına imkan verən Sankt-Peterburqun xüsusi ab-havasını təsdiq edir. Baş konsul demişdir: “Rusiyanın Soçidə parlaq səviyyədə keçirdiyi olimpiada da birlik nümunəsi oldu”.

Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşinin vurğulamışdır ki, müsabiqəyə təqdim edilmiş işlər peşəkar idman biliciləri və tanınmış ictimai xadimlər tərəfindən qiymətləndirilmişdir.

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO