Azərbaycanın Xalq şairinin səhhəti pisləşib

Modern.az saytı Xalq şairi, prezident təqaüdçüsü Söhrab Tahirin səhhəti ilə maraqlanıb. Uzun müddətdir ki, mətbuatdan, ictimai arenadan müvəqqəti də olsa kənarlaşan güneyli şair hazırda səhhətindən çox şikayətlənir. Qəribə teleyə, nisgilli ömür yoluna malik olan Xalq şairi bu gün diqqətdən kənardadır.
Biz Söhrab Tahirdən müsahibə almaqdan ötrü onunla çox çətinliklə də olsa, əlaqə saxlaya bildik:

“Oğlum, məmuniyyətlə görüşərdik. Amma səhhətim çox ağırdı. Bu aralarda bir az yaxşılaşmışdım, amma indi əvvəlkindən də pisəm. Gözlərim çox zəifləyib. Ağciyərim də bu tərəfdən imkan vermir. Temperaturum da aşağı düşmür ki, düşmür”-deyə dəyərli yazıçı Modern.az saytına səhhəti barədə danışıb.

Modern az Azərbayacan ədəbiyyatının canlı tarixi olan 87 yaşlı şair Söhrab Tahirə can sağlığı arzulayır və böyük həvəslə ondan müsahibə alacağımız günü gözləyirik.

Söhrab Tahir 1926-ci il avqustun 6-da Güney Azərbaycanın Astara şəhərində sənətkar ailəsində anadan olub. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946- cı ildə Sovet Azərbaycanına- Bakıya təhsil almağa göndərilib.

«SSRİ-yə yük qatarında gəldik. İranda eşitmişdik ki, burada krantlardan su əvəzinə süd, bal, bəhməz gəlir. Amma sərhədi keçəndə qatarın yanı ilə ayaqyalın uşaqların qaçaraq «çörək, çörək» – deyə qışqırdıqlarını gördük. Əvvəl elə bildik bizi ələ salırlar. Sonra yoxlamaq üçün onlara çörək atdıq. Və uşaqların çörəyi bir anın içində necə didişdirib dağıtdıqlarını görəndə eşitdiklərimizin həqiqət olmadığını anladıq…» – deyə şair xatirələrinin birində yazıb.

Söhrab Tahir 1950-ci ildə Bakı Tibb Məktəbində, 1952-1957-ci illərdə ADU-nun filalogiya fakultəsində təhsil alıb. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalının redaktoru olub.

2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO