Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanlar ötən ay 16 % azalıb

Ötən ay Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin
sayında azalma 16 faiz təşkil edib.
 
Ölkəmizdə məşğulluq imkanlarının və əhalinin gəlirlərinin mütəmadi artımı, həmçinin ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflıq və ünvanlılığın təmin edilməsinə nəzarətin gücləndirilməsi bu yardımları alanların sayının cari ilin may ayında da azalması ilə müşahidə edilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ötən ay respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2014-cü ilin may ayı ilə müqayisədə 21987 ailə (96644 nəfər ailə üzvü) və ya 16 faiz azalaraq 115415-ə (503181 nəfər ailə üzvü) enib. Bu dövrdə ünvanlı dövlət sosial yardımlarının hər ailəyə və hər ailə üzvünə düşən orta aylıq məbləği 15,4 faiz artmaqla müvafiq olaraq 146,78 manata və 33,67 manata çatıb. May ayında ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin 33056-nı (28,6 faiz) tərkibində 3 və daha çox uşağı olan ailələr təşkil edib. Yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 238921 nəfər, onlardan 1 yaşadək uşaqların sayı 6464 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5551 nəfər olub.
 
Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, ünvanlı dövlət sosial yardımı üçün müraciət edilməsi və həmin yardımların təyinatı prosesinin avtomatlaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planı üzrə işlər davam etdirilir.
 
Elektron sistemin texniki infrastrukturunun qurulması üçün vacib proqram təminatları üzrə funksional tələblərin, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron müraciət formasının hazırlanması və s. işlərin görülməsi artıq təmin edilib. Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemindən (VEMTAS) aztəminatlı vətəndaşların heç bir çətinlik çəkmədən, rahat şəkildə istifadə edə bilmələri müvafiq tədbirlərin icrası zamanı diqqətdə saxlanılır.
 
Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO