Azərbaycana qarşı kampaniyalar: sərhəd tanımayan ikiüzlülük

Azərbaycanın istənilən addımına, istənilən təşəbbüsünə qarşı başladılan kampaniyaları belə dəyərləndirmək olar: sözlər əməllərlə düz gəlmir. Yəni Azərbaycanın istənilən real fəaliyyətinə qarşı sözlər qoyulur: əsassız ittihamlar, heç bir istinadı olmayan bəyanatlar və açıq böhtanlar.

Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində Bakını müxtəlif günahlarda ittiham edirdilər. Nəticə? Sözlər elə söz olaraq qaldı, Azərbaycan isə müsabiqəni elə keçirmişdi ki, hətta sonrakı “Eurovision” müsabiqələri belə yüksək səviyyədə təşkil olunmadı.

Bundan başqa, ölkə beynəlxalq tədbirlərin keçirilməsində təcrübə, infrastruktur qazandı, ən əsası isə Azərbaycan dünyada daha çox tanınmağa başladı.

Bunu təkcə Azərbaycana gələn əcnəbi turistlər yox, xaricə gedən ölkə vətəndaşları da təsdiq edə bilər.

Şübhəsiz ki, Birinci Avropa Oyunları da bu cür olacaq. Oyunlar keçiriləcək, yarışlar üçün yaradılmış infrastruktur və turizm potensialı – bütün bunlar Azərbaycana qalacaq. Ən başlıcası isə çağırışdır – bu beynəlxalq yarışların keçirilməsində növbəti namizədlərə ünvanlanan çağırış.

Lakin Avropa Oyunlarının keçirilməsi fonunda digər fakt da önəmlidir. Avropa Oyunlarının keçirilməsinin ən fəal əleyhdarı ABŞ-dır. ABŞ nəinki başqa qitənin işlərinə açıq-aşkar müdaxilə edir, həm də Azərbaycana necə yaşamaq lazım gəldiyini öyrətməyə çalışır.

Cənablar! Kimisə öyrətməzdən əvvəl, ilk növbədə, öldürməyə son verin. Hər şeydən əvvəl isə öz vətəndaşlarınıza qarşı qətllərə son qoyun!

Bu gün ABŞ-ın bir çox şəhərlərində etiraz aksiyaları keçirilir. Bu aksiyaların hamısının ana xətti isə ondan ibarətdir ki, vətəndaşlar öz polislərindən qorxur. Sakinlərinin polisdən qorxduğu ölkə insan hüquqlarının pozulmasından danışır. Nonsens! Bilməyənlər üçün məlum olsun ki, Azərbaycanda ABŞ-dan fərqli olaraq vətəndaşları dərisinin rənginə, fərqli geyiminə və ya idmanla məşğul olduğuna görə öldürmürlər.

Azərbaycanda tarix boyu kimsə dininə, irqinə görə təzyiqə məruz qalmayıb.

Son araşdırmalar nəticəsində ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən antiazərbaycan kampaniyasının aparıldığı məlum olub.

Bu kampaniyanın keçirilməsi “National Endowment for Democracy” (NED) təşkilatına tapşırılıb.

ABŞ büdcəsindən maliyyələşən bu təşkilat uzun illər Azərbaycanda “beşinci kolon” yaratmağa çalışıb. NED özünün Qərbdəki mənbələrindən Azərbaycandakı bir sıra QHT və media qurumlarına milyonlarla dollar yönəldib.

Nəticə olaraq: Avropa Oyunlarını Azərbaycan seçməyib, Avropa Azərbaycanı seçib və ölkəmiz bu seçimi tamamilə doğruldacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO