Avropa Xəzər qazı üçün yeni kəmər tikəcək

Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan Riqada “Şərq tərəfdaşlığı” sammitində “Eastring” qaz kəmərinin tikintisi üzrə birgə bəyannamə imzalayıb.

Trend-in məlumatına görə, qaz kəməri Mərkəzi və Şərqi Avropanı birləşdirəcək.

Sənəddə deyilir: “Bəyannaməni imzalayan tərəflər bildirirlər ki, təbii qazın tədarükü, eləcə də yeni tədarük mənbələri və marşrutlarının axtarışında səylərin birləşdirilməsi üçün Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan ərazisində mövcud infrastrukturun birləşdirilməsi prosesinə dəstək verirlər. Hazırki sənəd tərəflərin yalnız siyasi niyyətini qeyd edir. Bəyannamənin heç bir müddəasını onu imzalamış dövlətlər üçün hüquqi haqların və öhdəliklərin yaradılması üçün baza kimi şərh və istifadə etmək lazım deyil”.

Qeyd olunur ki, belə enerji sisteminin yaradılması üçün “Eastring” qaz kəməri layihəsi əsas təşkil edir: “Eastring” qaz kəməri Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstanı birləşdirəcək. Bu layihənin üstünlüklərindən biri Slovakiya ərazisində mövcud “Eustream” infrastrukturunun istifadə edilməsidir. Bu infrastruktur 2009-cu il böhranından sonra tam yenilənib. Yeni boru kəmərinin buraxılış qabiliyyəti 40 milyard kubmetr genişləndirmə imkanı ilə 20 milyard kubmetr təşkil edə bilər. Yeni marşrut üzrə potensial qaz tədarükçüləri Azərbaycan, Türkmənistan, eləcə də İraq, Kipr, Rusiya və Qərb ölkələri ola bilər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO