AVCİYA “Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusunda dəyirmi masa keçirdi

Azərbaycanda ermənilərin törətdiyi “Xocalı soyqırımı”nın 22-ci ildönümü ilə əlaqədar anım tədbirlərinin keçirilməsinə başlanılıb. Ötən gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə “Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusuna həsr olunmuş dəyirmi masa da bu silsilədən təşkil edilən növbəti tədbirlərdən biri idi.
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən dəyirmi masanı “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi”nin sədri pedaqoji elmlər doktoru, professor Nadir Abdullayev açaraq Xocalı qətliamı barədə geniş məlumat verdi. Onun çıxışında xüsusilə diqqət çəkən əsas məqamlar erməni yazıçısı David Xeyriyanın qeyd etdiyi “Biz Xocalıda 1200 meyitin üstündən keçdik” kimi etirafların səsləndirilməsi və bu qətliamı törədən komandirlərin dünya erməni lobbisi tərəfindən konkret məbləğlərlə mükafatlandırılması faktları idi. Natiq çıxışının sonunda bu etiraf və mükafatlandırmaların da dünyanın diqqətini hələ yetərincə cəlb etməməsi faktından təəssüfləndiyini qeyd etdi.
AVCİYA-nın eksperti Məhərrəm Zülfüqarlı Xocalı faciəsinin baş verdiyi dönəmdə Azərbaycanda baş verən hadisələrə ekskurs edərək o zaman yaranmış situasiyanı indi Ukrayna xalqının apardığı mübarizə ilə müqayisə etdi. Onun sözlərinə görə, xalq və ölkə rəhbərliyi arasında birliyin olmaması bu faciənin törədilməsinə sadəcə təkan verib. Faciəyə görə daxildə düşmən axtarılması isə bir o qədər də həqiqətə uyğun deyil. Xüsusilə də faciəni törədənlərin kimliyi aydın olduğuna görə.
İngilis və rus dillərində çap olunan “Qolos Karabaxa” qəzetinin redaktoru Qədir Nəsirov “Xocalı qətliamı”nın statistikasının hələ də tam dəqiqləşdirilməməsini bildirdi. Dedi ki, elə ermənilərin özünün də etirafı prizmasından yanaşsaq, onların yazıçısı rəsmən “1200 türk meyitini saydığını” qeyd edirsə, bu say tərkibinə bir daha diqqət yetirilməlidir: “Təkcə bunu söyləmək araşdırmalar üçün əsas verir ki, Xocalıda öldürülən uşaqların sayı rəsmi rəqəmlərdəki kimi heç də 63 yox, 75 nəfərdir”
Dünya xalqlarının 10 dilində məlumatlar yayan karabakhinfo.com beynəlxalq elektron-jurnalının baş redaktoru Zaur Qəriboğlu Xocalı faciəsinin yerli və dünya ictimaiyyətinə çatdırılması üçün jurnal kollektivinin gördüyü işlərdən danışdı. O, Xocalı, özəlliklə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin aktiv olmasının vacibliyini xüsusi qeyd etdi.
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi”nin icraçı direktoru Rüfət Muradov indi aparılan məqsədyönlü siyasət nəticəsində “Xocalı soyqırımı”nın artıq 7 dövlət və ABŞ-ın 14 ştatı tərəfindən tanındığını bildirdi.
Tədbirin sonunda Qarabağ yazılarına görə bir neçə jurnalistə “Təşəkkürnamə”lər təqdim edildi.

AVCİYA Mətbuat Xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO