AVCİYA 20 Yanvar hadisəsini müzakirə etdi

20 Yanvar hadisələri ilə bağlı bir çox mətləblərə hələ də aydınlıq gətirilməyib. Bu fikirlər ötən gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Beynəlxalq Mətbuat Mərkəzində təşkil etdiyi dəyirmi masada səsləndirildi.
AVCİYA-nın vitse-prezidenti, tədbirin moderatoru Vəli Əlibəyovun geniş giriş nitqindən sonra söz 20 yanvar hadisələri ilə bağlı o zaman yaradılmış istintaq qrupunun üzvü, hüquq elmləri doktoru, professor Kamil Səlimova verildi. K.Səlimov istintaqın gedişiatı, gedişiat zamanı üzə çıxan problemlər, eləcə də istintaqın və hadisənin baş vermə səbəbləri ilə bağlı gəlinən nəticələr barədə məlumat verdi.
20 yanvar hadisələri zamanı Moskvada media işçisi kimi fəaliyyət göstərən Altay Zahidov isə həmin günlərdə SSRİ-nin paytaxtında qanlı hadisə ilə bağlı baş verənlərə diqqətləri çəkdi. Digər tanınmış jurnalist Ənvər Qafarlı hadisələrin cərəyan elədiyi Bakıda baş verənlər – televiziyanın enerji blokunun partladılması, bu səbəbdən yaranan informasiya blokadası və şəhərin mərkəzində əsgərlərin zirehli texnika ilə hərəkət etməsi, insanların ləyaqətini alçaltmaları, təsadüfi yol keçənləri gülləboran etmələri və s. Barədə məlumat verdi.
Şair Musa Yaqub isə o dövrdə informasiya blokadasının yarılmasnda Azadlıq radiosunun əməkdaşı Mirzə Xəzərin rolunun çox böyük olduğunu bildirdi. Sonda çıxış edən professor Çingiz İsmayılov isə konkret faktlarla 20 Yanvar və SSRİ-nin dağılması prosesi ilə bağlı paralellər aparan Rusiya mediasında indi də həqiqətlərin təhrif olunmasından və təəssüf ki, azərbaycanlıların bu yazılara qarşı passiv mövqeyinin hələ də davam etdiyindən danışdı.
Dəyirmi masa iştirakçıların fikir mübadiləsi ilə davam etditildi.
SAMF

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO