Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin onu tənqid edən gənc yazarlara “525-ci qəzet”də həcv dərc etdirməsi ədəbi kəsimdə birmənalı qarşılanmayıb. Daha sonra qarşı tərəfin də mətbuatda Anara cavab yazması iki gündür ədəbi dairələrin müzakirə mövzusuna çevrilib. Modern.az saytı da olaya tanınmış yazarlardan münasibət öyrənməyə çalışıb.
Amma yazıçılar Salam Sarvan, Seyran Səxavət, Rasim Qaraca, şair Musa Yaqub, Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu bu haqda danışmaq istəməyiblər.
Yalnız Əkrəm Əylisli və Aqil Abbas məsələylə bağlı açıqlama verməyə razı olublar.
Yazıçı, deputat Aqil Abbas bu məsələyə öz münasibətini belə bildirib: “Anar böyük insandır. Azərbaycan ədəbiyyatının böyük yazıçılarından və böyük şəxsiyətlərindən biridir. Mən “525-ci qəzet”də onun yazdığı həcvi oxuyanda təəssüf hissi keçirdim. Bu yazı bir neçə saytlarda yayımlandı və adları belə bilinməyənlər Anar müəllimin yazılarına şərh bildirdi. Mən istəməzdim ki, Anar müəllim belə bir yazını yazsın. Bu yazını oxuyanda bir az əsəbləşirəm və bir az da pis oluram. Anar müəllimin özündən 50 yaş kiçik olanlara belə cavab verməsini qəbul edə bilmirəm. Anar müəllim elə Anar müəllimdir.
Anar müəllim intellektual insandır və bu həcvi yazmamalı idi. Bütün dünyada keçmişi vurmaq var, keçmişin əleyhinə yazmaq var. Anar müəllimə qarşı yazan cavan uşaqlardan birinin problemi ola bilər, birinin əsəbi bəlkə yerində deyil, yəni hər şey ola bilər. Anar müəllim bu yazını yazmaqla məncə düzgün etmədi. Amma Mirzə Cəlildən sonra yumoristik yanaşma ancaq Anar müəllimin yazılarında var. Onun gənclərə bu cür cavab verməsini istəməzdim. Mən Anar müəllimin əleyhinə bir fikir ya bir yazı yazılanda pis oluram. Təəssüf ki, bütün saytlarda bu məsələni geniş müzakirəyə çevirdilər”.
Xalq yazıçısı Əkrəm Əylisli də yaşlı və cavan nəsildən olan yazarlar arasındakı intriqanın bu şəkildə alovlanmasından dərin təəssüf hissi keçirdiyini bildirib: “Mənim bu məsələyə təəssüf hissi doğuran acınacaqlı bir münasibətim var. Birinci ona görə ki, Anar müəllimin belə bir həcvi yazmasını yaxşı qarşılamadım. Hansısa bir məsələni şişirtməmək əvəzinə işi daha da bulandırmağa bənzədi.
İkinci təəssüf hissi ona görə keçirdirəm ki, mən Anarla uzun illər çox yaxın dost olmuşam. Və o mənim bir sıra ümidlərimi doğrultmadı. Amma şəxsi planda heç vaxt Anara qarşı heç bir kinim olmayıb. Amma indi bir baxın ki, onun ətrafında səmimi bir insan qalmayıb ki, ona desin ki, əzizim bunu belə eləmək olmaz. Sənin cəmiyyətdəki mövqeyinə yaraşmır. Adına yaraşmır bu şeir. İkincisi adama deyərlər, bu şeir ki, sən yazmısan indi orta məktəb şagirdləri də bu səviyyədə şeirlər yazır. Bu şeir heç olmasa bir şeirə bənzəsəydi, deyərdim ki, hə, onun ürəyindən şeir yazmaq keçib. Onu da eləyib. Amma bu şeir çox zəifdi. Anar müəllimin belə bir şeir yazacağını heç vaxt düşünməzdim”.