ANS-in qeydiyyatdan keçməsindən 20 il ötür

Bu gün Azərbaycan məkanında, o cümlədən də keçmiş Sovet ölkələri arasında ilk özəl, müstəqil telekanalın qeydiyyatdan keçdiyi gündür.

SalamNews anspress.com saytına istinadən xəbər verir ki, ANS qeydiyyat üçün etdiyi müraciətə 1992-ci ilin martın 9-da müsbət cavab alıb. Amma bu günə aparan yollar heç də hamar olmayıb. ANS-in təsisçiləri Vahid, Seyfulla Mustafayevlər və Mirşahin Ağayev hələ 1991-ci ilin noyabr ayından, efirə ilk dəfə çıxandan sonra belə qərar verirlər ki, şirkət regionda ilk müstəqil telekanal kimi rəsmi qeydiyyatdan keçməlidir. Bir sıra rəsmi qurumlarla danışıqlar başlanır. Amma nəinki Azərbaycanda, ümumiyyətlə Sovet İttifaqında müstəqil televiziyanı qeydiyyata almaq mexanizmi olmadığından müxtəlif qurumlardan müxtəlif bəhanələr gəlir.

Ədliyyə Nazirliyi isə ölkədə yeni müstəqil televiziyanın açılması üçün dövlət televiziyasından icazə almağı təklif edib. Beləliklə, 1992-ci il martın 9-da ANS təsisçilərinin müraciətinə müsbət cavab verilir. Fəaliyyətinə “Xəbərçi” ilə başlayan ANS bu gün yeni proqram və verilişləri ilə tamaşaçılarının qarşısındadır.

Hazırda Azərbaycanda fəaliyyət göstərən televiziyalar 3 hissəyə bölünür. Bunlar bütün ölkə üzrə yayımlanan, ayrı-ayrı regionları əhatə edən və son vaxtlarda yaranan kabel televiziyalarıdır. Birinci kateqoriyaya, yəni ölkənin bütün ərazisində yayımlanan 8 telekanal daxildir. Onların içində ilk olaraq 1955-ci ildə yaradılan və 14 fevral 1956-cı ildə yayıma başlayan Azərbaycanın Dövlət Teleradio Verlişləri Şirkəti də var. Bu dövlət telekanalından sonra Azərbaycanın və ümumiyyətlə MDB-nin ilk özəl teleşirkəti olan ANS 1992-ci ilin bu günündə müstəqil telekanal kimi fəaliyyətə başlayıb və özündən sonra yeni müstəqil telekanalların yaradılmasına yol açıb. Belə ki, 5 illik fasilədən sonra, 1997-ci ilin yanvarın 10-da ölkə ərazisini əhatə edən ikinci müstəqil televiziya, “Space” televiziyası yaradılıb. İki il sonra Azərbaycanın teleməkanına daha bir telekanal daxil olur. Bu, 28 dekabr 1999-cu ildə yaradılmış “Lider” televiziyasıdır. XXI əsrin ilk illərində, daha bir kanal öz verilişləri ilə Azərbaycan tamaşaçılarının ixtiyarına verilib. Bu, 25 dekabr 2002-ci ildən fəaliyyətə başlayan “Azad Azərbaycan” telekanalıdır. Növbəti, Azərbaycan Dövlət Televiziyasının 2-ci kanalının bazasında yaradılmış və 29 avqust 2005-ci il tarixində fəaliyyətə başlamış “İctimai” televiziyasıdır. Daha sonra isə 2007-ci ildə “Xəzər” televiziyası yaranıb.

Azərbaycanda hazırda mövcüd olan telekanalların ən gənci “ATV İnternational”dır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO