ANS telekanalı tanınmış telejurnalist Mirşahin Ağayevin müəllifi olduğu “Ən yeni tarix” telelayihəsini bir müddətdir yenidən bərpa edib. Vaxtilə populyar bu verilişə indi münasibət necədir? “Ən yeni tarix” telelayihəsində tarix olduğu kimi yazıla bilirmi? Bu müəllif proqramı geniş tamaşaçı auditoraiyasınının diqqətini yenidən cəlb edibmi?
Deputat Fazil Mustafa bu verilişin tamaşaçılarından biridir. Onun sözlərinə görə, telelayihədə son dövrlərin tarixi, bir nəslin gözü qarşısında baş verənlər canlı iştirakçılarının dilindən araşdırılır ki, burada da bir sıra maraqlı məqamlar ortaya çıxır.
“Əvvəla mən buna normal yanaşıram. Hesab edirəm bu telelayihəni daha da mükəmməlləşdirmək olar. Bununla belə veriliş indiki Azərbaycan şərtlərində, o cümldən efir məkanının indiki imkanları hüdudlarında müsbət bir addımdı. Orada xoşuma gəlməyən və qəbul eləmədiyimiz görüşlər belə, yer alırsa, bunun heç bir ziyanı yoxdur. Əksinə, bu müzakirələr bəzi həqiqətlərin üzə çixmasına imkan yaradır”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin isə sözügedən verilişlə bağlı konkret fikirləri yoxdur: ”Bu verilişi mütəmadi olaraq izləmək imkanım yoxdu. Son dəfə nə zaman izlədiyimi də unutmuşam. Ona görə konkret münasibətimin necə olduğunuda deyə bilmərəm. Mirşahin Ağayev Azərbaycanın çox istedadlı telejurnalistidir. Bunu heç kim dana bilməz və birmənalıdır. Ola bilsin ki, onun hansısa bir hadisəyə subyektiv baxışı var, yanaşması fərqlidir. Jurnalistin hadisəyə yanaşması fərqli ola bilər. Ancaq hesab edirəm ki, tarixə münasibətdə ədalətli olmaq lazımdır. Fərqi yoxdur, sən o tarixi hadisələrin iştirakçısısan, ya iştirakçısı deyilsən. Bu baxımdan da istər ən yeni tarix olsun, istərsə də ən qədim tarix olsun. Tarix olduğu kimi yazılmalıdır və olduğu kimi də görüntülənməlidir. O ki qaldı Mirşahin bəyin “Ən yeni tarix” proqramına münasibətə, son vaxtlar ümumiyyətlə telekanalları izləmək imkanında olmuram. Yalnız xəbərləri izliyirəm və informasiya alıram”.
Teletənqidçi Zeynal Məmmədli: ””Ən yeni tarix” verilişi tarixdəki önəmli məqamlar barədə, auditoriyanın hələ unutmadığı, gözü önündə olmuş, amma üstündən zaman keçmiş məsələlər haqqında bir fikir mübadiləsidir. Yəni o verilişin belə bir ideyası yoxdu ki, “ancaq mən deyən doğrudu, mən deyən tarixdi”, o sadəcə ictimai rəy yaratmaq, ictimai diskussiya aparmaq ücün bəhanə verir və mən bu baxımdan həmin proqramı normal sayıram. “Ən yeni tarix” Azərbaycanın çağdaş tarixi üçün çox önəmli məsələlərə ictimai diqqəti cəlb edirsə, bunu polemikaya çevirirsə, unudulmuş tarixin üzə çıxarılmasını hədəf götürürsə, bu çox yaxşıdı. O başqa məsələ ki, bu veriliş nə dərəcədə peşəkar hazırlanıb, nə dərəcədə dürüst hazırlanır, nə dərəcədə müxtəlif siyasi gücləri təmsil edir, cəmiyyətin ən müxtəlif kəsimlərini nə dərəcədə təmsil eedir və s. Ümumilikdə bu cür verilişlər disskussiya xarakterli olduğu üçün çox önəmlidir”.