Angela Merkelin tarixi səhvi və ya sülhsevər siyasətin fiaskosu

Rüfət Əhmədzadə – Trend:

Öz xalqının problemlərini başqa xalqların haqqına girməklə həll etməyə adət etmiş erməni başbilənləri bu gün sevinc içindədir: Almaniyada qondarma “erməni soyqırımı”nın tanınmasında kansler Angela Merkel öz dəstəyini vəd edib.

Bu xəbər “demokratik dünyada misli görünməmiş təntənə ilə qarşılanıb”. Və nəhayət, “demokratik dünya”nın bərkgedən siyasətçiləri də anlayıb ki, bu qədər problem arasında bir problem də çıxarılsa, heç bir zərəri olmaz. Amma bunu “problemi aradan qaldırmaq” adı ilə etmək lazımdır ki, ictimaiyyəti aldatmaq asan olsun.

Avropa Parlamentinin “sülhməramlı” qətnaməsindən sonra Türk dünyası heç gözləmədiyi halda qarşısında Almaniyanı və onun kanslerini gördü. Onsuz da, türkün öz yanında türkdən başqa kimisə görməsi çox nadir hadisədir… Yüzdə bir, mində bir hadisələrdən.

Lakin Almaniyanın belə bir avantüraya gözüyumulu getməsi anlaşılmazdır, həm də qəbuledilməz. Bizim üçün demirəm; Türk dünyası ədalətsiz yanaşmalara öyrəşib. Söhbət xanım kanslerin öz xalqına, öz ölkəsinə və uzun illər boyu yürütdüyü siyasətə qarşı etdiyi xətadan gedir.

Angela Merkel dünyada ən nüfuzlu siyasətçilərdən hesab olunur. Onun reytinqi də yetərincə müsbət sayıla bilər. Ukrayna böhranının həlli üçün çalışması, danışıqlarda fəallıq göstərməsindən başqa, yaxın aylarda islamofobiyaya qarşı atdığı addım da qeyd olunmalıdır. “Charlie Hebdo” qəzetinə hücumdan sonra Fransa və Almaniyada antiislam aksiyaları qızğın şəkil almışdı. Artıq üfüqdə qarşıdurmalar və iğtişaşlar görünürdü. Lakin xanım kansler tolerantlıq, həmrəylik nümayiş etdirib avropalı xristianları təxribatlardan çəkinməyə çağırdı. Bunun özü tarixi təşəbbüs sayıla bilər.

Lakin Almaniyanın hökumət başçısı əsas məsələni unudur. Əgər söhbət 1915-ci il hadisələrindən gedirsə, həmin ildə Osmanlı İmperiyasının Gelibolu (Çanaqqala) cəbhəsində alman zabitləri də var idi, onlar türklərin öz vətənini qoruması üçün təlimçi və məshələtçi kimi çıxış edirdilər. Lap dərinə getsək, Osmanlının bu savaşa girməsində daha çox Almaniya İmperiyasının rolu olub. Lakin Almaniya tarixindən danışarkən bütün xətaları indiki Almaniya hökumətinin üzərinə də yıxmaq olmaz… Sözün canı başqadır: o dövrdə nələrin baş verdiyi almanlara daha yaxşı məlum olmalıdır. Və şübhəsiz ki, əgər Almaniyada arxivlər sağ-salamat qalırsa, xanım Merkel əl uzatmaq, üzə çıxartmaq üçün yetərincə fakt tapa bilər.

Avropada türklərin ən çox yaşadığı ölkə də Almaniyadır. Bu ölkənin siyasi, ictimai, iqtisadi və mədəni həyatında yetərincə fəal çıxış edən, ölkənin qanunlarına daim sədaqət nümayiş etdirən türklər sarsılmasın, nə etsin? Tarixi hadisələri araşdırmadan qiymət vermək ədalətsizlik, haqsızlıq deyilmi?

Və bununla, Angela Merkelin yürütdüyü (və ya yürütdüyünə iddia etdiyi) sülhsevər siyasət fiaskoya uğramırmı?

Bu tarixi səhvlə xanım kansler heç bir problemi həll edə bilməyəcək, əksinə, bölgədə və dünyada yeni problemlərin çıxmasına bir “töhfə” verəcək.

İndidən “təbrik edirəm”!..

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO