“Anasız dilimiz, yaxud «Qorxunc Əlifba» nın davamı…”

Orta məktəb dərsliklərimiz barədə son illərdə yazılan, deyilən tənqidi fikirləri, qüsur və iradları bir yerə toplasaq, yəqin ki, iri həcmli, bəlkə də çoxcildli kitab alınar. Az qala, bütün cəmiyyətin – dərslik fəsadlarından əziyyət çəkən valideyn və müəllim zümrəsi ilə yanaşı, sıravi vətəndaşların da qoşulduğu bu ayarlayıcı və aşkarlayıcı prosesin son ucda gözlənilən nəticəni verməməsi, neçə illərdən bəri göz ağrıdıb ürək dağlayan dərslik zülmətinin heç cür işıqlı müstəviyə çıxa bilməməsi, az-çox vətəndaşlıq heysiyyəti olan hər kəsdə təbii narahatlıq və həyəcan hissi doğurmaya bilmir.

Bir vaxtlar, daha dəqiq desəm, 2005-ci ildə bütün keyfiyyətləri və cəhətləri ilə ana dilimizin, mili-mənəvi dəyərlərimizin əleyhinə işləyən, şeir və və oxu mətnlərinin absurdluğu, tapşırıq və məşğələlərinin primitivliyi və naqisliyi ilə millilik, maarifçilik və vətəndaşlıq heysiyyətini heçə endirən «Əlifba» dərsliyi haqqında yazdığım «Qorxunc Əlifba» məqaləsi bu bədnam kitabın təhsil dövriyyəsindən çıxarılmasına təkan vermişdisə də, son dövrlər mətbuat səhifələrində, internet portallarında adı çəkilən dərsliklə bağlı yaranmış mübahisələr, TQDK ekspertlərinin kitabın yararsızlığına dair ortaya qoyduğu 120 qüsur, bu qüsurlarla razılaşmayan tərəflərin mövqeyi və sair, bu mövzuya yenidən qayıtmağın, ümumtəhsil sisteminin beşiyi sayılan bu dərsliyə bir daha nəzər yetirməyin vacibliyini gündəmə gətirdiı.

Azərbaycan dili dərsliyi – 1

(Altun kitab nəşriyyatı – 2012, müəlliflər R. İsmayılov, S. Abdullayeva, G.Orucova, D.Cəfərova)

İlk əvvəl dərsliyin adı barədə. Əsasən, ayrı-ayrı hərflərin, daha sonra sözlərin yazılışını və oxunuşunu öyrədən bu sayaq şəkilli kitabın ənənəvi «Əlifba» adının dəyişdirilib, «Azərbaycan dili» ilə əvəz edilməsinin nə məqsəd daşıdığı mənə aydın olmadı. Öz təyinatı üzrə xəttlər, hərflər və illüstrasiyalar əsasında tərtiblənmiş belə bir ibtidai uşaq kitabının, elmi-akademik məna daşıyıcısı olan, dilin qrammatik özəlliklərini, düzgün işlənmə qaydalarını, üslub və imkanlarını öyrədən dil kitabı kimi təqdim etməyin səbəbi nədir?.. Əgər dərslik müəllifi bu formatlı kitabı məhz dil kitabı hesab edirsə, (hərçənd ki, istənilən halda bu, belə deyil) o halda dərsliyin adını, uşaqlarda kitaba maraq və doğmalıq yaradacaq «Ana dili» ilə əvəz edə bilməzdimi?

Daxili məziyyətlərə gəlincə, dərslik ilk baxışda tamamilə fərqli tərtibdə işlənmiş, forma və məzmun etibarı ilə yenilənib 2005-cı ilin «Qorxunc Əlifba» sıyla müqayisədə bir xeyli mükəmməlləşmiş təsiri bağışlasa da, onunla yaxından tanışlıq gözlənilən səviyyənin yenə də əldə olunmadığını, dərsliyin, yenə əvvəlki qaydada, balaca azərbaycanlının həqiqi Ana dili kitabına çevrilmədiyinin acı mənzərəsini üzə çıxarır.

İlk əvvəl ondan başlayaq ki, dərsliyin ümumi maarifçilik durumu həmişəki kimi, yetərsizdir. Bir çox şeir və oxu mətnləri məzmun və məna baxımından kasad, dil və üslub baxımından qüsurludur. Tapşırıqlarda rast gəlinən orfoqrafik, morfoloji xətalar, şərtlərin altı yaşlı uşaq qavrayışına hesablanmayan mürəkkəbliyi, bəzi hallarda isə ümumiyyətlə, müəmmalığı, şəkil və illüstrasiyaların tapşırışq şərtlərinə uyğunsuzluğu, bəzi hallarda isə anlaşılmazlığı və sair bu kimi hallar yenə təəssüf doğurur.

Digər, daha acı təəssüfü isə, TQDK ekspertləri tərəfindən kitaba dair tapılan qüsur və xətaları xırda və əhəmiyyətsiz hesab edən, yaxud, onları öz qəribə mülahizələri ilə heçə endirməyə çalışan dərslik müəllifinin mövqeyi doğurur. Lakin söhbət – təhsilə, maarifə, yazıya və oxuya sevginin, marağın bünövrəsini qoyacaq hardasa müqəddəs Kitabdan – insanın, öz həyatı boyu bundan sonra rastlaşacağı bütün kitabların əcdadı «Əlifba» dan gedir və burda məncə, hər hansı mübahisənin, özünütəsdiq yarışının yeri yoxdur.

Kitabın üstün tərəfləri barədə deyilməsi vacib olan məqam – bir vaxtlar bərbad şeir nümunələri ilə dərslikdə yer almış Qiyas Əcayib, Yəhya Kərimov (dərsliyin keçmiş müəllifi), Rafiq Yusifoğlu, Emin Mehtiyev və digər bu kimi, ədəbiyyata aidiyyatı olmayan imzaların, M.Ə. Sabir, A. Şaiq, H. Arif, N.Həsənzadə, N. Xəzri, T. Mütəllibov, Z.Xəlil, X Əlibəyli kimi, tanınmış ədiblər və onların şeirləri ilə əvəz edilməsi, həmçinin, format və dizayn tərtibinin, əvvəlki kitabdan fərqli olaraq, uşaq dünyası üçün maraqlı və cazibədar rənglər və elementlərlə işlənməsidir. Lakin ümumi bağlayıcı qayənin yoxluğu, uşaq dünyasıyla ünsiyyət qurmaq, onun qəlb dünyasına yol tapmaq cəhdlərinin uğursuzluğu, həmçinin, məzmun və məna miskinliyi, dil və ifadə naqisliyi, tapşırıq və mətnlərin tədris keyfiyyəti baxımından qüsurluluğu əvvəlki qaydasında – «orta ağır vəziyyətdə» qalmağındadır.

Yoxlamanın yekun rəyinə gəlincə, TQDK ekspertlərinin bəzən daha əsaslı və ciddi qüsurları bir kənara qoyub, xırda orfoqrafik xətalarla bağlı hədsiz təfərrüatçılığa vardığı, mətnlərdə işlənən bir sıra söz və ifadələrin daha uğurlu variantlarda təqdim edilməsi kimi, lüzumsuz iradları da nəzərə çarpır. Lakin ümumilikdə, dərslik üzərində yetərincə iş aparıldığı, tapılan irad və qüsurların həqiqi iradlar və qüsurlar olduğu göz qabağındadır.

Yerin məhdudluğunu nəzərə alaraq, onlardan yalnız bir qismini nəzərinizə çatdırmaq istəyirəm.

Kitabın, dərs günlərinin ilk həftəsinə təsadüf edən 13 – cü səhifəsində dialoq xarakterli müxtəlif şəkillərin yerləşdirildiyi tapşırığın şərti belədir: «Şəkillərə uyğun nitq etiketləri seç». (Bəlkə uşaqların, elə müəllimlərin özünün də asanlıqla başa düşəcəyi «Şəkillərə uyğun sözlər qur»? – A.Məs.)

Hələ yalnız hərflərin yazılışını öyrənən altı yaşlı uşaq üçün seçilmiş bu elmi-akademik ifadənin dərslikdə hansı məntiqlə yer aldığı haqlı təəccüb doğurur. Dərslik müəllifi isə bu şərtin uşaqlar üçün yox, müəllimlər üçün yazıldığını bildirir və bununla bağlı dərsliyə əlavə olunan MMV-yə (Müəllimlər üçün Metodik Vəsaitə) baxmağı məsləhət görür. Lakin nəzərə alsaq ki, kitaba əlavə edilən həmin bu MMV satışa buraxılmır, yalnız orta məktəb müəllimlərinə, üstəlik də pulsuz paylanır və bu səbəbdən, nəinki, valideynlərə, çox vaxt müəllimlərin özlərinin də hamısına çatmır, burda məsələ bir az da qəlizləşir.

Sözü gedən bu tapşırığın digər müəmması – «nitq etiketlərinin seçilməsi» tələb olunan şəkillərdən birinin məzmunu – ağacdan alma dərən tənha uşaq rəsmidir. Uşaqların, bu şəklə dair hansı «nitq etiketinin» seçəcəyi məlum deyil.

Bunun ardınca gələn 15-ci səhifədəki tapşırığın şərti daha müəmmalıdır. Məntiqi və quruluşu baxımından bu tapşırığın həlli yolunu tapmaq, nəinki, altı yaşlı uşaq, böyüklərin özü üçün də, elə də asan başa gələn məsələ deyil. Belə ki, həm rəngləri, həm növləri, həm ölçüləri və hətta pozaları ilə bir-birindən fərqli olan fil, dəvəquşu, pələng və kenquru şəkilləri yerləşdirilmiş bu tapşırığın şərti belədir: «Dördündən biri fərqlidir». (?)

1-ci sinif şagirdinin qarşısında bu cür dolaşıq tələblərin qoyulmasını ciddi irad sayan ekspertlərə isə dərslik müəllifinin özü belə cavab verir:

«Bu yaşda uşaq quşu heyvandan ayıra bilir, amma kenqurunun kisəli heyvan olduğunu bilmir. Əgər sinifdə beləsi varsa və bu tapşırıqda başqa qanunauyğunluq tapa bilirsə, müəllim yalnız onu alqışlamalıdır (Əgər kimsə bu izahatdan bir şey anlayırsa, alqış məhz ona düşür. – A.Məs.) və bilməlidir ki, yanaşmadan asılı olaraq, bu cür tapşırıqların bir neçə cavabı ola bilər.»

Hörmətli dərslik müəllifi, əgər bu tapşırıq, həqiqətən, dediyiniz kimi, çoxcavablılığı nəzərdə tutursa, olmazdımı ki, onun şərti: «Şəkildə təsvir olunanları fərqləndir» kimi, sadə və aydın dildə yazılaydı?..Yaxud, 21-ci səhifədəki «Qızların adlarını tap» şərtli «tapmaca-tapşırıqda» ayrı – ayrılıqda verilmiş dörd qız şəklinin adlarını açıqlayacaq rəsmlərdən birində gül və nar (yəni «Gülnar»), digərində ay və tac (yəni «Aytac»), digərində isə göz və əl şəkli çəkilib. Müəllifin təbirincə bu, «göz» və «əl», yəni «Gözəl» deməkdir.

Lakin «Gözəl» adının, yaxud, sözünün mənası göz və əldirmi?.. Yaxud, «a» hərfinin öyrənilməsi səhifəsinə yerləşdirilmiş bu «Gözəl» sözünün «a» hərfinə hansı aidiyyatı var?..

Eynilə bu sayaq əcaibliyə dərsliyin 24-cü səhifəsində – «ə» hərfi keçilən şəkildə də rast gəlinir. 1, 2, 3 rəqəmləri ilə fərqlənən qalibiyyət pyedestalının birinci pilləsində dayanan balaca idmançının sinəsindən medal əvəzinə asılmış «Ən» sözünün də hansı məna daşıyıcısı olduğu anlaşılmır. Birincinin də «ən» i olur?.. Yoxsa, dilimiz «ə» hərfi işlənən sözlərin qıtlığından əziyyət çəkir? Yoxsa, bu əziyyəti dərslik müəllifinin özü çəkir?..

Dərsliyin «o» hərfi keçilən 44-cü səhifəsindəki şərti olmayan (?) tapşırıqda verilmiş insan üzlü çəhrayı yumurta şəklinin və onun kənarlarına yığılmış müxtəlif rəngli hərflərin hansı məna daşıdığını anlamaqdan ötrü də baş sındırmaq lazımdır. İnsan düşünür ki, əgər bu yumurta şəkli ətrafına yığılmış hərflər «o» hərfinin işlənəcəyi sözləri yaratmaq məqsədi daşıyırsa, nə «yumurta» sözünün özündə, nə də onun qaş-gözünə dair «qaş», «göz», «ağız», «burun» sözlərində «o» hərfi yoxdur. Yox, əgər bu çəhrayı yumurtanın özü «o» hərfidirsə, o halda niyə bu «O», uşaqlarda çaşqınlıq yaradan ağız-burunlu, göz-qaşlı verilib?..

Müəllifin altı yaşlı şagirdlər üçün hazırladığı tapmacalar bununla bitmir. Dərsliyin «r» hərfi keçilən 36-cı səhifəsində «r» hərfinin işləndiyi raket və çətir şəkillərinin arasında böyür-böyürə dayanan iki ədəd yastı qəmbər daşı, yaxud, çovdar çörəyini andıran şəklə aid üç daması bağlı sxemdə verilmiş «a r t» hərflərinin mənasını anlamaq da bir o qədər də asan məsələ deyil (və olsun ki, dərslik müəllifi bununla da bağlı MMV yə müraciət etməyi tövsiyə edəcək. – A. Məs.) və əgər müəllim uşaqlara bu «a r t» ın «kartof» sözü olduğunu və şəkildə təsvir olunanın məhz iki ədəd kartof olduğunu izah etməlidirsə, onda o, alt hissəsi müstəviyə oturan bu yastı tərəvəzin, kartofun hansı növündən olduğunu aydınlaşdırmalı olacaq.

Dərsliyin 21-ci səhifəsində «Ağaclar» sərlövhəsi altında verilmiş şəkildə, adından göründüyü kimi, ağacların ön planda olmasının əvəzinə, niyəsə, arxa plana keçirilərək, bir çoxunun yalnız gövdə hissəsinin, digərlərinin isə yan budaqlarının görünməsi, əlvan geyiml uşaqların və müəllimənin isə ön plana çəkilərək, şəklin əsas məna daşıyıcısına çevrilməsi də sual doğurur.

Dərsliyin daha faciəvi tərəfi isə, burda yer almış mətnlərdir. «Bayramlar ayı» adlandırılmış mətni olduğu kimi, nəzərinizə çatdırıram. (səh. 43)

BAYRAMLAR AYI

«May ayı bayramlar ayıdır. (Hansı bayramlar, bilinmir və müəllif yenə MMV yə müraciət etməyi məsləhət görür. – A. Məs.) Bayramların birində (hansında? – A. Məs.) ailə talada idi (Bayram hara, tala hara? Bəlkə sovetin 1 May bayramının «mayovkası» nəzərdə tutulur? – A.Məs.). Bayram atın yalını darayırdı. (Fikir verin: «Bayramlar ayı» adlanan mətnin baş qəhrəmanın adı da, tərs kimi, Bayramdır. – A. Məs.) Aydın tayanın yanında yatırdı. (Nə yaman şən bayram əhval-ruhiyyəsidir? – A.Məs.). (Ən fenomeni «Bayramlar ayı» nın finalıdır. – A. Məs.) Ayan ilə Maya da talada idilər». (?)

Mətnin məna və məzmun məziyyətləri barədə, elə bilirəm, əlavə şərhə ehtiyac yoxdur.

45-ci səhifədə verilmiş «Yardım» mətni də diqqəti, məna və məzmun, Azərbaycan dilinin norma və qaydalarının «mükəmməlliyi» baxımından çəkir. Bu mətni də olduğu kimi nəzərinizə çatdırıram

YARDIM

«Yay idi. Ramil Boran adlı iti ilə dərədə oynayırdı. ( Niyə dağda, çəmənlikdə, meşəlikdə, dəniz sahilində yox, məhz dərədə? – A. Məs.) Birdən Boran dayanıb otları iylədi, talaya boylandı.

– Nədir? – Ramil dilləndi.

Talada olan yaralı bir dovşan idi. (Cümlə azərbaycan dilində deyil. – A. Məs.) Ramil yaralını (sanki söhbət müharibədə güllə yarası almış əsgərimizdən gedir. – A.Məs.) əlinə alıb Bayram babanın yanına yollandı (Fikir verin, yenə Bayram. Bu dəfə baba qismində. Müəllif ad sarıdan da əziyyət çəkir – A.Məs.) Baba yaranı (kimin yarasını?- A.Məs.) yodladı, dərmanladı. İndi dovşan taladadır.»

Dərsliyin 89-cu səhifədə «Mətni üzündən köçür» (bəlkə sadəcə, «Mətni köçür»? – A.Məs.) şərtli tapşırığa verilmiş mətni də olduğu kimi nəzərinizə çatdırıram:

KÜLƏK NƏDİR

Rauf küləyin nə olduğunu bilmirdi. Nənəsi onu bağçaya apardı. Külək uğuldayır, yarpaqlar tərpənirdi. Nənənin yaylığı yellənirdi. Rauf küləyin nə olduğunu başa düşdü. (Təbiətin ən möhtəşəm hadisələrindən biri olan küləyin təyinatı budurmu?.. – A.Məs.)

Dərslik bu sayaq məna və məzmun, dil və ifadə üslubu baxımından qüsurlu mətn və tapşırıqlarla doludur. Bu mətnlərdə balaca uşaqların yaşlarına uyğun olmayan ifadələrlə danışması da insanda bəzən ikrah, bəzənsə gülüş doğurur.

«Gəzinti» mətnindən: (Səh. 33).

Tələt:

– Ata, mənə təyyarə al. Mətanətə at al.

Mətanət:

– Nə at? Mən at minənəm? (?)

Bu və digər baxımdan qüsurlu olan növbəti mətni – dərsliyin 49-cu səhifəsində yer almış «Nurlan» adlı oxu parçasını da, olduğu kimi, nəzərinizə çatdırıram:

NURLAN

«Nuru baba bostanı sulayırdı. Birdən o dayanıb (baba bostanı sulayarkən, məgər yol gedirdi? Bəlkə «əl çaxlayıb»? – A. Məs.) Nurlanı səslədi. Nurlan barının (bəlkə daha işlək söz olan «çəpər» i seçəydik? – A.Məs) yanında oynayırdı. O, babasına sarı boylanmadı. (Bəlkə «babasına səs vermədi»? A.Məs.) Anası Nurlana:

– Utanmırsan, Nurlan? (Babasının səsini, sadəcə eşitməyən Nurlan nədən utanmalıdı? – A.Məs.) Baban səni səsləyir, sən isə ona əl tutmursan. (Adamı səsləyənə əl tutarlar, yoxsa, hay verərlər? – A. Məs.)

Nurlan tutuldu, bu əməlindən utandı, (?) o saat babasının yanına yollandı.

Nurlan:

-Nuru baba, nə buyurursan? (Bu, uşaq danışığıdırmı? Nurlan: «Şah sağ olsun» desəydi, müraciət «daha münasib» olardı. – A.Məs.)

Bir də axı niyə mətn uşaqların diqqətini, babasını eşitsə də, özünü eşitməzliyə vurmaq kimi, saf uşaq təbiətinə xas olmayan, xoşagəlməz insan naqisliyinə yönəldir? Və niyə dərslik başdan-başa valideynlərinə, qoca nənə-babalarına laqeyd, tənbəl, cığal, pəltək, pinti, zəif görmə qabiliyyətli uşaqlarla doludur?..

Nənəsinin: «Al, 10 manat. Mənə nanə ilə ət al» (balaca nəvəsinə ət aldıran nənənin özü də qəribədir – A.Məs.) deyən nənəsinə laqeyd olan Nəbi (səh.35), «r» hərfini deyə bilmədiyindən adının «kələm» səslənəcəyindən ehtiyat edib, adı soruşularkən, susan Kərəm (səh.94), kostyumuna ləkə salan Kərəm (səh.51) (yenə Kərəm – A.Məs.), nənəsinin eynəyini axtarmaq istəməyən Sənan (səh.90), gözləri pis gördüyündən həkimə gedən Orxan (səh.91.), çörəyin qədrini bilməyən, tikələrini kolluğa atan Çingiz (səh.77), saat 11 olsa da, balaca bacısı yatmış otaqda oyuncaqlarla oynayan Samir (səh. 47), yeməkdən qalan zibilləri dənizə tullayan Zeynal (səh.47), barmağının əyildiyini bəhanə gətirib sinifdə dərs yazmaqdan boyun qaçıran Vüsal (səh.146) və sair və ilaxır.

Çalışqanlığı, cəsurluğu, fədakarlığı, qorxmazlığı, işgüzarlığı, vətən və əmək sevgisi, ədəbi və savadı ilə seçilən uşaqlarımız hardadır?.. Niyə bu keyfiyyətlər mətnlər boyu uşaqlara ya alideynləri, ya da kimlər tərəfindənsə tövsiyyə edilir?..

Dərslikdə yer almış, uşaq psixikası üçün yolverilməz qüsur daşıyıcısı olan bir mətni də nəzərə çatdırmağı vacib bilirəm.

«BALIĞIN SƏSİ» (səh.95)

«Bir gün Əhməd düşündü. Qurbağa quruldayır, qoyun mələyir, xoruz banlayır. Bəs görəsən balıq necə səs çıxarır?

Bu zaman (?) anası mətbəxdə balın qızardırdı. Əhməd birdən qışqırdı:

– Bildim, balıq tavada cızıldayır.»

Dərslik müəllifi balığın səs çıxara bilməməsini, sanki, ələ salır.

Məsələnin daha kədərli tərəfi – dərslik müəllifinin kitabda tapılan qüsur və iradlarla bağlı ekspertlərə ünvanladığı cavablarıdır.

Məsələn, dərslərin ardıcıllığı üzrə hələ keçilməyən hərflərin vaxtından əvvəl mətnlərdə yer almasına və bununla oxu prosesində əngəllər yaratmasına dair iradı müəllif belə cavablandırır:

«Sözsüz ki, bu iradlar nəzərə alınmalıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, bu cür xətalar, adətən tədris prosesində aşkar olunan xətalardır (?) və onlar dərsliyin məzmununa xələl gətirmir». (Məzmunun bura nə dəxli? Söhbət şagirdin rahat oxu prosesindən gedir. – A.Məs.)

Yaxud, mətnlərin məna və məzmun naqisliklərinə, yaxud, dərslik boyu yer almış tapşırıqların şəkillər üzrə anlaşılmadığına dair iradlara gəlincə, müəllif çıxış yolu kimi, yenə dərsliyə əlavə edilən köməkçi vasitədən – Müəllimlər üçün Metodik Vəsaitdən istifadə etməyi məsləhət görür. Uşaqlar üçün süni surətdə yaradılmış bu dolama-dolaşıqlığın mənasını isə aydınlaşdırmır.

Yaxud, dərslikdə yer almış «modelyer», «müsabiqə», «problem», «final», «burunduq», «nan»(?), «təməl», «ənənə», «ləl», «örnək», «münasib», «bağrı», «çalaq», «jest», «rejim», «obraz» və digər bu kimi, sözlərin altı yaşlı uşağa çətinliklər yaradacağı ilə bağlı ekspert rəyini belə cavablandırır:

«Çətinlik doğuran sözlərin izahı verilir». Altı yaşlı məktəblini izahlı lüğətlə işlətməyin hansı məntiqə dayaqlandığını isə izah etmir.

Dərslik müəllifinin, müstəqil söz kimi, işlənilməyən «sayalı» sözünün dərslikdə yer almasını qüsur hesab edən ekspert rəyinə cavabı isə təəccüb doğurur:

«Sayalı» ümumişlək sözdür və bunu qüsur hesab etmək olmaz. Bu sözün ayrılıqda yox, birləşmə daxilində işlədiyini iddia edən rəyçilərə nümunə təqdim edirik: «Ayağı sayalı». (?)

Burda müəllifin, «ayrıca söz kimi işlənmir» ifadəsini hərfi mənada başa düşdüyü, «sayalı» sözünün öz məna yükünə görə ayrıca işlənmədiyinin qanunauyğunluğunu və hətta işlənərsə belə, altı yaşlı uşağın qavrayışı üçün olmadığını anlamadığı üzə çıxır.

Dərsliyin digər qüsuru – burada tanınmış simaların ədəbi nümunələri ilə yanaşı, bir sıra imzasız, ədəbi-bədii baxımdan uğursuz, zəif şeirlərin də yer almasıdır. Ekspertlərin bununla bağlı iradına dərslik müəllifinin verdiyi: «Bu şeirlərin müəllifi dərslik tərtibçilərinin özüdür» cavabı isə, onun özünün kitaba olan qüsurlu münasibətindən xəbər verir. Məgər dərslik həvəskar müəllimlərin yaradıcılıq emalatxanasıdır?..

TQDK yoxlamasının aşkar etdiyi 120 qüsurdan 18-i ilə razılaşıb, qalanlarını əhəmiyyətsiz hesab etməsi, bəzi hallarda irad qismində deyilənləri, ümumiyyətlə, anlamaqda çətinlik çəkməsi isə onun, Azərbaycan dilnin orfoqrafiyasını, morfoloji imkanlarını, norma və qaydalarını mükəmməl səviyyədə bildiyinə, eləcə, Azərbaycanın ədəbiyyatı və mənəvi dəyərləri barədə müvafiq təsəvvürə malik olduğuna dərin şübhələr oyadır.

***

Göründüyü kimi, təhsilin məhz bu sahəsi üzrə illər uzunu ərsəyə gətirilən işlərin – dərslik tərtibi sahəsinə ayrılan gen-bol dövlət vəsaitlərinin, müxtəlif səviyyəli və formatlı islahatların (bərbad dərsliklərin yeniləri ilə əvəz edilməsi, müəllimlərin mütəmadi şəkildə ixtisasartırma kurslarına göndərilməsi, yeni müasir avadanlıqların alınması və sair və ilaxır) son nəticədə havadan asılı qalması, gözlənilən nəticənin əldə oluna bilməməsi, bu sahəyə daha təfərrüatlı və incə yanaşma tələb edir və qabaqcıl Avropa ölkələrində birbaşa Avropa Şurasının təyin etdiyi konsepsiyalar əsasında aparılan dərslik tərtibatı siyasətinin, nəhayət, bizdə də, ölkənin tanınmış alim və mütəxəssislərinin, dil və ədəbiyyat xadimlərinin təmsil olunacağı aidiyyatlı qurumların nəzarəti altına verilməsinin vacibliyini gündəmə gətirir.

Mənə isə sözümü, bir vaxtlar bu sayaq bərbad Ana dili və Ədəbiyyat kitabları barədə yazdığım məqalələrimdən birinin – «Vətən nədən başlayır? Əlifbanın ilk hərfindən» (19 dekabr 2009, 525-ci qəzet) başlıqlı yazımın sonluğu ilə bitirmək qalır:

«…«Vətən hardan başlayır? Əlifbanın ilk hərfindən…» misrası Vətənin məhz Əlifbadan başladığını artıq çoxdan anlamış əcnəbi bir şairin gəldiyi ölkə və millət əhəmiyyətli qənaətlərindəndir.

Bəs bizlər üçün?.. Vətən nədən başlayır?..»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO