“Ana dilimizə tərcümə olunmuş bircə roman oxumuşam ” – SORĞU

Azərbaycan prezidentinin əmri ilə dövlət hesabına gerçəkləşdirilən “150 cildlik Dünya Ədəbiyyatı” layihəsində, eləcə də “Qanun” nəşriyyatının “Ən yeni tərcümə” seriyasında dünya ədəbiyyatının parlaq imzaları doğma dilimizə tərcümə olunur.

Ancaq bu çevirmələr uğurludurmu? Tərcümə olunan əsərlərdə çatışmayan cəhətlər varmı? Hansı dünyaca məşhur əsər Azərbaycan dilinə yüksək səviyyədə tərcümə olunub? Məsələni aydınlaşdırmaq üçün bu kimi suallarla yazarlara müraciət etdik.

Tanınmış xalq şairi Vaqif Səmədoğlu dünya ədəbiyyatını rus dilinə tərcümə olunmuş variantdan oxuduğuna görə tərcümə işinə münasibət bildirə bilmədi:

“Mən ana dilimizə tərcümə olunmuş bircə roman oxumuşam – “Robinzon Kruzo”. 11 yaşımda idim onda. Vallah zarafat eləmirəm… Dünya ədəbiyyatı çox yüksək səviyyədə rus dilinə tərcümə olunub. Mən də rus dilini babat bildiyim üçün elə həmişə bu dildə mütaliə etmişəm.”

Yazıçı Rövşən Yerfi son zamanlar edilən çevirmələrə münasibətinin normal olduğunu bildirsə də, keyfiyyətli tərcümələrin məhz Sovet dönəminə təsadüf etdiyini qeyd etdi: “Münasibətim müsbətdir. Nə qədər çox olsa xeyirdir. Amma qaldı ki, keyfiyyət məsələsinə, şəxsən mənə bəzilərini istisna etməklə, əksəriyyəti sovet dövründəki tərcümələrin ləzzətini vermir. Tərcümələrdə sanki bir tələskənlik hiss olunur. Bir də xoşuma gəlməyən cəhət Osmanlı kəlmələrinin gərəyindən artıq işlənməsidir.”

Gənc yazıçı Zaur Qəriboğlu çağdaş dövrdəki bəzi tərcümələrin uğurlu alındığını bildirdi və ədəbiyyatı duya bilməyən insanların tərcümə işlərində məşğul olması səbəbindən əksəriyyət çevirmələrin qeyri-peşəkarlıqla nəticələndiyini açıqladı: “Son zamanlar əvvəlki illərlə müqayisədə tərcümə sahəsində ciddi şəkildə irəliləyiş yoxdur. Bunun da əsas səbəblərindən biri kimi zənnimcə, tərcümə işinə lazımi dəyərin verilməməsi ilə bağlıdır. Amma “150 cildlik Dünya Ədəbiyyatı” seriyasında və “Qanun” nəşriyyatının gerçəkləşdirdiyi “Ən yeni tərcümə” layihəsində çap olunan kitabların hamısını yox, bəzilərini uğurlu tərcümə hesab etmək olar. Patrik Züskindin “Ətriyyatçı” (Tərcüməçi: Cavanşir Yusifli), Yustin Garderin “Sofinin dünyası” (Tərcüməçi: Nərmin Kamal) və Xalid Hüseyninin “Çərpələng uçuran” (Tərcüməçi: Xədicə İsmayıl) əsərləri keyfiyyətli tərcümələrdir.

Bir neçə bəyənmədiyim tərcümə işlərini də sadalaya bilərəm. Məsələn, 2010-cu ilin sonlarında “Qanun” nəşriyyatı tərəfindən Herta Müllerin “Nəfəs yelləncəyi” kitabı nəşr olunub. Tərcümə çox pis vəziyyətdə idi. Bəlkə də, bunun bir səbəbi də odur ki, bəzən, ədəbiyyatla əlaqəsi olmayan adamlar durub, bədii tərcümə edirlər, bu üzdən də əsəri bərbad vəziyyətə salırlar. Bədii tərcüməyə ciddi yanaşmaq lazımdır, bu işlə ədəbiyyatla əlaqəsi olan adamlar məşğul olmalıdır. Yoxsa, az qonarar ödəyəsən deyə, kimə gəldi, bədii tərcümə sifariş etmək ədəbiyyata hörmətsizlikdir.”

Gənc şair Qismət tərcümə sahəsində keyfiyyətin deyil, kəmiyyətin daha üstün olduğunu təəssüflə qeyd etdi: “Son zamanlar tərcümə sahəsində kəmiyyət baxımından hər şey gözəl görünsə də, mətnlərin bədii səviyyəsi o qədər də ürəkaçan deyil. Görünür, proses tam təkmilləşənədək belə keçinmək lazım gələcək”.

Gənc yazar Jalə İsmayıl tərcümənin bütün şərtlərə əməl olunmasının vacibliyini dilə gətirdi: “Əsərlər keyfiyyətdə axsayır. Başqa dili bilməyənlər bu nümunələrə tapına bilərlər. Ən azı rusca, türkcə oxuya bilənlər niyə nümunələri seçməlidirlər? Çox vaxt ağır tərcüməçi işini redaktəsizlik də yerə vurur. Normal keyfiyyət üçün bütün şərtlərə əməl olunmalıdır”.

Gənc şair Günel Xəzəl tərcümə işinin əziyyətli olduğunu qeyd edərək, xarici dil bilməyən oxucular üçün çevirmənin normal və ya zəif olmasının elə də böyük problem olmadığını bildirdi: “Tərcümə əziyyətli işdir. Bu işlə məşğul olanlara təşəkkür etmək lazımdır. Ən əsası xarici dil bilməyən oxucular üçün yaxşı və ya pis tərcümə xəzinədir. Amma mən adətən dünya ədəbiyyatını rus dilində oxuyuram”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO