Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Avropanın tanınmış müstəqil siyasət jurnalı “Europe’s World”-ə müsahibə vermişdir. 6 ildir nəşr olunan bu jurnal Avropanın 150-dən çox akademik institutları və düşüncə mərkəzləri ilə birgə hazırlanır və siyasi, iqtisadi və sosial mövzularda gündəm yaradan yazıları ilə tanınır. 100 minlik oxucu kütləsinə sahib əhatəli və qərəzsiz yanaşması ilə seçilən bu mətbu orqan mindən artıq mütəfəkkir və siyasət adamının çıxış etdiyi düşüncə forumu xarakteri daşıyır.
Millət vəkili müsahibədə Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyətindən, ötən ay Bakıda keçirilən Avronest Parlament Assambleyası sessiyasının işindən, alternativ enerji mənbəyi kimi ölkəmizin rolundan, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına Avropa ölkələrinin biganə münasibətindən danışmışdır.
Elxan Süleymanov Avronest PA-nın Avropa İttifaqı sərhədlərindən kənarda ilk iclasının Bakıda keçirilməsini təsadüfi hesab etmədiyini bildirmiş, məkanın seçilməsinə Azərbaycan iqtisadiyyatının sürətli inkişafının təsir göstərdiyini qeyd etmişdir. E.Süleymanov həmçinin, Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu və hazırda BMT Təhlükəszilik Şurasında qeyri-daimi üzv kimi fəaliyyət göstərdiyini söyləmişdir. O, Azərbaycanın Avropa dəyərlərini bölüşən, entik zənginliyə sahib, dini tolerantlığın hökm sürdüyü siyasi cəhətdən sabit ölkə olduğunu vurğulamışdır.
Şamaxının millət vəkili Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi məsələsində önəmli rol oynaya biləcəyinə diqqət çəkərək, ölkəmizin zəngin neft və qaz ehtiyatları və strateji mövqeyi ilə Avropa üçün həm alternativ enerji təchizatçısı, həm də tranzit ölkəsi olduğunu bildirmişdir.
Ermənistanın Azərbaycana təcavüzü sayəsində torpaqlarımızın beşdə bir hissəsinin işğal altına düşməsini, bir milyondan çox soydaşımızın öz yurd-yuvalarından qovulduğunu xatırladan Elxan Süleymanov, Avropa liderlərinin bu faktı sükutla qarşılamasını tənqid etmişdir. Millət vəkili BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, ATƏT və Avropa Şurası kimi mötəbər təşkilatların Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını aydın şəkildə qınasa da, Avropa İttifaqının bu günə kimi Ermənistana qarşı sanksiya və təzyiqlərdən istifadə etməməsini Azərbaycanın Avropanın səmimiliyinə inamını azaltdığını qeyd etmişdir.
Elxan Süleymanov erməni lobbilərinin yalan informasiya və məsələyə dini faktorları cəlb etməsinin Avropa siyasi dairələrində Azərbaycanla bağlı yaranan rəyə təsir göstərdiyini, lakin reallığın tamamilə fərqli olduğunu bildirmişdir. O, Azərbaycandakı etnik və dini tolerantlığı ölkəmizin dünyəvi dəyərlərə hörmətinin nümunəsi olduğunu vurğulamışdır.