Azərbaycan ədəbiyyatının nazını çəkmək… Bu istəkdə bulunanlar çoxdu. Amma onu sona qədər apara bilmək hər adama nəsib olmur. Bilmirəm bu tale məsələsidi, yoxsa… Kiminsə yorulduğunu, kiminsə bezdiyini, kiminsə sosial qayğılar ucbatından bu yoldan çəkildiyini iddia etmək olar. Səbəblərin sırası genişdir.
Ancaq mən bu gün onlardan bu yolu getmək səadətini yaşayanlardan birinin – SÖZ-ün qarşısında külüng vura-vura ədəbiyyata və ədəbi nəsillərə xidmət missiyasını uğurla davam etdirən publisist, şair Əli Rza Xələflidən danışmaq istəyirəm.
Əlı Rza Xələfli illər öncə “Kredo” qəzetini açanda bu əsl söz adamının reket, yalaq jurnalistikasının şıdırğı dövründə qəzeti necə saxlaya biləcəyini düşünmüşdüm. Yazığım gəlmişdi ona. Bilirdim ki, içərisi böyük SÖZ-lə qaynayan belə şəxslər ciblərinə “vəsiqə” qoyub qapıları gəzə bilməzlər. Bu onların yolu, yönü deyil. Onlar heç qəzetlərini də bayağı, heç kimə gərək olmayan şit, məddah yazıları ilə doldura bilməyəcəklər.
Üç nəfərlik kollektiv
Redaksiyasına getdim çoxdankı dostum Əli Rza Xələflinin. Kompüter otağında Əli Rzanın Qarabağ bulaqları kimi guruldayan səsi gəlirdi. Əslən Qarabağdan – Cəbrayıl rayonunun Xələfli kəndindən olan həmkarımız, sən demə “Kredo”nu ayaqda saxlamaqdan ötrü əlavə məsrəfləri azaltmaq məqsədilə yazıçı Elçin Kamal və operator Həkət xanımla üç nəfərə çıxarırmışlar. Ədəbi-bədii məzmununa görə öz sanbalı ilə seçilən materialları isə Əli Rza sinədən, elə redaksiyada diqtə eləməklə birbaşa kompüterin yaddaşına yığdırırmış. Oxucusunun əksəriyyəti alimlər, söz və sənət adamları olan “Kredo”nun səhifələrində isə nə qrammatik, nə də üslub qələtləri tapmaq mümkün deyil.
Əsl ziyalı mövqeyi
Azərbaycanımızın böyük şairi Musa Yaqubun rəhbərliyi altında çalışdığım Söz Azadlığını Müdafiə Fondunun (SAMF) reallaşdırdığı “Azərbaycan dilinin qorunması” istiqamətində layihələrimiz çərçivəsində növbəti dəyirmi masa. Tədbirə dəvətlilər sırasında təbii ki, dostumuz, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində cəfakeşlik nümayiş etdirən Əli Rza Xələfli də var. Qəfildən söz alan Xələfli məclisi təlatümə gətirən təklif səsləndirir: “Yaxşı olar ki, Azrbaycanda dilimizin qayğısına qalmaq üçün bir dil polisi də yaradılsın. Lap elə su polisi, vergi polisi kimi…”
Yerində verilən təklifdir, eləmi? Arxasında şübhəsiz ki, böyük ziyalı ürəyi, ziyalı mövqeyi, ziyalı narahatçılığı dayanır.
Publisist – şair
Qəsdən publisisti qabağa salmışam. Əslində elə qəhrəmanımız da yaradıcılığa publisist kimi başlayıb. Gözəl də publisistikası var. Xüsusilə Qarabağ haqqında yazılarını oxumaqla doymaq mümkün deyil. Amma günlərin bir günü qəlbindəki yaşantıları tam ehtiva etməyə publisistikası tək tab gətirə bilməyib. Qəlbini təlatümə gətirən daha çox fəlsəfi fikir tutumlarını paralel olaraq poetik formada da oxucularına ərməğan etməyə başlayıb. Planlı şəkildə yox, Onu daxildən sıxan, ona əziyyət və əziyyət qədər də güc verən hansısa fövqəltəbii qüvvənin təsiri ilə.
Poeziyası da dəyərlidi Əli Rza Xələflinin. Bunu çağdaş Azərbaycan ədəbiyyatının fatehləri – şairlər, yazıçılar, tənqidçilər deyiblər.
Əli Rzanın poeziyasından söhbət açarkən təkcə “Söhrab Tahirə məktub” qəsidə janrlı poemasının adını çəkmək onun yaradıcılığının hansı zirvələrə layiq olduğunu deməyə əsas verir. Bu poemaya Azərbaycan tarixinin, azərbaycançılıq dəyərlərinin kiçik modeli də demək olar. Özü də bütün müsbət və mənfi əlamətli yaddaş çalarlarını əks etdirdiyinə görə. Elə şair də epiqraf yerinə tanınmış ədib Söhrab Tahirin üzündəki Azərbaycan xəritəsinə bənzəyən xalı gördükdən sonra bu poemanı ərsəyə gətirməyə qərar verdiyini yazıb. Yəqin ki, poemanın yaranmasına cənub həsrətli şairin taleyi ilə bağlı məqamlar da səbəb olub. Hər halda, poema çox maraqlı, ictimai əhəmiyyətə maliik bir sənət əsəri kimi ədəbiyyat tariximizə daxil olub. Poemada Azərbaycanın tarixi gerçəklikləri – qələbələr, məğlubiyyətlər, hətta atalar sözləri, hikmətli sözlərdə abidələşən dəyərlərimiz, adət-ənənələrimiz öz əksini tapıb.
Ömrünün 60-cı baharını adlayıb ahıllıq çağlarına doğru addımlayan Əli Rza Xələflinin kitabları onlarladır. Hərəsinin də özünəməxsus məna çalarları, tarixi gerçəkliklərdən qidalanıb bu günümüzə və gələcəyimizə işıq salan ictimai yükü. “Karvan körpüdən keçir”, “Baş daşımın yazıları”, “Ocağımın işığı”, “Həsrət körpüsü”, “Üçüncü dünyanın qorxusu”, “Axtala əfsanəsi”, “Meyar”, “Arzulara dəyən güllə” və başqa kitabları da azərbaycançılıq dəyərlərinin daşıyıcısı kimi xarakterizə olunan yazıların məcmusudur. Bu maraqlı imzanın Azərbaycan gəncliyinə verə biləcəyi çox nəsnələr var. Xüsusilə ədəbi və vətənpərvərlik ruhunun yüksəlməsi naminə…