Abdal-Gülablıya gedən yol…

Ağdamdan çıxıb Muradbəylini, el arasında “keçəllər bolnitsasi” deyilən Vərəm Əleyhinə Dispanseri keçirik. Sol tərəfdə “Göz” xəstəxanası və “Voençast”, sağ tərəfdə taxta-şalban Ərşadın “sklad”ları qalırdı. “Qarqar” çayın körpüsünədək Şelli kəndinin üzümlükləri, çayın bəri başında isə Əsədin “drobilkası” idi. Çaylaq daşlarının qırmaqla çınqıl düzəldilir, qumundan isə xırda suvaq işlərində istifadə edirdilər.

“Qarqar” çayının körpüsünü keçib sag tərəfə Qasımlı sovetliyində birləşən Poladlı, Qaradağlı, Qasımlı, Şelli, Qurdlar kəndinə kedirdin. Qurdlar kəndinin üstündə, Mantar dağının ətəyində isə “Şelli” sanatoriyası salınmışdı…

Füzili yolu ilə daha bir-iki kilometr getməmiş, yenə sag tərəfdə Şıxbabalı və Muğanlı kəndlərinə getmək olardı. Bir qədər irəlidə isə yolun solunda Bagbanlar və Saybalı kəndləri gəlirdi. Bundan sonra bir qədər irəliyə gedirdin sag tərəfə dönməklə Abdal-Gülablının dəmir karkas hissələrdən düzəldilmiş ala daravazası görünürdü.

Muradbəylidən aladarvazaya təxminən 10 kilometrdən bir az artıq olardı. Ala darvazadan üzü yuxarı kəndin tənəklikləri başlayırdı. Asfalt yol isə üzü Gülablıya doğru aparırdı. Girişdə – sol tərəfdə 4 yaşayış evi ucalırdı. Oranı keçəndən sonra ötən əsrin 30-cu illərində inşa edilmiş keçmiş kolxozun inzibati binası vardı. Sonralar orada musiqi məktəbi fəaliyyət göstərirdi…

Bu sözləri bu gün dilə gətirmək və asalıqla danışmaq mümküm deyil. Həyəcan dolu fikirləri eşitmək mənim üçün çətin idi. Müsahib hər fikri danışdıqca, gözlərindən hiss olunurdu ki, həqiqətən də danışdığı məkanda oturub mənimlə deyil, həmkəndlisi ilə söhbət edir…

Qarabağın musiqi beşiyi Ağdam sayılırdısa, Abdal-Gülablı bu beşiyi yırğalayan kəndlərdən idi. Neçə-neçə mədəniyyət və ictimai xadim yetişmişdi Abdal-Gülablıda…

Hazırda erməni işğalında olan kəndin icra nümayədəsi Elmir Məmmədovla söhbətimiz məhz kəndin işğaldan əvvəlki durumu və inkişafı ilə bağlı oldu. Ancaq söhbət uzandıqaca hey uzanır və Elmir müəllimlə Quzanlıda oturub Abdal-Gülablını xəyalən qarış-qarış gəzməli oluruq…

…Gülablıda qədim rus-tatar məktəbi olub,-deyə Elmir müəllim söhbətə başlayır. Bununla yanaşı bu ərazidə Bakıdakı qədim “Məşədi İbad” hamamına oxşar hamam da vardı. Hamam qəzalı vəziyyətə düşsədə turistlərin ziyarət etdiyi məkanlardan birinə çevrilmişdi. Tanınmış tarzən Qurban Primovun ev muzeyi də burada idi. Ərazilərin abadlaşdrılmasında həmin dövrdə kənd sovetinn sədri işləmiş Nofəl Mirzəliyevin böyük zəhməti olmuşdu. İşğaldan əvvəlki dövrdə məhz Nofəl müəllimin təşəbbüsü ilə Abdal-Gülablıda Mərmər karxanaları açılmışdı. Ancaq yaxınlığındakı qayalıqlarda olan daş karxanalarının olması kənd sakinlərinin daşa olan tələbatını xeyli yüngülləşdirmişdi. Kənddə inşa edilən evlərin əksəriyyəti məhz bu qaya daşından idi. Karxanalar Abdal-Gülablı kəndinin ayağı erməni kəndləri ilə sərhəddə idi. Mərmər yataqları isə işğaldan 22 il əvvəl tapılmışdı. Ərazidə Mərmər sexi də fəalyyət göstərirdi. İstehsal üçün gecə gündüz briqadalar işləyirdi. Mərmər çıxarılıb çilalanmaq üçün maraqlıdır ki, yalnız keçmiş Stepanakertə (Xankəndinə) aparılırdı. Camaat arasında Şəmi dediyimiz Şəmsəddin adlı kənd adamı o sexi işlədirdi.

Sonra Mübariz müəllim (inşaat trestinin rəisi ) inşa etdirdiyi böyük Konserv zavodu təəssüf ki, hazır olan zaman erməni işğalına məruz qaldı. Zavod işləsəydi bəlkədə, 600 nəfəri işlə təmin etmək olardı. Abdalla Gülablını asfalt yol ayırırdı. Sonra dağın yamacında sanatoriya kompleksi də inşa edildi…

Sonra öyrənirəm ki, o dövrdə kənddə kanat yolun tikntisinə də start verilmişdi. Kanat yolu sanatoriyanın düz ortasından keçməklə bir tərəfi “Armudlu” deyilən əraziyədək uzanmalı idi…

Bu ərazi düz erməni kəndi ilə bizim aralıqdakı dağın başına kimi getməliydi. Təxminən Dəhraz kəndinin yaxınlığına. Bir hissəsi üzbəüz “Quzu yalı” deyirdik, onun başına. Biri də gedəsiydi “Damcı bulağ”na. 1989-cu ildə kanat yolun ilk bünövrəsi qoyuldu. Hələ o vaxt ara yavaş-yavaş qızışdığı bir vaxtda, kanat yolun çəkilişi üçün Gürcüstandan mütəxəssislər də dəvət edilmişdi. Orda dağın hündürlüyü bəlkə də 1000 metrdən çox olardı…

Abdal- Gülablı meşəsi isə ayrı bir aləm idi. Sıxlıqdan bura girmək mümkün deyildi. Meşənin də hər nə desən var idi. 50-60-cı illərdə meşənin aşağı hissəsindəki cır meyvələri calaq etmişdilər. Zoğalı, almanı, armudu yetişəndə yığıb yığışdırmağa vaxt çatmırdı. Qozun, fındığın keyfiyyətinə söz ola bilməzdi. Bu meyvə cənnəti düz Harova qədər uzanan torpaqlar kəndin torpaqları idi. Harov erməni kəndi olmaqla və keçmiş Martuni (indiki Xocvəndə baxırdı) rayonuna baxırdı. Dağlıq, meşəlik ərazilər idi oralar. Harovadək demək olar ki, on kilometrədək uzanırdı….

Sanatoriyanın sağında “Ağqaya” idi. Qayanın üstünə “Quzu yalı deyərdilər.” Onun arxasında Dahraz kəndi, sol tərəfində Seyidi, başının üstü Armudlu idi. Armudludan enirdin arxada Miri kənd idi. Maraqlıdır ki, Abdal-Gülablı üç erməni kəndinin ortasında idi. Dağların hamısının arxasında erməni kəndləri yerləşirdi…

Bulaq sarıdan bolluq idi Abdal-Gülablıda. Hansının üstünə getməyi birdən seçə bilmirdik. Baş Kəhriz, Harun bulağı, Xatun bulağı, Damcı bulağı, Bəy bulağı, Yağlı bulağı vardı. Camcam bulağı da burda idi. “Bəy bulağı”nın o tərəfi Malıbəyli kəndi idi. O biri bulaqlar arasında məsafə heç yüz metr olmazdı. Amma Damcı bulağından Bəy bulağına getmək üçün üç kilometr qət etməliydin…

Abdal-Gülablının əhalisi üzümçülüklə məşğul idi. Sovxoz Heydər Hüsüyevin adını daşıyırdı. Üzümçülük sovxozu var idi o dövrdə. Biz üzümümüzü Bağbanlar kəndindəki tədarük məntəqəsinə təhvil verərdik. Heyvandarlıq fermalarımız varıydı. Quşçuluqla məşğul olunurdu. Hamının həyətində mal-heyvan, 70-80 qoyunu varıydı…

Gülablı kəndində birinci yol qırağı Xanqulu kişinin, Burzu müəllimgilin evi idi. Ukraynada energetika nazirinin müavini olub…

Sağda ev yox idi. Sonra keçirdin Yaşar kişinin evi vardı. Ağdam alayının rəisidi. İlyasgilin evi, ordan keçirdin Qəmbər müəllimgilin, Əfqan kişigilin evi idi. Yuxarı qalxırdın məktəb idi. Sonra orda Naxuşum arvadın evi idi. Sonra Gulablı Musiqi məktəbi idi. Ona bitişik Mədəniyyət evi idi. Köhnə mədəniyyət evi idi. Mədəniyyət evindən sonra sovetin binası gəlirdi. Mədəniyyət evi, poçt da idarə ilə birlikdə idi. Bu arada Mehralının restoranı var idi. Ordan keçirdin kolxoz idarəsi idi. Sonra köhnə məktəb binası və Məmmədhəsən kişinin evi. Köhnə sovet binası – bəy evi olub. Ondan keçirdin Mələk arvad varıydı. Tək arvad idi. Onun evi idi. Ordan keçirdin Misirov Misirin evi sonra qardaşının evi gəlirdi. Ordan keçirdin Musa müəllim var onun evi gəlirdi. Qurban kişinin evi, poçtalyon İsinin evi, Məhərrəmin, Mehralının, Əvəzgilinin evi, Vəlinin evi. Sonra Dağdağan idi bir də dönürdün Abdala…

Abdalda sağ tərəfdə birinci Qabil kişinin evi gəlirdi. Sonra keçirdin atası evi, ondan sonra Paşa, Şikar, dəllək Misirin evi, Səməd kişi evi vardı. 124 yaşı vardı kişinin. İşğaldan sonra Yevlaxda Xaldan qəsəbəsində dünyasını dəyişdi. Ondan sonra Əlibala kişinin evi idi. Ondan sonra boşluq varıydı. Dərənin içində məktəbimiz idi. Üst tərəfdə evlər başlayırdı Cəlal kişi vardı onun evi, dükançı Cəlal, Quluş dayı, Muxtar, Safqan, Xaspolad, Azər, Məhər, Nizami, Marış arvad, Narış arvad, sağda bir də evlərdən dəllək Mürsəl varıydı onların evi idi.

Abdal Qəhrəman evi dərədəki məktəbin döşündəki dagın yamacında idi. Güneyin dalında olurdu. Abdal adlanırdı amma ora. Ordan gəlirdin Abdal məscidi idi. Dəllək Mürsəl 1884-cü ildə tikdirmişdi. Bizim uşaq vaxtımızda o qoca bir kişi idi. O deyirdi ki, 1904-cü ildə bu məscid gözəl bir məscid idi. Gülablının da məscidi var. O da gözəl məscid olub. Orada Qərbənd ocağı vardı. Üst tərəfdə Alı kişinin evi, Əvəz kişi, sağ tərəfdə Səxavət Məmədovgilin , sol tərəfdə onun babası Əmir kişinin, Surxay kişinin, Alı kişinin evi idi vəssalam. Ondan sonra qəbirsanlıq, sonra sanatoriya başlayırdı. Sanatoriyanın isə böyük giriş qapısı var idi.

Kənd əhalisinin sanatoriyanın həyətindən keçməməsi üçün meşənin başında düz yol açmışdılar…

Təzə məhəllələr Alı kişinin evindən ağzı yuxarı cərgələnmişdi. Mamed müəllimin muzeyə bənzər evi var idi. Qəzənfər, İsrail həkim, bir müstəntiq varıydı, onlarda yeni məhəllədə ev tikdirmişdilər. Sadiq həkimin də evi bu sırada idi. Yanında qardaşımın həyəti idi. Bəhram Şükürov ev yeri yenicə götürmüşdü. Həmin yerin arxa tərəfində isə rəhmətlik Səxavət Məmmədovun məhləsi idi. Yanvar (əsl adı Oktay idi) adında oğlan da bu sırada ev tikmək istəyirdi. Rəhmətlik Səxavətlə Yanvar evləri üçün mişar daşlarını da eyni vaxtda gətirmişdilər…

Elmir müəllim söyləyir ki, Gülablıda kolxoz quruluş 1929-cu ildə həyata keçirilib. İlk kolxoz sədri də Abdulla Nəcəf oğlu olub. O vaxtlar kolxoza “Artel” deyirmişlər.İlk artelin 35 nəfər üzvü olub. Artel isə “Qızıl ordu” adlanırdı. 1950-ci ildən sonra kolxozun adı dəyişərək “Komsomolun 30 illiyi” qoyuldu . 1930-cu ildə Abdal kəndində “Federasiya”Arteli təşkil olunub.1950-ci ildə Gülablı Abdal kolxozları birləşərək “Nizami” adına kolxoz olub. Birləşmiş kolxozun sədri Qarayev Rza Abbas oglu olub. 1951-ci ildə sədr dəyişərək Şükürov Maqsud, 1953-cü ildə Mikayılov Qaçay olmuşdur. 1958-ci ildə ”Nizami” adına kolxoz ”Şıxbabalı” kolxozu ilə birləşərək yenə də “Nizami” adını daşımışdır. Yeni birləşmiş kolxozun sədri isə Yavər Şirxanov seçilmişdir.1964-cü ildə yenidən Abdal Gülablı kəndləri ayrılaraq ayrı kolxoz olmuş və həmin kolxoz əslən Gülablıdan olan inqilabçı Heydər Hüsiyevin adını daşımışdır. Bu vaxt kolxoz sədri Süleymanov Yelmar, 1971-ci ildən isə sədr Hüseynov Hüseyn Həşim oğlu olub. 1973-cü ildə həmin kolxoz sovxoza çevrildi və üzümçülük üzrə ixtisaslaşdırıldı.1974-cü ildə sovxoz direktoru İsmayıl Qarayev,1976-cı ildə Arif Nərimanov, 1983-cü ildə Nofəl Mirzəyev,1990-cı ildə Raqub Qasımov,1991-ci ildə isə son direktor Xəlil Abdullayev olmuşdur.

Kənddə ona qədər su dəyirmnı vardı oların bir çoxu işləməsə də, bəziləri işlək vəziyyətə gətirilmişdi. Aşıq Həsən, Əsəd, Dəli Mustafanın, Kərbalayi Əhmədin, Mahmudun, Rzanın, Baxşalının, Cəfərqulunun, Həlimənin dəyirmanı və birdə Abdal kəndinin dəyirmanı …

Sonda Elmir müəlllimdən öyrənirəm ki, 2520 nəfər əhali ilə kəndi tərk edən Abdal-Gülablının hazırda qeydiyyatda olan 3248 nəfər əhalisi var… Sayımızın atrması yaxın gələcəkdə yaxşı xəbərlər eşidəcəyimizdən xəbər verir…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO