Jurnalistika fakültəsinin yeni dekanı Modern.az-a danışdı: “Yeniliklər edəcəyik… “

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni təyin olunmuş dekan Şamil Vəliyev ilk təəssuratlarını və fakültədə ediləcək yenilikləri Modern.az-la bölüşüb:

“Bu saat işə baş qarışıb deyə, hansısa bir hiss keçirməyə vaxt yoxdur. İntellektual iş prosesilə məşğul oluruq, dərslərimiz davam edir. Amma bununla yanaşı, bir rahatlıq, seçkidən sonrakı arxayınlıq, xüsusilə məsuliyyət hiss edirəm. Belə bir fakültənin dekanı olmaq çox böyük bir məsulliyyətdir. Xüsusən, akademik Abel müəllim kimi ciddi bir adamın yanında işləmək, onun tempinə uyğunlaşmaq məsuliyyəti var. Bizim fakültə proqressiv bir fakültədir, bu fakültədə çalışmaq, burda dərs demək özü bir xöşbəxtlikdir. Təbii ki, bu nəticəni gözləyirdim, kollektivə güvənirdim. Rektor əgər kollektivin rəyini, təqdimatını qiymətləndirirsə, mən də bundan çox şadam”.

Professorun sözlərinə görə, islahat baxımından fakültədə görüləcək bir sıra məsələlər var.

“Bizim fakültənin işi rektorun da xüsusi diqqətindədir ki, ciddi islahatlar olsun. Həm tədris, həm elmi axtarışlar, həm də idarəçilik baxımından bir sıra yeniliklər edəcəyik. Xüsusən, ixtisaslaşma məsələsində bir sıra yeniliklər gözləyirik. Gözləyirik ki, sahə jurnalistikasına üstünlük verək. Planlarımızda yeni studiyanın açılması, fakültənin elmi tədqiqat jurnalının, daimi fəaliyyət göstərən müdafiə şurasının olması planda var. Biz çalışacağıq ki, yeniliklər edək. Amma çox vəd etməkdənsə, iş görüb hesabat vermək yaxşı olar.Ümüd edirəm ki, düşündüyümüz məsələlərə nail olacağıq”.

Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsinin yeni dekanı professor, filologiya elmləri doktoru Şamil Vəliyev indiyədək Mətbuat tarixi kafedrasının müdiri postunu tuturdu.

Professor, filologiya elmləri doktoru Şamil Vəliyev 1960-cı ildə anadan olub. 1977-1981-ci illərdə ADPU Filologiya fakültəsində təhsil alıb. 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildə doktorluq dissertasiyası müdafiə edib. 2007-ci ildən Mətbuat tarixi kafedrasının professorudur. 1983-1985-ci illərdə Səməd Vurğun adına ev-muzeyinin əməkdaşı olub. 1985-2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. 2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışırdı.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO