ANS beş yaşlı qızcığazı vəhşicəsinə döyərək qətlə yetirmiş qadına bu ayamanı çox gözəl yaraşdırdı. Ona daha çox yaraşan, onun kimliyini daha çox ehtiva eləyən bu ifadəni olduğu kimi saxlamaq daha məqbuldur. Ancaq baş vermiş tükürpədici olayın daha ağır cinayətkarı da var. Bu doğma atadı…
… Qızcığazın qətlini hüquq-mühafizə orqanları araşdıracaq. Araşdıracaqmı?! Belə şübhəli düşünməyə əsasımız var. 8 il öncə ərini qətlə yetirdiyi bildirilən Rəbiyyət Osmanovanın indi azadlıqda gəzərək növbəti – daha dəhşətli qətli də törədə bilməsi bu əsaslarımızı bir qədər də möhkəmləndirir. Doğma ata barədəsə ayrıca danışmaq lazım gəlir.
… Cəmiyyətin də hadisəyə münasibəti adekvat deyil. Daha doğrusu, olayın lənətlənməsi təqdirəlayiq hesab oluna bilər. Ancaq “dəhşətli” ifadəsi də tamamilə ehtiva edə bilməyən bu hadisədən sadəcə informasiya xatirinə istifadə, böyük mətləbləri unutdurmaq naminə düşünülmüş rezonanslar yolverilməz hesab olunmalıdır.
…Baş vermiş qətl adi bir məişət zorakılığı deyil. Bu, insanın insanlıq hisslərindən uzaqlaşaraq törətdiyi ən ağır cinayət hadisəsidir. Əslində ölüm hökmü götürülmüş Azərbaycanın Cinayət Prosessual Məcəlləsi də bu sualın cavabını tapmaqda aciz görünür. Ölüm hökmünün götürülməyini alqışlamışıq. Təbii ki, yaranmışların öldürməyə haqqı olmaması fəlsəfəsinə söykənməyimiz ucbatından. Amma həmin yaranmışların biri də bu doğma ata Şahlar Həsənov, ögey ana Rəbiyyət Osmanovadır. Heç onların da öldürməyə haqları yox idi hamı kimi. Amma öldürdülər. Biri yerində əyləşdiyi günüsünün övladını, digəri öz doğma övladını. Bəs bunların cəzası nə olmalıdır? Məsələyə münasibət bildirən ağlı başında olanlar “ən ağır cəza” ifadəsini işlətdilər. Ən ağır cəza nə ola bilər görəsən?
… Axı söhbət qatil atadan gedir. Nə bilək, bəlkə də ögey anadan zərbələr alan bu qızcığaz gecə saatlarında için-için ağlamağıyla o doğma hesab etdiyi atasının intim hisslərinə mane olurmuş? Bəlkə elə sadəcə bu səbəb kifayət edib onun ölümünə. Atası onu təpikləyib-sakitləşdirib ki, öz kefi ilə rahat məşğul ola bilsin!!! O halda bu atanın günahının miqyası nə boydadır?!
… Ögey ana barədə danışmağın özü yersizdir. O öz müdhiş portretini kamera qarşısında işlətdiyi “cinayəti törətmişik, cəzasını da çəkəcəyik” ifadəsini təkcə yazıda görünən deyil, sözün deyilişinin ton və taktiki imkanları ilə bir cümlədə dedi. Özü də çox ustalıqla…
… Əvvəlcə pərdə arxasında qalan, cismən dünyasını dəyişdiyini zənn etdiyim, faciədən sonra isə üzə çıxan doğma ananın da təqsirləri az deyil. Amma bir alibisi var ki, övladını doğma atasına həvalə etdiyini deyir. Doğma atasına…
… Ən nəhayət və bəlkə də başlıcası. Sonucda bizi dünyaca biabır eləyən bu müdhiş olayda cəmiyyətin və dövlətin təqsiri nə qədərdir? Bax bunu hörmətli jurnalistlərimizin, media qurumlarımızın araşdırmasını istərdim. Sadəcə informasiyanı tirajlandırmaq hələ işin hamısı, baş verə biləcək oxşar hadisələrin qarşısını almaq üçün yetərli sayıla bilməz. Araşdırmaq olar ki, bizim dövlətimiz və cəmiyyətimiz bu vəhşi xislətli insanları necə tərbiyə eləyib? Ona hansı təhsili verib? Ümumiyyətlə təhsil veribmi? Yoxsa o, məktəb yaşlarının sanılı günlərini sadəcə başa çatdırıb? Ailənin Tərtərdə dağılıb, Bakıda başqa formada qurulmasının arxasında hansı mətləblər dayanır, burada sosial aspektlərin rolu nə qədərdir? Bütün bunların insanın insanlıq hisslərinə əlvida deməsində nə qədər rolu var və biz vəhşiləşməyə meylli vətəndaşlarımızı durdurmaq üçün mübarizəyə haradan başlamalıyıq?
… Təkcə Rəbiyyət Osmanovanın 77-ci qatil dustağa çevrilməsi problemin həllində yetərlidimi?
Nəzirməmməd Quliyev
SAMF-ın layihələr üzrə koordinatoru