Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan tədbir keçirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncamına əsasən tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Macarıstandakı səfiri, professor, Ə.Ağaoğlu irsinin tədqiqatçısı Vilayət Quliyevin “Əhməd Ağaoğlu irsi və müasirlik” mövzusunda mühazirəsinə həsr edilib.

Əvvəlcə “İçərişəhər” DTQMİ İdarə Heyətinin sədri Əsgər Ələkbərov tədbirin əhəmiyyəti barədə danışıb.

Sonra filologiya elmləri doktoru, professor Vilayət Quliyev mühazirə ilə çıxış edib. Professor Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mübadilənin müxtəlif aspektlərindən, onun alim, hüquqşünas, müxbir, millət fədaisi, türk birliyi və müstəqilliyin müdafiəsi istiqamətindəki fəaliyyətindən söz açıb. V.Quliyev Əhməd bəyin milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, zamanında erməni fitnəkarlığının qarşısının alınması, qanlı qarşıdurmaların dayandırılması, erməni və digər düşmən mövqeli xristian milyonerlərin səyi ilə Bakı əhalisinin köçürülməsi təklifinə qarşı durmağı bacararaq bu fitnəkarlığın və fəlakətin qarşısını alması istiqamətindəki xidmətlərini xüsusi vurğulayıb.

Daha sonra Vilayət Quliyevin “Atatürk və Əhməd Ağaoğlu” , “Xatirələr”, “Bəs bizim ziyalılarımız haradadır” (rus və Azərbaycan dillərində) “Türkiyəni duyğulandıran ölüm” adlı elmi monoqrafiyalarına nəzər salınıb, kitablarda əks olunan bir çox məqamlar üzərində diskussiyalar aparılıb.

Tədbirdə professorlar Anar İsgəndərov, Solmaz Tohidi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova və başqaları Əhməd bəy Ağaoğlunun ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı və türkoloq kimi səciyyələndirəcək geniş fəaliyyətindən danışıblar.

Natiqlər onun türkçülük ideologiyasından, ictimai-siyasi baxışlarından, özünəməxsus üsyankar və çılğın təbiətindən, mübarizliyini əks etdirən maraqlı faktlar və epizodlardan sitatlar gətiriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO