Əflatun Amaşov 2013-cü ildən danışdı – MÜSAHİBƏ

“İndiyədək, səyyar satış işini həyata keçirən şəxslər olubsa, deməli, sahə özünü doğruldub”
Şriftin ölçüsü: Şrifti böyüt Şrifti kiçilt
28.01.2014 13:56 | 5 dəfə oxunub
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun müsahibəsi

– 2013-cü il Azərbaycan mediası üçün hansı önəmli hadisələrlə yadda qaldı?

– 156 jurnalistin Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında inşa edilmiş binanın mənzillərinin sahibinə çevrilməsini xüsusi vurğulamağa dəyər. İyulun 22-də Milli Mətbuat Gününə təsadüf edən bu hadisə ömrünü-gününü jurnalistikaya sərf etmiş insanların zəhmətlərinin bəhrəsini görmələri anlamında nə qədər fərdi səciyyə daşıyırdısa, peşənin cəmiyyətdəki nüfuz göstərici nöqteyi-nəzərdən bir o qədər ümumi əhəmiyyətə malik idi. Müstəsna ictimai missiya yerinə yetirən media əməkdaşlarının həyat şəraitlərinin yaxşılaşdırılması onların öz sahələrinə daha möhkəm bağlanmalarını bir növ, stimullaşdırır. Belə bir həyati təminat cəmiyyətdə söz və fikir azadlıqlarının dərinləşməsinə dəstək baxımından da müstəsna önəm daşıyır. 2013-cü ildə Azərbaycan jurnalistlərinin VI qurultayı baş tutdu. Qurultayda Azərbaycan mediasının bu günü və sabahı ilə bağlı vacib diskussiyalar aparıldı, qərarlar çıxarıldı. Ali məclis eyni zamanda mütəşəkkil institut kimi jurnalistikanın cəmiyyətə mesajı anlamında da xüsusi səciyyə daşıdı, ölkə gündəminin başlıca hadisəsinə çevrildi.

Ötən il Azərbaycan jurnalistlərinin dövlət başçısı cənab İlham Əliyevlə geniş formatlı görüşünün keçirilməsi ilə də tarixə düşdü. Görüşdə ölkə mediasına dair bir çox vacib məqamlar müzakirə olundu. Cənab prezident söz və ifadə azadlığı ilə bağlı dəyərli fikirlərini bölüşdü. Media təmsilçilərinin qaldırdıqları məsələlərə həssas münasibət göstərdi. Hesab edirəm ki, dövlət başçısı ilə istər jurnalistlər üçün yeni yaşayış binasının açılışındakı, istərsə də noyabrın 24-də “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimindəki görüş ötən ilin ən yadda qalan media olaylarındandır.

– 2013-cü il Mətbuat Şurası üçün nə ilə əlamətdar oldu?

– Ötən il Mətbuat Şurasının 10 illik yubileyini qeyd etdik. Tarix baxımından bu, böyük zaman kəsiyi olmasa da, 23 illik müstəqillik dövrü yaşayan bir ölkə üçün kiçik rəqəm deyil. Hesab edirəm ki, ötən 10 ildə Mətbuat Şurası bir neçə vacib vəzifənin öhdəsindən gələ bildi. Birincisi, medianın özünütənzimləmə institutu kimi özünü təsdiqlədi, bütövlükdə MDB məkanı üçün modelə çevrilməyi bacardı. İkincisi, jurnalistlərin və ayrı-ayrı mətbuat orqanlarının üzləşdikləri məhkəmə proseslərinin sayı əhəmiyyətli dərəcədə azaldı. Üçüncüsü, Şura jurnalistikamız üçün vacib olan bir sıra ənənələrin bərpasına dəstək oldu. Ümumən Mətbuat Şurası Azərbaycan mediasından ayrı orqanizm deyil. Bu mənada jurnalistikamız baxımından yaddaqalan yaşantılar Şura üçün də eyni əhəmiyyət kəsb etdi.

– Bir neçə gün öncə Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərə dair hesabatını açıqladı. Şuranın ötən ilki fəaliyyətindən gəlinən nəticələr barədə hansı ümumiləşdirməni aparmaq mümkündür?

– Gördüyümüz işlərə cəmiyyətin verdiyi qiymət daha önəmlidir. Ümumən onu deyə bilərəm ki, 2012-ci illə müqayisədə ötən il MŞ-yə daxil olan şikayətlərin sayında azalma var. 610 müraciətdən 423-ü ayrı-ayrı media orqanlarının fəaliyyətindən narazılığı əks etdirir. 2012-ci ildə şikayətlərin sayı 507 idi. Əlbəttə, bu, bir tərəfdən Şuranın işinin effektivliyi ilə izah olunursa, digər tərəfdən məsələyə Azərbaycan jurnalistikasının inkişafı kimi yanaşmaq lazımdır. Mövcud anlamda ənənəvi KİV-lərin fəaliyyətini vurğulamaq istərdim. Hesab edirəm ki, ötən illər ərzində onlar oturuşmuş media strukturu olaraq özlərini təsdiqləməyi bacarıblar. Bu təsdiqləmədə peşə dəyərlərinə həssas yanaşma vacib amildir. Problemlərin qalmasına baxmayaraq, həmin KİV-lər ümumi işə fayda baxımından model yarada biliblər. Əslində formalaşdırdıqları dəst-xətt internet media resurslarının bir çoxu üçün də təcrübi əhəmiyyət daşımaqdadır və mövcud pozitiv meyl kifayət qədər aydın sezilir.

Ancaq neqativ cəhətlər də az deyil. “Reket jurnalistika” ilə mübarizə hələ də aktual səciyyə daşımaqdadır. İnternet media resurslarının sayının artması cəmiyyətin informasiya tələbatının ödənilməsi imkanlarının genişləndirilməsi baxımından zəruridir. Ancaq artımın gətirdiyi mənfi meyllərdən uzaqlaşmaq üzərində də dayanmalıyıq. Nəzərə alaq ki, peşə davranışı qaydalarına etinasızlıq göstərən bir sıra şəxslərin internetin doğurduğu şərait nəticəsində “fəaliyyət” dəst-xətlərini bu məkana daşıması reallığı var. Digər tərəfdən, münbit zəmin jurnalistikaya sırf sui-istifadə vasitəsi olaraq yanaşmayan qeyri-peşəkarlar üçün də cəlbedicidir. Onların ictimai mənafelərə bəzən tam bilməyərəkdən, etdiklərinin təfərrüatını düşünmədən zərbə vurduqları vəziyyətin yarandığını görürük. Belə nəticəyə gəlirik ki, hazırkı durum arxayınlaşmaq üçün əsas vermir. Əksinə, daha mütəşəkkil olmaq zərurətini ortaya qoyur. Zənnimcə, Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərlə daha səmərəli fəaliyyət perspektivi üçün zəmin yarada bilib.

– Mətbuat Şurası 2014-cü ili “İnternet media ili” elan etdi. “İnternet media ili” çərçivəsində Mətbuat Şurası hansı tədbirləri reallaşdırmağı planlaşdırır?

– Bildiyiniz kimi, Mətbuat Şurası hələ ötən ilin fevralında İnternet media resursları üzrə Komissiya formalaşdırmışdı. Güman edirəm, bu il həmin komissiyanın fəaliyyəti bir qədər də intensiv səciyyə daşıyacaq. Şura internet təhlükəsizliyi ilə bağlı məsələləri diqqət mərkəzində saxlamağa çalışacaq. Mövcud istiqamətdə müvafiq qurumlarla əməkdaşlığı dərinləşdirməyi nəzərdə tuturuq. Mətbuat Şurası internet media resurslarında monitorinqlərini davam etdirəcək. Komissiyanın şikayətlərin araşdırılması prosesinə daha yaxından cəlbi vacibdir. Çünki Şuraya həmin media resurslarının fəaliyyəti ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrindən narazılıq məktubları daxil olmaqdadır. Digər tərəfdən, MŞ-nin sıralarında təmsil olunmaq üçün müraciət edən xəbər portalları var və onlara media məkanında təmsilçilik üçün dəstək göstərilməlidir ki, Mətbuat Şurası bu işi də həyata keçirməyi planlaşdırır. Bildiyiniz kimi, internet hüquqi tənzimləmədən uzaq məkandır. Əlbəttə, fikir azadlığı və plüralizmə şərait baxımından belə bir məkanın mövcudluğu çox yaxşı haldır. Ancaq birinin azadlığı digərinin azadlığını əlindən almamalı, həyat axarını pozmamalıdır. Çünki pozuntu halları ümumən cəmiyyətin ahənginə mənfi təsirini göstərir. Jurnalistika təbiət etibarilə bu ahəngdarlığı qorumağa çalışan missiya yerinə yetirirsə, onun özü məsələyə daha həssas münasibət bəsləməlidir.
Peşə dəyərləri mahiyyət etibarilə hər yerdə eynidir. Sadəcə, söhbət həmin dəyərlərin real iş müstəvisində tətbiqindəki transformasiyadan, yəni çatdırılma üsullarındakı dəyişikliklərdən gedir. Zənnimcə, qarşıda duran mühüm məsələ bu prosesi anlatmaqdan, internetin verdiyi imkanların ilk baxışdan kimlərəsə məsuliyyətsizlik kimi görünməsinin yaratdığı mənfi yönümlü eyforiyanı sarsıtmaqdan gedir. Nəzərə alaq ki, eyforiyaya qapılanlar bütün dünyada var və onlar texniki imkanlardan yararlanma bacarıqlarını digərləri üzərində üstünlük sayaraq özlərinin oyun qaydalarını qurmaq istəyiblər. Təbii ki, bu qaydalardakı siyasi məram da zamanla üzə çıxıb. Yaxın Şərqdə baş verən bir sıra proseslərin mahiyyəti hamımıza yaxşı məlumdur. Odur ki, məsələlərə həssas yanaşmaq lazımdır. Məqsədimiz media dəyərlərini qoruyub saxlamaqdırsa, bütün detalları nəzərə almalıyıq. Sahənin biliciləri ilə əməkdaşlıq qurmalı, fikir mübadiləsi aparmalıyıq. Mətbuat Şurası bütün bunları nəzərə alaraq 2014-cü ildə internet media ilə əlaqədar beynəlxalq konfransların təşkilini də prioritet vəzifə sayır.

– Fikir azadlığı və plüralizmdən söz düşmüşkən, 2013-cü ildə ölkədə söz və ifadə azadlıqlarının vəziyyətini necə dəyərləndirmək olar?

– Bütün dünyada belədir – söz və ifadə azadlığı ilə əlaqədar hansısa vahid dəyərləndirmədən söz açmaq mümkünsüzdür. Hər şeyin qaydasında olduğunu söyləmək doğru olmaz. Nə də vəziyyətin pisliyini iddia etmək düzgündür. Görülən işlər və qarşıya qoyulan məqsəd var. Əsas olan da elə budur. Ölkədə müstəqil medianın bazasını gücləndirmək üçün tədbirlər gerçəkləşdirilir. Jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, zamanla digər imtiyazların tətbiqi üzərində də dayanacağıq. Əlbəttə, mütərəqqi ictimai institut kimi mediamızın gələcəyinin daha parlaq olmasını istəyirik. Amma hər istək bir anın içərisində həyata keçmir. Mövcud anlamda təbii, arzuladığımız söz və ifadə azadlığı mühitinə nail olmaq istiqamətində yol gedirik. Həmin yolu nə qədər vaxta qət etməyimiz isə hamımızdan asılıdır.
Ümumən 2013-cü ili ölkədə söz və ifadə azadlığı baxımından pozitiv il adlandırmaq mümkündür. Zənnimcə, Azərbaycan mediasının mütəşəkkil komanda kimi özünü göstərə bilməsinin ayrı-ayrı örnəklərinə şahidlik etdik. Düşünürəm ki, ötən bir illik müddətdə həmin komandanın cəmiyyətdə baş verən proseslərə reaksiyası bir çox problemlərin müvafiq instansiyalara çatdırılmasında, aradan qaldırılmasında müstəsna rolunu oynadı. Cəmiyyətdə dördüncü hakimiyyət kimi medianın təsiri duyuldu. Əlbəttə, bu missiyanın yeni keyfiyyət göstəriciləri ilə zənginləşdirilməsinə ehtiyac var. Ümumən söz və ifadə azadlığı vacib dəyərdir. Demokratik dövləti, vətəndaş cəmiyyəti quruculuğunu onsuz təsəvvürə gətirmək mümkünsüzdür. Ancaq elə etmək lazımdır ki, həmin dəyərlər obrazlı desəm, evimizə pəncərədən və bacadan deyil, qapıdan, yəni sivil formada daxil olsunlar.

– Ötən ilin sonuna doğru Mətbuat Şurası qəzet yayımı ilə bağlı yaranmış problemləri aradan qaldırmaq istiqamətində aktiv iş apardı. Bununla əlaqədar xüsusi komissiya da yaradıldı…

– Mətbuat Şurası qəzet yayımı ilə bağlı vəziyyəti həmişə diqqət mərkəzində saxlayıb. Ötən ilin noyabrında cənab prezidentin media nümayəndələri ilə görüşündə bu məsələnin qabardılmasından, xüsusən də dövlət başçısının qəzet yayımına maneələrin dözülməz olduğuna dair fikirlərindən sonra işimizə daha sistemli yanaşdıq. Bununla əlaqədar xüsusi komissiya formalaşdırıldı və komissiya yayım firmalarının təmsilçiləri ilə birlikdə müvafiq araşdırmalar apardı. Mövcud sahədəki real vəziyyətin mənzərəsini canlandırdı və təkliflər paketini ölkə rəhbərliyinə təqdim etdi. Nəticə etibarilə müəyyən pozitiv meyllər yarandı. Düşünürəm ki, məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, insanların harada, yəni hansı yaşayış məntəqəsində yaşamasından asılı olmayaraq, informasiyaya olan tələbatının ödənilməsidir. Buna görə rentabellilik amili nəzərə alınmaqla paytaxtın, eləcə də respublikanın bir çox yerlərində qəzet köşklərinin olması, saylarının artırılması vacibdir. Məsələn, yalnız Bakı və ətraf qəsəbələrdən 500-dən artıq köşkün qoyulmasına ehtiyac var.
İkinci cəhət insanların çoxluq təşkil etdiyi yerlərdə qəzet satışının reallaşdırılmasıdır ki, bu isə birbaşa mətbuat orqanlarının mənfəəti nöqteyi-nəzərdən vacibdir. Əlbəttə, burada da cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsi amilindən yan keçilməməlidir. Media ictimaiyyətinin yekdil fikri bundan ibarətdir ki, insanların çoxluq təşkil etdiyi yerlərdə satış işi yoluna qoyulmalıdır.
Bakı günü-gündən abadlaşır, dəyişir. Bu baxımdan köhnə qəzet stendləri ümumi mənzərəyə uyğun gəlməyə bilər. Ancaq istərdik ki, yeni satış sisteminə keçid uğurla başa çatsın, yeni köşklərin qoyulmasınadək köhnə sistem saxlanılsın. Ümumən məsələ Mətbuat Şurasını düşündürür. Digər müvafiq qurumlarla birgə əməkdaşlıq sayəsində yaranmış vəziyyəti tənzimləmək üçün vasitələr müəyyənləşdirməliyik. Bakıda, bütövlükdə respublikamızın hər yerində geniş quruculuq və abadlıq işləri gedişində hansısa qəzet köşkü yerindən götürülə bilər. Ancaq ümumən şəhərsalmada məsələyə önəm verilməlidir. Mətbuat Şurasının təkliflərində də bu məqam yer alıb. Nəzərə almalıyıq ki, KİV-in maddi-texniki bazasının zəif olduğu indiki dövrdə qəzetlərin tirajı aşağı düşməməlidir. İndiyədək, səyyar satış işini həyata keçirən şəxslər olubsa, deməli, sahə özünü doğruldub. Burada söhbət səyyar qəzet satıcılarının fəaliyyətinin qanunlar çərçivəsində tənzimlənməsindən getməlidir. Özünü doğrultmuş sistemdən daha yaxşısını tapdıqdan sonra imtina edilməlidir ki, hərəkət məntiqi olsun. Düşünürəm ki, bütün bunlara kompleks yanaşılmalıdır.

– 2014-cü ildə Mətbuat Şurasının fəaliyyətində hansı məqamlar xüsusi əhəmiyyət daşıyacaq? Hansısa cəhəti fərqləndirmək mümkündürmü?

– Mətbuat Şurasının 2014-cü il üçün iş planı təsdiqlənib. Plana uyğun hərəkət edəcəyik. Sənəddəki hər bir fəaliyyət müstəsna səciyyə daşımaqdadır. Başlıca missiyamıza uyğun şəkildə media ilə bağlı şikayətlərin araşdırılmasını həyata keçirəcəyik. Qarşıda bizi Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin 130, o cümlədən Azərbaycanın ictimai fikir tarixində mühüm rolu olan Əli bəy Hüseynzadənin 150, Cəlil Məmmədquluzadənin 145 illik yubileyləri ilə bağlı mərasimlərin, eləcə də digər tematik toplantıların təşkili gözləyir. Qeyd etdiyim kimi, internet media sahəsində beynəlxalq toplantıların təşkilini nəzərdə tuturuq. İlk belə tədbiri aprel ayında gerçəkləşdirməyi planlaşdırırıq. Bundan öncə isə fevral ayında internet təhlükəsizliyi ilə bağlı tədbirimiz var.

Mətbuat Şurasının iş planında “Məmur-media dialoqu” layihəsi çərçivəsində regional müşavirələrin təşkili də önəmli yer tutur. Onu da qeyd edim ki, MDB məkanının özünütənzimləmə qurumlarının ötən il Ukraynanın Odessa şəhərində baş tutmuş illik toplantısında şəbəkəyə rəhbərliyin Azərbaycana keçməsi təsdiqləndi. Buna görə də növbəti illik toplantının ölkəmizdə təşkili gündəlikdə duran vacib məsələlərdəndir. Ənənəvi olaraq 22 iyul Milli Mətbuat Gününü, jurnalistika və ümumilikdə ictimai fikir tariximizlə bağlı bir sıra önəmli məsələləri diqqət mərkəzində saxlayacağıq. İnanıram ki, 2014-cü il istər Mətbuat Şurası, istərsə də bütövlükdə mediamız üçün daha məhsuldar keçəcək. apa

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO