Əbülfəs Qarayev: Bakı Forumu bəşəriyyəti narahat edən mövzuların müzakirəsi üçün qlobal platforma rolunu oynayır

Çağdaş dünyamızda mədəniyyətlərarası dialoq, tolerantlıq, sivilizasiyaların inteqrasiyası prioritetlərdən biri kimi diqqət mərkəzindədir. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan vətənimiz Azərbaycan uzun əsrlərdir ki, məhz bu dəyərlərin qorunduğu və inkişaf etdirildiyi mərkəz funksiyasını yerinə yetirir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu proses daha sürətlə və sistemli getməyə başlayıb.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.
18-19 may tarixində yenidən dünyanın diqqətini paytaxtımıza cəlb edəcək “Bakı prosesi” və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə sualları Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cavablandırır. Nazir qlobal əhəmiyyətli layihə və onun məqsədləri barədə fikirlərini bölüşdü.
– Bildiyiniz kimi, Azərbaycan dövləti və şəxsən ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə tarix boyu yaşamış və bu gün də yaşayırlar.
“Bakı prosesi” çərçivəsində ilk dəfə 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsinin iştirakı ilə yeni bir formatın əsası qoyuldu.
Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda Azərbaycanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmiş, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur.
“Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ilin 13-15 oktyabr tarixində Bakıda keçirilmiş islam ölkələri mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan artıq Avropa dövləti də dəvət olundu. Azərbaycan tərəfindən atılan bu addımlar beynəlxalq tədbirlərin iştirakçılarının tərkibinin müəyyənləşdirilməsinə yeni ənənələr gətirmiş oldu. Konfransın ilk günü tədbirdə iştirak edən Avropa Şurasına üzv dövlətlərlə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” keçirilmiş və birgə kommunike qəbul edilmişdir.
– Bu Forum, eləcə də qlobal mövzuların müzakirə olunduğu görüşlər hansı nəticəni hasil etdi?
– Ümumilikdə bu tədbir sanki bir çox yeni layihələrin sistemini yaratdı. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başladı. 2010-cu ilin 23 sentyabrında BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edildi. Nəticədə cənab Prezidentin himayəsi ilə 7-9 aprel 2011-ci il tarixində Bakıda 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil edildi.
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO kimi beynəlxalq təşkilatlar Forumun təşkilində əsas tərəfdaş kimi çıxış etdilər. Forum belə formatda ilk daimi tədbirdir ki, onun tərəfdaşları eyni zamanda dövlət və beynəlxalq təşkilatlardır.
Forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının nümayəndələri, ümumilikdə beş qitədən 500-ə yaxın xarici ölkə nümayəndəsi iştirak etmişdir. Tədbir çərçivəsində “Sülh və dialoqa nail olmaq üçün mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik”, “Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və irs”, “Qadınlar mədəniyyətlərarası dialoqun vacib iştirakçıları kimi”, “Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə təsiri”, “Dünya dinləri arasında mədəniyyətlərarası dialoq”, “Mədəniyyətlərarası dialoq və əməkdaşlığın inkişafına dair yeni təşəbbüs və layihələrin təqdimatları” mövzularında sessiyalar, AMEA-nın təşkilatçılığı ilə “Müasir dünyada dialoq fəlsəfəsi və mədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans, Avropa Şurasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası şəhərlər” layihəsinə üzv şəhərlərin merlərinin və nümayəndələrinin iştirakı ilə seminar, habelə Sivilizasiyaların İttifaqı uğrunda Qlobal Gənclər Hərəkatının (SİQGH) birinci konqresi, MDB ölkələrində mədəniyyətlərarası dialoqun ənənələri və perspektivləri: mədəniyyət, təhsil, kommunikasiya” mövzusunda seminar keçirilmişdir.
– Qitələrarası mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədilə yaradılan Mədəniyyətlərarası Əməkdaşlıq Platformasının fəaliyyət mexanizmi necə müəyyən edildi?
– Forum çərçivəsində Azərbaycan tərəfindən “5 A -Mədəniyyətlərarası Əməkdaşlıq Platforması”nın təsis edilməsi təşəbbüsü irəli sürüldü. Avropa, Asiya, Amerika, Afrika və Avstraliya qitələrinin adlarının Azərbaycan dilində “A” hərfi ilə başladığını nəzərə alaraq simvolik olaraq yeni platformanın adı “5 A” kimi göstərilir. Bu tədbirlərin dünyanın aparıcı informasiya vasitələrində işıqlandırılmasına da diqqət yetirildi. Çünki görülən iş, müəyyən olunan hədəflər beynəlxalq miqyasda təbliğ olunmalı idi. Ona görə də Forumun işıqlandırılması xüsusi diqqət mərkəzində saxlanıldı. Tədbirin media tərəfdaşı olan “Euronews” televiziya kanalı tərəfindən Mədəniyyətlərarası Dialoq Forumu haqqında süjet bir həftə ərzində 10 dildə 20 dəfə nümayiş etdirildi.
– Mədəniyyət və Turizm Nazirliyinin iki ildə bir dəfə keçirilən beynəlxalq tədbirin əlaqələndirici qurumu müəyyən edilməsi ilə bağlı ölkə başçısı fərman imzaladı. Bundan sonra nazirlik tərəfindən hansı addımlar atıldı?
– Xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə imzalanan həmin fərmana uyğun olaraq ölkə başçısının himayəsi və iştirakı ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun əsas tərəfdaşları qismində yenə də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar birlikdə çıxış etdilər.
Forumun açılış mərasimindən öncə, 29 may tarixində BMT Baş Assambleyası tərəfindən 2001-ci ildə elan edilmiş 21 May – Ümumdünya Mədəni Müxtəliflik Günü şərəfinə Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı ölkəmizdə ilk dəfə “Mədəni çeşidlilik üçün nəsə et” qlobal kampaniyasının kulminasiya tədbirini keçirdi. Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab Nassir Əbdüləziz Əl-Nasser, bir sıra ölkələrin mədəniyyət və turizm nazirləri, ekspertlər iştirak etdi. Tədbir çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “5 A – Mədəniyyətlərarası Əməkdaşlıq Platforması” çərçivəsində mədəni çeşidliliyi təbliğ edən hər qitədən bir layihənin təqdimatı keçirildi.
30 may tarixində Heydər Əliyev Mərkəzində Forumun rəsmi açılış mərasimində çıxış edərkən Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər və tövsiyələr bu tədbirin ümumi müzakirəsinin istiqamətlərini bir daha aktuallaşdırdı. Mərasimdə 115-dən çox ölkənin nümayəndəsi, 13 beynəlxalq qurumun rəhbər şəxsləri (UNESCO, BMT Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, İSESCO, İRSİKA, Avropa Şurası, AŞ Şimal-Cənub Mərkəzi, NATO, TÜRKSOY, TDƏŞ, Ərəb Liqası, ASEAN, Amerika Dövlətləri Təşkilatı), 70-dən çox nüfuzlu QHT, beyin mərkəzlərinin nümayəndələri, 100-dən çox məşhur alim və professorlar, ekspertlər – ümumilikdə 600 nəfərə yaxın xarici nümayəndə iştirak etmişdir. Tədbir çərçivəsində “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər – birgə irs, ümumi vəzifələr, davamlı gələcək”, “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətdə hibridləşmə” plenar sessiyaları, “Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər”, “21-ci əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması”, “Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?”, “Qərb-müsəlman əlaqələri: qarşıdurmadan əməkdaşlığa”, “Turizm – insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi”, “21-ci əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması”, “Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi”, “Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru”, “Mədəniyyətlərarası dialoq: etiqad və elm”, “Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu” mövzularında sessiyalar keçirildi.
– İkinci Forum çərçivəsində və dünyada ilk dəfə mədəniyyət və turizm sahələrinə məsul olan nazirlərin 1-ci konfransı keçirildi. Bu toplantının digərlərindən əsas fərqi nədən ibarət oldu?
– Konfransın yekununda kommünike qəbul edildi. Forum çərçivəsində Avropa, Amerika və islam dünyasında ictimai və siyasi sahədə fəal olan BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə BMT-nin İnkişaf Edən Liderlər Proqramı üzvlərinin 1-ci Məzunlar sammiti təşkil edildi. Həmçinin Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən birgə elan edilən beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Müsabiqənin qalibləri olan Fələstin, Livan, Misir və Tacikistan nümayəndələrinə diplomlar təqdim edildi.
Yəni Bakı Forumu digər ölkələrdə keçirilən tədbirlərdən fərqli olaraq həm bəşəriyyəti narahat edən mövzuların müzakirəsi üçün qlobal platforma rolunu oynayır, həm də çeşidli mədəni aksiyalarla mədəniyyətlərin yaxınlaşması üçün praktik fəaliyyət və layihələri özündə birləşdirir.
Forumun digər əsas fərqləndirici cəhətlərindən biri də odur ki, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO kimi beynəlxalq qurumların Forumun tərəfdaşları olması ölkəmizin multikulturalizm və mədəniyyətlərarası dialoqa dəstək siyasətini beynəlxalq gündəlikdə saxlamaqla foruma unikal platforma mahiyyəti verir və adıçəkilən beynəlxalq qurumları öz ətrafında birləşdirən yeganə tədbir kimi beynəlxalq səhnədə əhəmiyyətli rol oynamasını təmin edir.
– Forum və “Bakı prosesi” artıq beynəlxalq siyasi-mədəni terminologiyada öz yerini tutub və Azərbaycan dövləti bu təşəbbüsün daşıyıcısı kimi gələcək üçün ciddi layihə və təkliflər üzərində işləyir. Növbəti Forumda hansı məsələlərin müzakirəsi nəzərdə tutulur?
– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə 18-19 may tarixində Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Forumun kifayət qədər maraqlı proqramı var və mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum çərçivəsində “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” – mədəni hüquqlar, ekstermizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşması və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar, mədəniyyət paytaxtlarının dialoqu görüşü, mədəniyyət və turizm nazirlərinin 2-ci Dünya konfransı, həmçinin ilk dəfə UNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ilk ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər keçiriləcək. Mədəniyyətlərin dialoq fəlsəfəsini özündə əks etdirən xüsusi mədəni proqramın hazırlanması da əvvəlki tədbirlərdə olduğu kimi, bu Forumda da yenilik axtarışında olmağımızı bir daha nümayiş etdirəcək.
– Forumun tərəfdaş beynəlxalq qurumları Azərbaycan tərəfi ilə birgə dəvət məktublarına imza atıblar. Bu, hansı ehtiyacdan yarandı?
– Tərəfdaş beynəlxalq qurumların birgə imzası Forumun qlobal miqyasını göstərməklə yanaşı, gündəmə gətirdiyi problemlərin aktuallığını da ifadə etmiş olur. Çünki III Forumun “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi üç mühüm komponenti – birgəlik, təhlükəsizlik və mədəniyyəti əsas götürür. Diqqət etsək görərik ki, bu üç məfhum olmadan istənilən dialoqun reallaşması mümkün deyil.
– Tədbirin dünya miqyasında təbliği üçün daha hansı addımlar atılır?
– Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən ölkələrin paytaxtlarında və beynəlxalq qurumların baş qərargahlarında təqdimat mərasimlərinin təşkil edilmişdir. 2013-cü ilin 18 dekabr tarixində paytaxtımızda “Bakı prosesi”nin 5 illik yubiley mərasimi keçirilmişdir. Tədbirdə Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru Mayk Hardi təqdimatla çıxış etmişdir. Mərasimdə Azərbaycan ictimaiyyətinin nüfuzlu şəxsləri, dövlət rəsmiləri, ziyalılar iştirak etdilər.
2014-cü ilin 13 martında London şəhərində “Mədəniyyətlərarası dialoq üçün “Bakı prosesi”nin 5 illik yubileyinə həsr olunmuş mərasim keçirildi. Mərasimdə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin bu ölkənin nüfuzlu siyasətçiləri, parlament üzvləri və elm xadimləri bir araya gəldilər.
Bundan başqa, 2015-ci ilin yanvarında Nyu-York şəhərində “Bakı prosesi” və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri keçirildi. Yanvarın 28-də Nyu-Yorkun tarixi və mötəbər binalarından olan “Seynt Recis” mehmanxanasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi və Etnik Anlaşma Fondunun birgə təşkilatçılığı ilə “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli təqdimat mərasimi təşkil olundu. Tədbirdə nüfuzlu dini, siyasi və mədəniyyət xadimləri, akademik dairələrin təmsilçiləri iştirak etdilər. Yanvarın 30-da BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında “Bakı prosesi” və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı oldu. Tədbirə BMT yanında xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, səfirlər, katibliyin əməkdaşları və təşkilatın ixtisaslaşmış qurumlarının yüksək səviyyəli nümayəndələri toplaşmışdılar.
– Foruma həsr edilən tədbirlər hansı vacib nəticələrə hesablanır?
– İlk olaraq Azərbaycan dövlətinin, bilavasitə ölkə başçısı cənab İlham Əliyevin “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü BMT çərçivəsində həm ikitərəfli görüşlərdə, həm də təqdimat mərasimi ilə qeyd edilməklə ölkəmizin qlobal layihəsinin beynəlxalq statusunu bir daha rəsmiləşdirdi. İkinci tərəfdən, Azərbaycan dövləti öz timsalında bir daha dünyaya və beynəlxalq qurumlara göstərdi ki, qlobal mədəniyyətlərarası dialoq və anlaşmaya yönələn təşəbbüslərin bu ənənələrin tarixən mövcud olduğu məkanlarda həyata keçirilməsi daha məqsədəuyğundur. Təbii ki, bu tədbirlər Azərbaycanda ali hakimiyyətin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoq vasitəsilə dünyada qarşılıqlı anlaşma, sülh və təhlükəsizliyə göstərdiyi dəstəyini bir daha nümayiş etdirdi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO