Zaur İbadov: “Mətbuat Şurasının məktubu müqavilənin ləğvi üçün əsas ola bilməz “

Mətbuat Şurasının mətbuat orqanlarına qarşı hücumu səngimək bilmir. Mətbuatın problemlərini həll etmək kimi üzərinə funksiyalar düşən Mətbuat Şurası qəzetlərin satışına mane olmaqdan belə çəkinmir. Hər kəsə məlumdur ki, Mətbuat Şurası daxili təlimatına uyğun olaraq mətbuat orqanlarını qara siyahı adı altında “reket” elan edir. Bununla da həmin mətbuat orqanlarına qarşı guya ictimai qınaq yaratmağa çalışır. Amma bu addımın heç bir effekt vermədiyini görən Mətbuat Şurası “reket” elan etdiyi qəzetlərin satışına da mane olmaqdan ötrü yayım firmalarına müraciət edir ki, həmin nəşrlərin yayımı həyata keçirilməsin. Çox təəssüflər olsun ki, konkret olaraq “Qasid” yayım firması Mətbuat Şurasının bu müraciətini əsas tutaraq ikitərəfli formada imzalanmış müqaviləni pozaraq, qəzetlərin satışını təşkil etmir. Təbii ki, Mətbuat Şurasının və yayım firmasının bu addımı mətbuata basqı kimi qiymətləndirilməlidir.

Yuxarıda qeyd olunan məsələ ilə bağlı ölkənin tanınmış hüquqşunaslarının, hüquq müdafiəçilərinin, ziyalıların fikirlərini öyrəndik. Onların Mətbuat Şurası barədə fikirləri isə olduqca maraqlıdır. Bu üzdən oxumağınıza dəyər.

Qeyd olunan məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu bu kimi şeylərə təəssüfləndiyini bildirdi: “Mətbuat Şurası özü məsələ qaldırır ki, “Diffomasiya haqqında” Qanun qəbul edilsin, amma digər tərəfdən belə şeylərə əl atır. Doğrudan da, onlar bu hərəkəti ilə özləri özlərini təsdiq edirlər. Bu heç də söz azadlığının Azərbaycanda bərqərar olmasına kömək etməz. Hesab edirəm ki, Mətbuat Şurası tərəfindən atılan bu addım yanlışdır”.

Digər hüquq müdafiəçisi Çingiz Qənizadə isə hesab edir ki, Mətbuat Şurasının belə bir addımı qərar kimi qəbul edilə bilməz: “Düzdür, ölkədə reket jurnalistlərin sayı çoxdur. Və belə şeylərə son qoyulmalıdır. Amma bunu inzibati yolla yox, maarifləndirmə vasitəsilə həll etmək mümkündür. Ən azı Mətbuat Şurasının ictimai təşkilat olaraq qərarı və onun açıqlaması maariflənmə xarakteri daşıya bilər. Amma inzibati yolla bu kimi məsələlərin həllinin tərəfdarı deyiləm və hesab edirəm ki, bundan məhkəmə çəkişməsinin qoxusu gəlir. Qəzetlərin nə qədər ki, qeydiyyatı ləğv olunmayıb, onların yayımına qadağa qoyulması yolverilməzdir”.

Azərbaycan Ziyalıları Hərəkatının sədri Eldəniz Quliyev qeyd etdi ki, Mətbuat Şurasının son zamanlar atdığı addımların hamısı medianın azadlığına qarşı, onun hüquqlarının pozulmasına yönəlib: “Son addımı da mən bu cür dəyərləndirirəm. Mən özlərinə də demişəm, əgər “reket” qəzet elan edirsənsə, onda “reket” qəzetlərdən başla. Yəni başla rəsmi qəzetlərdən ki, onlar rayonlarda idarə, icra hakimiyyəti qalmayıb ki, zəli kimi həmin müəssisələrə darışıblar. Bu qəzetlərə toxunmursansa və digər qəzetləri “reket” elan edirsənsə, deməli bəri başdan qərəzlisən. Həm “reket” barədə qərar, həm yayım firmaları ilə bağlı məsələ düşünürəm ki, nəinki səhv addımdır, hətta düşünülmüş şəkildə atılmış bir addımdır”.

Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov qeyd etdi ki, bu gün Azərbaycanda “reket”çiliklə, bəzən dilənçiliklə məşğul olan qəzet işçiləri kimi özünü tanıdan insanlar var. Belə şəxslərin heç birini qəzetçi, jurnalist hesab etmirəm: “Amma elə mətbu orqanlar var ki, onlar dəfələrlə məhkəmələrə verilmələrinə və qalib çıxmalarına baxmayaraq, onların haqqında “reket” ifadəsinin işlədilməsi yolverilməzdir. Ən azı hüquqi baxımdan bu cür qərar qəbul edərkən Mətbuat Şurası dəfələrlə ölçüb-biçməlidir. O cümlədən “Gündəlik Bakı”, “Təzadlar” kimi qəzetlərə belə bir adın verilməsi əlbəttə ki, səhvdir. Mətbuat Şurasının qara siyahıya saldığı qəzetlərlə bağlı yayım firmalarına müraciət etməsi məsələsinə gəldikdə isə hesab edirəm ki, Mətbuat Şurasının buna hüququ yoxdur. Mətbuat Şurası müəyyən məsələlərlə bağlı məsləhət xarakterli qərarlar qəbul edə və müraciətlər ünvanlaya bilər. Amma onun müraciəti hüquqi, məcburi deyil. Eyni zamanda hesab edirəm ki, Azərbaycanda Mətbuat Şurasının götürdüyü bu xətt Azərbaycanda söz, mətbuat azadlığına yaradılmış geniş imkanlarla bir araya sığmır. Bu artıq senzura rolu oynamaq deməkdir. Ona görə də qəti şəkildə bunu pisləyirəm. Əgər “Qasid”, yaxud hansısa firma Mətbuat Şurasının göndərdliyi məktub əsasında müqaviləni pozursa, onda əslində həmin firma özünə inamsızlıq, etibarsızlıq yaradır. Bu gün Azhərbaycanın söz azadlığı, demokratiya baxımından inkişafa doğru getdiyi bir zamanda Mətbuat Şurasının belə bir addım atması yolverilməzdir”.

Hərbi ekspert Üzeyir Cəfərov belə bir addımın qeyri-qanuni olduğunu bildirdi: “Hesab edirəm ki, belə bir addım Mətbuat Şurasının funksiyalarına daxil olan məsələ deyil. Mətbuat Şurası mətbuatın kifayət qədər yığılıb qalmış problemlərini həll etsə, daha yaxşı olar. Amma təəssüflər olsun ki, bu gün Mətbuat Şurası başqa işlərlə məşğuldur. Hesab edirəm ki, Mətbuat Şurasının hansısa qəzeti qara siyahıya salması son nəticə deyil. Mətbuat Şurası məhkəmə deyil ki, hansısa qərar çıxarsın. Düzdür, Azərbaycanda çox şeylər öz dəyərini dəyişir, o cümlədən Mətbuat Şurası hansısa qərarlar qəbul edir. Əgər biz hüquqi dövlət deyiriksə, hüquqi dövlətdə son söz məhkəmənin olmalıdır. Məhəkəmə araşdırmasının nəticəsi olaraq hansısa qəzetin qanunazidd, yaxud da ki, qanunlar çərçivəsində fəaliyyət göstərməsinə hüquqi qiymət verilməlidir. Düşünürəm ki, Mətbuat Şurasının bir sıra addımları Azərbaycan qanunları ilə ziddiyət təşkil edir. Yayım firmaları da hesab edirəm ki, belə işlərə getməməlidir. Çünki yayım firmaları ictimaiyyətin, cəmiyyətin daha çox maraq göstərdiyi qəzetləri satmaqla özlərinə müəyyən gəlir əldə edirlər. Ona görə də ilk öncə onlar öz gəlirlərini düşünməlidirlər. Hesab edirəm ki, Mətbuat Şurasının bu addımı o qədər də yerində atılmayıb və bu, Şuranın səlahiyyətlərindən kənar olan məsələdir”.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, tanınmış hüquqşunas İntiqam Əliyev qeyd etdi ki, Mətbuat Şurasının qəzetləri “reket” adlandırması biabırçı bir faktdir: “Reket anlayışı ilə bağlı çox ciddi məsələlər çıxıb ortaya. “Reket” deyəndə Mətbuat Şurasının nəyi nəzərdə tutuduğu ilə bağlı verilən suallara biz cavab ala bilmədik. Əgər cinayət əməlindən söhbət gedirsə, bu, prokurorluq orqanlarının işidir, yəni Mətbuat Şurasının işi deyil. Yox əgər “reket” deyəndə hansısa etik qaydaları pozan qəzetdən söhbət gedirsə, Mətbuat Şurasının nizamnaməsində qəzetlərin “reket” adlandırılması ilə bağlı heç nə yoxdur. Ümumiyyətlə, ictimai birlik olan Mətbuat Şurası tərəfindən hər hansı bir qəzetin “reket” elan edilməsi ictimai birliyin funksiyalarına zidd olan bir şeydir. Çünki faktiki olaraq bu yolla Mətbuat Şurası hər hansı bir qəzeti cinayət əməlində iştirakda ittiham edir. Düşünürəm ki, Mətbuat Şurasının bu addımı ondan irəli gəlir ki, bu Şura öz funksiyalarını, missiyasını dərk etmir. Dünyanın bütün yerində Mətbuat Şurasının işi vətəndaşların media ilə bağlı verdikləri şikayətlərə baxmaqdır. Bu ona görə nəzərdə tutulub ki, vətəndaşlar məhkəməyə müraciət etməsinlər və problem məhkəməyə çatmadan həll olunsun. Bizim Mətbuat Şurası isə bu kimi işlərə normal baxmaq, onları araşdırmaq imkanında deyil. Çünki bu kimi işləri araşdıranda ciddi peşəkarlıq tələb olunur. Onların bacarığı olmadığından, əsas funksiyası bir kənara qalıb, funksiyalarına zidd fəaliyyətlə məşğuldurlar. Mətbuat Şurası ilə bağlı bilirik ki, bir neçə məhkəmə işi qaldırılıb. Burada çox maraqlı məsələ odur ki, Mətbuat Şurası üzvü olmayan qəzetləri “reket” adlandırır”.

Yayım firmalarına gəldikdə isə tanınmış vəkil bildirdi ki, əgər yayım şirkəti Mətbuat Şurasının məktubunu əsas götürərək qəzetləri yaymaqdan imtina edirsə, bu növbəti özbaşınalıqdır: “Mətbuat Şurası nə məhkəmədir, nə prokurorluqdur ki, onun hər hansı göstəriş vermək səlayiyyəti olsun. Bir daha deyirəm ki, bu kimi məktubların ünvanlanması da onu göstərir ki, Mətbuat Şurası öz funksiyaları barədə çox səthi təsəvvürlərə malikdir. Yayım firmalarının da belə göstərişləri yerinə yetirməsi, onların öz fəaliyyətləri, missiyaları barədə məlumatlarının məhdud olduğunu göstərir”.

Tanınmış vəkil Zaur İbadov bildirdi ki, Mətbuat Şurasının yayım firmasına hansı formada müraciət etməsinin əslini görmədən bu məsələni qiymətləndirmək bir az çətindir: “Çünki bilinməlidir ki, hansı formada müraciət olunub və bu müraciət “Qasid” firmasının sizinlə bağladığı ikitərəfli müqaviləni bitərfli qaydada ləğv etməyə əsas verir, ya vermir. Müqavilənin ləğv olunması qanunvericilikdə şərtlərlə qeyd olunub. Yəni qanunvericilikdə müqavilənin hansı şərtlərlə ləğv olunması göstərilib. Mülki qanunvericiliyin tələblərinə görə müqavilənin ləğvi üçün əsaslar olmalıdır. Bu əsaslar olmadıqda müqavilə təbii ki, ləğv edilə bilməz. Hesab edirəm ki, Mətbuat Şurasının məktubu ləğv üçün əsas ola bilməz. Digər tərəfdən müqavilənin ləğv olunması üçün heç olmasa tərəfə bir ay əvvəlcədən rəsmi məlumat verilməlidir. Qanunvericiliyin tələbinə görə rəsmi göndərmə ya “Poçt haqqında” Qununla poçt vasitələsi də, ya da təqdim edilib tərəflərə imza edilməlidir”.

Tanınmış vəkil Əyyub Kərimov hər hansı məhkəmə qərarı olmadan bağlanmış müqavilənin Mətbuat Şurasının müraciəti əsasında ləğv etməsi qanunsuzdur: “Müqavilənin ləğvi ilə bağlı məhkəmənin qərarı olmalıdır. Mətbuat Şurasının müraciəti ilə əlaqədar qəzetin yayımının dayandırılması hesab edirəm ki, qanunazidd hərəkətdir. Digər tərəfdən Mətbuat Şurası ilə mətbuatın çəkişməsini mən məqsədəmüvafiq saymıram. Çünki Mətbuat Şurası mətbuatla çəkişməli deyil, əksinə mətbuatın üzləşdiyi problemin həllinə kömək etməlidir. Əgər belə hallar davam edəcəksə, bu nə mətbuata, nə də Mətbuat Şurasına başucalığı gətirəcək. Mən hüquqşünas olaraq hesab edirəm ki, Mətbuat Şurası hansısa etik, davranış qaydalarını pozan qəzetlərlə bağlı ictimai qınaq xarakterində öz mövqeyini bildirə bilər. Ona görə ictimai qınaq ki, əgər Mətbuat Şurasının cəmiyyətdə hörməti varsa, cəmiyyət bu qınağa hörmət əlaməti olaraq həmin qəzeti oxumayacaq və həmin qəzeti ciddi mətbuat orqanı saymayacaq. Mən vaxtilə Mətbuat Şurasının hüquq komissiyasının sədri olmuşam və o vaxt bu kimi məsələlərə qarşı çıxırdım, mövqeyimi bildirirdim. Mətbuat Şurasında da mənim dostlarım var və hesab etmirəm ki, Şuranın bütün üzvləri mətbuatın düşmənidirlər. Ancaq Mətbuat Şurası mətbuata qarşı çıxmaqla cəmiyyətdə nüfuz qazanmamalıdır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO