Yol polisinin işində dəyişiklik hiss olunurmu? (Maşını olan jurnalistlərin cavabı)

Daxili İşlər Nazirliyi son vaxtlar vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə bir qrup yol polisinin ciddi cəzalandırıldığına dair müxtəlif məlumatlar yayıb.

Bəs belə tədbirlərdən sonra yol polislərinin sürcülərə qarşı davranışlarında dəyişiklik hiss olunurmu? Modern.az bu suala şəxsi avtomobili olan jurnalistlərdən cavab öyrənməyə çalışıb.

“Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədli yol polislərinin sürücülərlə davranışında dəyişiklik hiss olunmadığını, hər şeyin əvvəlki kimi qaldığını vurğulayıb.
“Dünən tələsdiyimə görə yolda xətti bir balaca keçdim. Hadisə Səməd Vurğun heykəlinin qarşısından Milli parka gedən istiqamətdə oldu. Bu da ondan irəli gəlir ki, mənim xətt keçdiyim yerdə işıqfor düzgün tənzimlənmir. Yəni gərək orada dəqiqələrlə gözləyəsən ki, yaşıl işıq yansın və sən maşınını sürəsən. Üstəlik buna görə tıxac yaranır. Adamın səbri də çatmır”.

İ.Məmmədli bundan məlumatı olan polislərin sürücüləri saxlamaq üçün bilərəkdən orada dayanıb gizləndiklərini söyləyib: “Dövlət Yol Polisinin maşının nömərisi 403 idi. Orada baş leytinant Xəyyam İsrafilovla bir balaca mübahisəmiz oldu. Hətta aramızda pul söhbəti də oldu, sadəcə jurnalist olduğuma görə çox da uzatmadı. Bir sözlə, dil tapmaq mümkün olmadı”

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev yol polislərinin sürücülərə qarşı davranışlarında bir dəyişikliyin ola biləcəyinə inanmadığını qeyd edib.

“Yəni sistem dəyişməsə, dəyişən deyillər. Birincisi onların bir çoxu təhsilsizdir. Polislər təhsilli olmalıdırlar, onlar arasında maarifləndirmə aparılmalı, təlimlər keçirilməlidir. Təbii ki, bunu bütün yol polisi işçilərinə aid etmək olmaz. Amma bütövlükdə onların 80 faizi standartlara cavab vermir. İkinicisi, qayda-qanunların çoxunu heç özləri bilmirlər. Üçüncüsü də vətəndaşlarla necə davranmaq üçün onlara yetərincə təlimlər keçirilməyib. Onlara ancaq “səhər razvoda gəl!”, “axşam razvoda gəl!” deyilir, bununla da qurtardı getdi”.

“Qafqazinfo”nun əməkdaşı Elnur Məmmədli hesab edir ki, polislərin sürücülərə qarşı davranışı əvvəlki kimidir, yəni normaldır. Onun sözlərinə görə münasibət əvvəllər də pis olmayıb.
“Polislər normal maşın sürənlərə qarşı həmişə normal olub, elə indi də. Yəni mən fərq hiss etmirəm. Ümumiyyətlə, yol polisləri tərəfindən çox saxlanmıram. Ancaq qaydaları pozanda məni saxlayırlar”.

Son 6-7 ay yol polisləri ilə qarşılaşmayan “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli ümumiyyətlə qaydaları pozan sürücü olmadığını da vurğulayıb.
“Axırıncı dəfə rayona gedəndə polis məni saxlamışdı. Bu da keçən il seçkilərdən sonra, dekabr ayında olmuşdu. Onda da mənə çox normal şəkildə davranmışdılar”.

E.Məmmədli polislərin sürücülərə qarşı davranışının insanların şəxsi keyfiyyətindən asılı məsələ olduğunu deyib.
“Bir qayda olaraq köhnə polis əməkdaşları, hardasa 5-10 il işləyən polis işçiləri, xüsusilə zabitlər vətəndaşlarla etik çəriçivədə davranırlar. Bəzən olur ki, polis siteminə yeni gələn şəxs davranış qaydalarını, yaxud sürücü ilə rəftar qaydalarını tam mənimsəyə bilmədiyindən problemlər yaranır, anlaşılmazlıq olur. İstənilən halda bu peşəkarlıqla bağlı olan məsələdir”.

Amma sürücü jurnalist özünün polislə belə bir konflikt yaşamadığını bildirib.
“90 faiz hallarda jurnalist olduğumu bildirməmişəm, adi vətəndaş kimi qayda pozmuşamsa, cəriməmi ödəmişəm və sənədlərimi təqdim etmişəm. Qayda pozmamışamsa da sürüb getmişəm”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Xalid Vahidoğlu da son vaxtlar polis tərəfindən saxlanılmadığı üçün onların sürücülərə qarşı davranışında elə bir dəyişiklik də görməyib.

“Ümumiyyətlə, son 10 ay müddətində məni polis saxlamayıb. Amma əvvəlki aylara nisbətən küçələrdə polislərin sayı bir qədər azdır. O müşahidə olunur”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO