Yeniləşmiş təlimat haqda nə fikirlər var?

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Mətbuat Şurasının hansısa qəzetə “reket nəşr” adı verməsini, yaxud onun üzərindən bu adı götürməsini qəbul eləmir. Elə bu səbəbdən də media eksperti Mətbuat Şurasının “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair təlimat”ının detalları ilə tanış olmağa lüzum görmür: “Bu kimisə məhkəməsiz cinayətkar elan eləməyə oxşayır. Kimsə cinayət törədib, ya yox hökmü verməyə. Sağlam düşüncəli adam üçün bu təlimatın detallarının heç bir anlamı yoxdur. Qəribədir, sanki hansısa qeyri-hökumət təşkilatı caninin üzərindən cinayətkar adının götürülməsi qaydası açıqlayır”.

“Media forum”a danışan A.Əliyev ictimai qınağın işə salınmasını müsbət cəhd kimi dəyərləndirir: “Bu halda prosesin adı olur peşə, davranış qaydalarını pozan qəzetlərlə mübarizə. Amma Cinayət Məcəlləsində nəzərdə tutulan bir əməllə sənəd adlandırmaq, kimisə “reket” müəyyənləşdirib, ya da bu adı onun üzərindən götürmək… Əgər söhbət ictimai qınaqdan gedirsə, onu elə bu cür də adlandırmaq vacibdir. Hər şey öz adı ilə adlandırılmalıdır”.

“Media forum”un digər müsahibi – Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə təlimatdakı dəyişikliyi normal qarşılayır: “Reket nəşr”lər siyahısına salınan çox qəzet var. Onların arasında nöqsanlarını aradan qaldıran mətbu orqanlar da yox deyil. Bu dəyişikliyin əsas məqsədi də odur ki, öz fəaliyyətində dönüş edən KİV-lər üçün çıxış yolu qoyulsun”.

Y.Məmmədli hesab edir ki, təlimata edilən əlavələr şəraitin diktə elədiyi vəziyyətdən irəli gəlir: “Səhv yolda olan, sonradan normal fəaliyyətə dönənlər üçün bir yol qoyulması ədalətlidir. Məqsəd hansısa qəzetin adını siyahıya salmaq deyil, məqsəd reketçiliyin aradan çıxmasıdır. Təlimatda bunun üçün KİV-lərə bir il müddət verilib. Bir il uzun müddətdir, bu vaxt ərzində onların monitorinqi aparıla bilər, fəaliyyəti izlənilə bilər və dəqiq nəticə çıxarıla bilər”.

Mətbuat Şurasının İdarə Heyətinin qərarı ilə oktyabrın 22-də “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair təlimat”a əlavələr edilib. Yenilənmiş sənəddə KİV-lərin üzərindən “reket nəşr” adının götürülməsi qaydaları da yer alıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO