Yeni rubrika – “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı…

Yeni rubrika - “Mərhum jurnalistlərdən seçmələr”: Məmməd Nazimoğlu yazırdı...Müstəqil Azərbaycan mətbuatının tarixində özünəməxsus istedadı, yazı tərzi, fərqli üslubu ilə oxucu rəğbəti qazanmış bir sıra tanınmış imza sahibi bu gün aramızda deyil. Dünyasını dəyişsələr də, onların yazıları hər zaman xatırlanır… Məmməd Nazimoğlu, Adil Qaçayoğlu, Hüseyn Əfəndi, Elçin Səlcuq, Elmar Hüseynov, Aqşin Kazımzadə, Rafiq Tağı… Siyahını xeyli uzatmaq olar…
Modern.az saytı yeni bir rubrikaya başlayır. “Mərhum jurnalistlərdən seçmələr” adlı bu rubrikada dünyasını dəyişən tanınmış imza sahiblərinin qələmindən süzülən yazılar oxucuların ixtiyarına veriləcək.
İlk olaraq təkrarsız qələm sahibi Məmməd Nazimoğlunun yazılarından seçmələri təqdim edirik

Beləliklə, Məmməd Nazimoğlu yazırdı:

Cəlladın küsməkliyi

Eynəkli bir kişi idi. Dizi üstə əyləşdirib başını kötüyün üstünə qoymuşdular. Boynu düz kötüyün ortasına düşmüşdü. Adamın həvəsi gəlirdi: az qalırdı baltanı götürüb eynəkli kişinin boynunu vurasan. Amma bizim yerlərdə sənətkarın instrumentinə əl vurmaq “zapodlo” sayılır. Bu işi yalnız ustad özü görməliydi. O isə gəlib çıxmırdı. Arxasınca adam göndərdilər.

Cəllad bütün dünyadan küsüb bikef oturmuşdu. Gələnlər vəziyyəti danışdılar. Söylədilər ki, baş kötüyün üstündə hazır vəziyyətdə dayanıb sizin ifanızı gözləyir.

Cəllad açıldı, nə açıldı: əşi, mən də bir nəfərəm də, çatdıra bilmirəm axı… Məni də adam əkib, adam doğub da… qaya yarığından-zaddan çıxmamışam ki?

Amma bütün böyük sənətkarlar kimi cəllad da gələnlərə “gedin”, özünüz baltalayın” ifadəsini işlətmədi.

Gələnlərdən biri cəllada dedi: vallah, siz gəlməsəniz, onu asacaqlar… yazıqdı axı…

Cəllad yumşaldı. “İnsanları dar ağacından asmaq insafsızlıqdır”, – dedi.

O, özünün insanlar üçün nə qədər gərəkli olduğunu bir daha anladı.

…Lakin yanındakılara büruzə vermədi… Bütün dahilər kimi…

***

Rəfael Allahverdiyevin gülməkliyi…

Rəfael Allahverdiyev telefonla danışır:
– Hi-hi-hi…əşi, ölmüşəm gülməkdən… SİDSUH-dan uşaqlar gəlmişdi… o qədər zarafatcıldırlar ki… Bilirsən nə deyirlər? Deyirlər, icazə ver Azadlıq meydanında mitinq eliyək… əşi, Allah saxlamışlar… vallah, müxalifətdə də deyib-gülən oğlanlar var…

***

Xalqım və mən

Çoxdan idi xalqımı görmürdüm. Dünən çayxanada rastlaşdıq.

– Necə yaşayırsan? – deyə soruşdum.

Xalqım cavab verdi:

– Lenin kimi…

Mən dedim:

– Pah! O nə cür olur ki?

Xalqım dedi:

– Nə birdəfəlik qəbir qazıb basdırırlar, nə də yemək verirlər.

***

Qan qardaşları

İsa Qəmbərlə Tahir Kərimli “Şuşa” restoranında oturub bir qismət çörək kəsirlər. Elçibəyin Müsavata naz atdığı çağlardı. İsa bəy baxır ki, Vəhdəti öz tərəfinə çəkməyin əsl vaxtıdır. Stolun kabab məqamı çatanda İsa bəy deyir:

– Tahir bəy, neçə ilin dostuyuq. Tonnan duz-çörək kəsmişik. Deyirəm, bəlkə qardaş olaq?

Təklif Tahir bəyi möhkəm kövrəldir:

– İsa bəy, mən neçə vaxtdı demək istəyirdim, amma ürək eləmirdim. Mən ikiəlli razı. Gəl əhd-peyman bağlayaq, qardaş olaq.

Bəli, bəylər əhd-peyman bağlayıb qardaş olurlar.

Birdən İsa bəy deyir:

– Tahir, qardaşım, biz ki əhd-peyman bağlaıq, qardaş olduq, gərək bir-birimizin halını-xasiyyətini bilək. Bax, sənə bəri başdan deyirəm, mənə arxayın olub mitinqə çıxma, dava eləmə, tutulma…

Tahir bəy tələsik:

– İsa, qardaşım, sən də mənim yanımda sirrini-sözünü danışma, ağzım qızışar, faş eliyərəm…

***

Müxalifətin qansız mübarizə taktikası

*Kal xurmanı xırda-xırda doğrayıb tənzifdən keçirin, üstünə bir çimdik darçın əlavə edib bərk-bərk qarışdırın. Vam odda qurudub üstünə zeytun yağı əlavə edin. Mitinq zamanı həmin məhlulu mitinqçilərin alnına sürtsəniz, polis gələndə qaçmazlar.

*İki şüşə dağdağan şirəsini bir şüşə cecə arağına qatıb üstünə bir çimdik istiot atın. Bərk-bərk çalxalayıb polis rəisinin otağının həndəvərinə töksəniz, rəis otaqdan çıxa bilməz.

*İsa Qəmbərin qəlyanının külünü şirin nar kökünün qabığının tozu ilə qarışdırıb üstünə iki çay qaşığı kələm suyu əlavə edin. Göyərçin yumurtasını sındırıb qabığını həvəngdəstədə bərk-bərk əzib əvvəlki qarışığın üstünə tökün. Usdufca qarışdırıb Müsavat Partiyasının qapısının ağzındakı ağacın kökündə basdırın. Bu üsul partiyanı bədnəzərdən qoruyar.

*Bir baş qurut götürüb “yurt, yurt” deyə-deyə yoğurun. Üstünə üç xörək qaşığı 5 illik çaxır əlavə edib noxud boyda yumrulayın. Yumuruların üstünü hacıleylək yumurtasının sarısı ilə boyayıb günün altına qoyun. Quruduqdan sonra ehmallıca AXCP-nin qərargahının zirzəmisinə basdırın. Bu cür etsəniz, AXCP ilə “Yurd”un mehriban dostluq münasibətləri iki-üç həftə də uzana bilər.

*”Mersedes” təkərinin qırığını odda yandırın. Külünü ehmallıca ağ kağızın üzərinə qoyub üstünə ərinmiş təmiz əmcək yağı süzüb qurd yağı ilə qarışdırsanız, həm YAP-a bir xətər toxunmaz, həm də Rəsul Quliyev qayıda bilməz.

*İki diş sarımsağı əzib gicitkən suyunda qaynadın, qaratikan yarpağının ovuntusunu üstünə əlavə edib “Səs” qəzetinin səhifələrinə səpin. Belədə, bu qəzet heç kimi dalaya bilməyəcək.

*ADP-çilər bir ovuc maş götürüb iki istəkan yumru düyünün həlimində qaynadıb təzədən “Mübarizəmizin məqsədi” kitabının son səhifəsinə büküb ədliyyə nazirinin maşınının baqajına tullasalar, partiyaları üç günün içində qeydiyyadan keçər.

***
Az qala batırmış

Fəzail Ağamalı bu yay Moskvada olub. Deyirlər, orada boş vaxt tapıb Moskva çayına çimməyə gedirmiş. Bir dəfə düz çayın ortasınacan üzüb, necə olubsa, sudurğası tutub. Bu an beynini işə salan Fəzail bəy yalnız qışqırıb kimisə köməyə çağırmaqla xilas olmağın mümkünlüyünü anlayır. Amma… Fəzail bəy ha eləyir rusca qışqırmaq üçün “utonu… pomoqite” sözünü yadına sala bilmir. Çay da bir tərəfdən bunu dibinə çəkir. Axır, məcbur olub camaatı belə köməyə çağırır:
– Posledniy raz voda piyu… posledniy raz voda piyu…

***
Yubiley lövhələri

AXCP-nin 10 illiyinə həsr edilmiş yubiley tədbirinin bədii hissəsində, yeyib-içməyin axırına yaxın Asim Mollazadə ofisiantıın üstünə qışqırır:
– Ofisiant! Pirnesite dver, ya xoçu vıyti…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO