“Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda konfrans keçiriləcək

Multimedia Mərkəzi noyabrın 22-də saat 10: 00-da Beynəlxalq Mətbuat Mərkəzində “Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda konfrans keçirəcək. Multimedia Mərkəzindən qhtxeber.az-a verilən məlumata əsasən, konfransın keçirilməsində məqsəd ölkədə yeni media mütəxəssislərinin hazırlanmasına dəstək vermək, bu istiqamətdə təhsil, biznes və İKT sektorunun birgə səylərini gücləndirməkdir.

Konfransda İnternet media qurumları və Jurnalistika təhsili verən ali təhsil müəssisələri nümayəndələrinin, yeni media texnologiyaları sahəsində çalışanların, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Konfransda “Yeni medianın mövcud durumu və peşəkarlıq”, “Jurnalistika təhsilində İnternet jurnalistikasının yeni” və “Sosial mediadan effektiv istifadə imkanları” mövzularında təqdimatlar olacaq.
Konfransda yeni media sahəsində ölkədəki mövcud durum haqqında ümumi məlumatlar veriləcək. Media biznesi sektorunda yeni media texnologiyaları ilə bağlı vəziyyət (yeni iş yerləri, yeni media mütəxəssisinə olan tələb-təklif münasibətləri, bilik və bacarıqlara verilən tələblər və s.) ətrafında müzakirə aparılacaq.
Jurnalistika təhsili verən ali təhsil müəssisələrində yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi istiqamətində, bu fənnin seçmə yoxsa əsas fənn olaraq tədris olunması, yeni medianın gələcək tədris modelinin əsas istiqamətləri haqqında peşəkar müzakirə təşkil olunacaq.
Konfransın yekununda ölkədə peşəkar yeni media mütəxəssislərinin hazırlanması istiqamətində təkliflər və tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, konfrans Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində keçirilir. Layihə ABŞ – Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO