“Yeddi Dövlət – Bir Millət” Konsey qurur

“Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçiliyi nəzdində Konsey (Şura) qurulması nəzərdə tutulur. Bu haqda xəbəri Modern.az-a baş təmsilçi Azər Həsrət verib. O, bildirib ki, baş təmsilçiliyin əhatə dairəsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan olmaqla beş Türk dövlətini əhatə etdiyindən bu ərazidəki fəaliyyətləri normal yürüdə bilmək üçün daha artıq fəallara ehtiyac var. Bu baxımdan baş təmsilçilik nəzdində Konsey qurulmasına ehtiyac yaranıb.
Konseyin fəaliyyət istiqamətlərinə gəlincə, Azər Həsrət deyib ki, bu, əsasən ayrı-ayrı Türk ölkələri ilə daimi əlaqədə olub gündəlik xəbərləşməni təmin etməkdən ibarət olacaq.
“Hər ölkə üzrə bir və ya zərurət olacağı təqdirdə daha artıq sayda əlaqələndirici təyin ediləcək. Bu əlaqələndiricilər təhkim edildikləri ölkələrdə dərnəyin fəaliyyətinə yardımçı ola biləcək adamları müəyyən edəcək, onlarla daimi əlaqə saxlayacaq və baş təmsilçiliyin informasiya təminatını həyata keçirəcəklər. İlkin mərhələdə Konseyə müasir informasiya-kommunikasiya texologiyaları ilə işləməyi bacaran, Türk dünyasını yaxşı tanıyan Azərbaycan vətəndaşları cəlb ediləcək. Sonrakı mərhələdə isə buraya digər Türk ölkələrindən olan insanlar cəlb
ediləcək”, – deyə o, bildirib.
Konseyin qurulması zamanı əsasən gənclərə üstünlük veriləcəyini deyən baş təmsilçi bildirib ki, ilkin olaraq bu strukturun yeddi və ya doqquz nəfərdən ibarət olması nəzərdə
tutulur. Konsey üzvlərinin dövlətlərin daxili işlərinə qarışmaması, iç çəkişmələrə alət olmaması əsas şərtdir. “Bütün Türk dövlətlərinin rəhbərləri bizim üçün eyni dərəcədə əzizdir və heç bir halda onlara qarşı təbliğat aparılması yolverilən deyil. Eyni zamanda biz, ölkələrimiz arasında ara-sıra ortaya çıxan anlaşılmazlıqların da dostyana davranışlarla çözülməsi üçün gücümüzü səfərbər edəcəyik”, – deyə Azər Həsrət qeyd edib.
Baş təmsilçi onu da deyib ki, artıq Konseyin tərkibi ilə bağlı müzakirələrə başlayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO