Yazıçılar Birliyi narazı yazarların cavabını verdi: “Demaqogiya ilə məşğulsuz! “

Azərbaycan Yazıçılar Birliyinin ( AYB ) mənzil növbəsində dayanan yazıçı və şairlərlə bağlı qərarı hər iki tərəfi, yəni adı siyahıda olan və olmayanları dilə gətirib şikayətlənməyə məcbur etdi. Son günlər mediada bu mövzunu eninə-boyuna dartışırlar.
Məsələyə ən sonuncu münasibət bildirən tənqidçi Əsəd Cahangir adı siyahıda olmasına baxmayaraq, Yazıçılar Birliyinin mənzil bölgüsünü ədalətsiz hesab edib. Tənqidçi mənzil bölgüsündən və siyahıdan hətta o dərəcədə hiddətlənib Yazıçılar Birliyinin adının dəyişdirilib Katibələr Birliyi qoyulmasını da söyləyib.

Modern.az saytın bütün ittihamlara cavab olaraq Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlunu danışdırıb:

“Azərbaycan Yazıçılar Birliyində bir ev bölgüsü və bir də təqaüd məsələsi həmişə qalmaqalla qarşılanıb. Həmişə də fikir ayrılığı özünü göstərib. Fikir ayrılığı əgər fakta söykənirsə, bu özü –özlüyündə doğrudur, yox əgər fakta söykənmirsə, həqiqəti tərənnüm eləmirsə, həqiqətin əksini demirsə, boş bir söhbətdir və bu fikir ayrılığının özü bir demaqogiyadır. Yazıçılar Birliyinə 9 mənzil verilib və bu 9 mənzili biz 36 nəfər arasında bölürük. Əsəd Cahangir özü də komissiyaların iclasında iştirak edib və ən aşağısı 3, 4 yerə qol çəkib. Əgər sonradan özünü mətbuatda populyar etmək üçün belə haqsız çıxış edirsə, bəs o zaman qol çəkmək nəyə lazım idi? Elə iclasda durub narazı olduğunu deyə bilərdi ki, onun hüquqları pozulur və bu bölgü həqiqətə uyğun deyil. İndi belə danışmağın nə mənası var? Axı Əsəd Cahangir iclaslarda bu bölgünü ədalətli və humanist bir addım hesab edirdi, indi nə dəyişib?”.

Ədalət Əsgəroğlu Yazıçılar Birliyinə verilən bu 9 mənzilin aqibətindən də söz açıb və onların məhz kimlərə verilə biləcəyini vurğulayıb: “Bu mənzillər Azərbaycan Yazıçılar Birliyinin növbədə olan yazıçı və əməkdaşlarına verilir. Bəs Yazıçılar Birliyində çalışan texniki işçilər Yazıçılar Birliyinin əməkdaşları deyilmi? Və onların evə olan ehtiyacını hansı təşkilat gəlib ödəməlidi? O ki qaldı Əsəd Cahangirin “Katibələr Birliyi” deməsinə, ona belə cavab verim: Yazıçılar Birliyi bir ictimai qurumdur və təşkilatdır. Bu təşkilatda çalışan insanın da hüququ olmalıdır, axı niyə də olmasın? Yəni bu təşkilatda çalşan adam gedib başqa təşkilatda növbəyə dayanmalıdı? Bu da düz deyil axı. İttiham edənlərin hamısı özünü ağıllı sayır. Bu yazıçıları, şairləri mən anlaya bilmirəm. Dərdlərini tez bölürlər, sevinc ortaya gələndə bölmək istəmirlər. Hər söhbəti də dərdə-azara çevirirlər. Bu da mənə ağır gəlir. Ona görə də bir də deyirəm, Yazıçılar Birliyində olan bu bölgü həddindən artıq şəffaf və dürüstdür. 36 nəfər ailənin sevinməyi ki var, bu ürəkaçandır.
Bu 9 mənzili bizə Yazıçılar Birliyinin rəhbərinin nüfuzu hesabına veriblər və tövsiyyəm də budur ki, növbədə olan insanlar bundan faydalansın. İndi buna sevinmək əvəzinə dedi-qodu yaymaq düzgün deyil. Elə cəsarətli qələmə sahibdirlərsə, gəlib başqa sahələrdə sözlərini deyərdilər də.

Katibə məsələsinə gələndə isə Əsəd Cahangirlə razı deyiləm. Bizdə ümumiyyətlə katibə ştatı yoxdur. Bu xanım iki dəfə ailə vəziyyəti ilə bağlı uzunmüddətli məzuniyyət götürüb və xaricə yoldaşının yanına gedib. Onlar da tezliklə qayıdıb gələcəklər. İndi biz köməkli bir-birimizin qayğısına qalırıqsa, o demək deyil ki, biz onları aşağılamalıyıq. Yazıçılar Birliyi bir qurumdur və hamının bir-birindən xəbəri var. Ev Azərbyacan Yazıçılar Birliyinə verilib və qurumun üzvləri ilə əməkdaşları arasında bölünüb. Ev siyahısında nə qədər adam varsa, hamısına şamil oluna bilməsə də, 80% -nə şamil olunub“.

Adının əvvəlcə Yazıçılar Birliyinin mənzil siyahısında olduğunu iddia edən yazıçı Aydın Uluxanlı deyib ki, sonradan onu Anarın əmri ilə siyahıdan çıxarıblar:

“Mənim adım Azərbaycan Yazıçılar Birliyinin mənzil növbəsi siyahısında var idi və nədənsə adım bu siyahıdan çıxarılıb. Həmin protokol indi də məndədir. Bu əmri çox güman ki, Yazıçılar Birliyinin rəhbəri Anarın sifarişi ilə həyata keçiriblər. Mətbuatda Yazıçılar Birliyinin sədrinin ünvanına müxtəlif sərt fikirlər və ittihamlar səsləndirmişəm, adımın siyahıdan çıxarılması da bununla əlaqədar ola bilər ”.

Aydın Uluxanlı onu da qeyd edib ki , o, Yazıçılar Birliyini məhkəməyə verəcək və sabah vəkili Türkiyədən bu məsələ ilə bağlı Azərbaycana gəlir.

Aydın Uluxanlının bu fikirlərinə Ədalət Əsgəroğlu əsəbi tonda cavab verib:

“Vaxtilə müvəqqəti yaşayış üçün Aydın Uluxanlıya Eldar Baxışn evin vermişdilər, amma növbədə qalma şərtilə. Onun dedyi protokolun son bəndində bir maddə var və orda deyilir ki, bu növbədə qalma növbəti mənzil bölgüsündə Səbail rayonu İcra Hakimiyyətinin qərarı əsas götürülməlidir. Burda növbədə olanların əksəriyyətinin Səbail rayonu İcra Hakimiyyətindən qərarı var. Aydın Uluxanlı da bu qərarı gətirsin və dayansın, niyə dayanmır ki?

Mən səsləndirilən bütün iddiaları əsassız sayıram. Azərbaycan Yazıçılar Birliyinin qapısı hamıya açıqdır və gəlib bizə sözlərini deyə bilərlər“.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO