Yazıçı Sabir Azəri vəfat edib

Yanvarın 28-də Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Sabir Azəri vəfat edib. APA-nın məlumatına görə, iki həftə əvvəl infarkt keçirən və ağır vəziyyətdə Neftçilər Xəstəxanasına yerləşdirilən yazıçı elə oradaca dünyasını dəyişib. Həkimlərin cəhdlərinə baxmayaraq, reanimasiya şəraitində saxlanan S. Azərinin həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, yazıçı ilk dəfə 1992-ci ildə ağır infarkt keçirib.

Sabir Əli oğlu Azəri 1938-ci il martın 22-də Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1964-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, “Ədəbiyyat və incəsənət” qəzetində publisistika şöbəsinin müdiri, “Uduz” jurnalında nəsr şöbəsinin müdiri, məsul katib və baş redaktor vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayan nasirin “Duman çəkilir” pyesi tamaşaya qoyulub, onun əsasında “Köhnə bərə” fılmi çəkilib. “Dalanda” romanı ilə daha çox populyarlıq qazanan yazıçının bu əsəri Moskvada “Sovetski pisatel” jurnalında və onun əlavəsi “Roman-qazeta”da (1990, N 22) çap edilib. Bu romanın rus dilində 3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri S. Azəri yaradıcılığına ciddi maraq oyadıb, “Molodaya qvardiya” və “Sovetski pisatel” nəşriyyatları onun povest və hekayələrini dəfələrlə kütləvi tirajla çap ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO