Yazıçı Rafiq Tağının bıçaqlanması ilə bağlı cinayət işinin istintaqını Baş Prokurorluq aparacaq

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, noyabrın 19-da saat 22.00 radələrində Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Tağıyev Rafiq Nəzir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Klinik Tibb Mərkəzə gətirilib.
Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.
Müəyyən edilib ki, qeyd edilən tarixdə Rafiq Tağıyev işdən evə gedərkən yaşadığı evin yaxınlığında naməlum şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsinə göndərilib. İşin istintaqı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə hazırda hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO