Yazıçı Anarın Heydər Əliyevə həsr etdiyi kitabının təqdimat mərasimi keçirilib

Yazıçı Anarın Heydər Əliyevə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi təqdimat mərasimində millət vəkilləri, YAP rəhbərliyi və ziyalılar iştirak edib.

Mərasimdə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov bu gün Azərbaycan xalqının Fəxri Xiyabanı ziyarət edərək Heydər Əliyevin xatirəsini yad etdiyini bildirib: “Amma Heydər Əliyevin xatirəsinə hörmət təkcə onun anım günlərində deyil, onunla bağlı yazılmış çoxlu sayda kitablarda da yad edilir. Belə kitablardan biri də “Unudulmaz görüşlər” kitabıdır”.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov təqdim olunan kitabın əhəmiyyəti barədə danışıb, Heydər Əliyevlə bağlı çoxlu sayda kitabların yazıldığını qeyd edib: “Amma hələ ki, Azərbaycan ədəbiyyatı Heydər Əliyev obrazını yaratmayıb”.

Millət vəkili Fəttah Heydərov isə Heydər Əliyevin nəinki Azərbaycanda, keçmiş Sovet İttifaqında və dünyada bir çox unudulmaz görüşlər keçirdiyini deyib.

Xalq yazıçısı Anar isə çıxışında Heydər Əliyev ilə görüşlərinin öz həyatında dərin izlər buraxdığını bildirib. Heydər Əliyevin dahi şəxsiyyət olduğunu vurğulayan xalq yazıçısı onun Azərbaycan ziyalılarına, o cümlədən yaradıcı insanlara olan qayğısından söz açıb. O, Heydər Əliyev haqqında kitab yazmağı özünün mənəvi borcu hesab etdiyini bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO