Yaponiya şirkəti Azərbaycana pulsuz 43 minə yaxın eynək gətirib

Bu gün Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan Hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin 2005-ci ildən etibarən hər il məcburi köçkünlərə, aztəminatlı əhaliyə optometrik xidmət göstərdiyi xatırlanıb.

Ə.Həsənov Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə Akoi Kanaiyə təşəkkürünü bildirərək qeyd edib ki, bu xeyirxah missiya artıq 10 ildir həyata keçirilir.

Ötən müddətdə şirkət tərəfindən 43 minə yaxın yüksək keyfiyyətli optik eynək və digər vasitələr ölkəyə gətirilərək bu təbəqədən olan soydaşlarımıza paylanılıb. Ümumilikdə 22 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji Optical” şirkətinin bu xeyirxah missiyasından yararlanıb. 2005-2015-ci illərdə şirkət tərəfindən Azərbaycandakı fəaliyyətin yerinə yetirilməsi üçün 2 milyon dollara yaxın vəsait xərclənib.

Ə.Həsənov Akio Kanainin hazırkı səfəri zamanı Ağdam, Tərtər rayonlarında, Bakı şəhərində 3 minə yaxın bu qəbildən olan insana optik, günəş eynəkləri, eşitmə aparatları və digər müxtəlif vasitələr paylamasını yüksək qiymətləndirib.

A.Kanainin 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görüldüyünü xatırladan Baş nazirin müavini bildirib ki, dünya şöhrətli optometrist məhz o mükafatı da Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün su artezian quyusunun qazılmasına sərf edib.

Ə.Həsənov bu xeyirxah missiyanın uğurla davam etdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradıldığını vurğulayıb. O, qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan artıq azərbaycanlıya ən çox hərtərəfli yardım edən ölkələrdən biri də məhz Yaponiya olub. 2004-cü ildə ölkəmizdə Yaponiya hökumətinin vəsaiti hesabına 412 evdən ibarət qəsəbə tikilib.

Komitə sədri Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən bəhs edib, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasının təəssüf doğurduğunu bildirib.

A.Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnunluğunu qeyd edib. O, missiyanın uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan Hökumətinə, yerli icra strukturlarına minnətdarlığını bildirib, builki missiyanın da uğurla keçirildiyini qeyd edib: “Bu il keçirdiyimiz missiya zamanı bizə daha çox insan müraciət etdi. Deyə bilərəm ki, ən uğurlu missiyamızı məhz bu il yerinə yetirdik”.

Artıq 10 ildir ölkəmizə mütəmadi olaraq səfər etdiyini deyən optometrist Azərbaycanda gördüyü qonaqpərvərliyin, mehribanlığın onda xoş təəssüratlar yaratdığını söyləyib. O, gələcəkdə də bu missiyanın davam etdiriləcəyini bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO