“Yaşadığım ərazidə problemlər saymaqla qurtaran deyil”

Nəzirməmməd Quliyev: “Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Elmira Axundova və Aqil Abbasla münasibətlərim var”

QayNar: “Seçki öncəsi tapılıb, cəlbedici vədlər verirlər. Kimisi iş yeri açacağından, kimisi sosial problemləri həll edəcəyindən, kimisi də yol çəkəcəyindən bəhs edir. Amma seçkilər bitər-bitməz yoxa çıxırlar. Onları görmək istəyirsənsə, gərək, növbəti seçkiləri gözləyəsən. Əmin ola bilərsən ki, növbəti seçkidə yenidən tapılıb, ənənəvi vədlərini davam etdirəcəklər”.
Yəqin ki, hər kəs üçün tanış sözlərdir. İndiyə qədər dəfələrlə seçicilərdən bu cür şikayətlər, narazılıqlar eşitmişik. Bəzi hallarda deyilənlər həqiqəti əks etdirsə də, bunun əksi də olur. Təəssüf ki, əksər seçicilər hələ də anlaya bilmirlər ki, deputatın işi yol çəkmək deyil. Deputat qanunvericilik aktlarının qəbulunda, seçicilərin problemlərinin müvafiq qurumlar qarşısında qaldırılmasında söz sahibidir.
Lakin bununla yanaşı elə deputatlar da var ki, öz səlahiyyəti çərçivəsində olmadığı halda bu cür yalançı vədlər verir, seçicilərin ona olan etimadını zədələyirlər.
Qaynar.info-nun başladığı növbəti rubrikanın mövzusu da elə bununla bağlı olacaq. İctimai rəyə təsiri olan, eyni zamanda həm də seçici olan jurnalistlər “Parlamentdə təmsilçiniz olan deputatın fəaliyyəti sizi qane edirmi”, “Deputatlardan hansı ilə şəxsi münasibətləriniz var” sualına aydınlıq gətirəcəklər.

Söz Azadlığını Müdafiə Fondunun (SAMF) eksperti Nəzirməmməd Quliyev bildirdi ki, yaşadığı dairənin ərazisində problemlər saymaqla qurtaran deyil: Qaynar.info-nun ictimai əhəmiyyət kəsb edən millət vəkili – seçici münasibətlərinə aydınlıq gətirmək istəyən layihəsi bügünkü media layihələri içərisində alqışa layiq faktdır. Yəqin ki, bu yolla millət vəkillərinə unutduqları bir çox vədləri xatırlatmaq istəyirsiniz. Mənim yaşadığım Binəqədi rayonunun deputatı Hacı Madər Musayevdir. Binəqədinin sosial-iqtisadi problemləri isə saymaqla qurtaran deyil. Baxmayaraq ki, mən millət vəkilinin statusunu təkcə sosial problemlərə münasibət prizmasından dəyərləndirməyin tərəfdarı deyiləm, amma düşünürəm ki, millət vəkilinin, bütövlükdə Milli Məclisin fəaliyyəti dövlətin və dövlətçilik institutlarının yaranması və inkişafında bilavasitə iştirak olmalıdır. Amma həmin amillərin bərqərar olması da insanların – bu anlamda yəqin ki, seçicilərin bütün qayğılarının həllindən keçir. Yaratdığınız şəraitdən istifadə edib bildirim ki, elə yola saldığımız 2011-ci ilin payızında Binəqədi qəsəbəsi I Mədən küçəsindəki yol, su, kanalizasiya problemlərini Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Alı Qocayevin nəzərinə çatdırmışdım. Müraciət xarakterli yazımda hansısa məmurların öz aralarında dil tapa bilməmələri səbəbindən qapadılmış, nəticədə məktəb uşaqlarını, yaşlıları, minlərlə əhalini 3-4 kilometr palçıqlı yollarla baş-başa qoyan 280 saylı marşrutun bağlanması problemini də bu sıraya aid etmişdim. Alı müəllim bu müraciətdən sonra əraziyə gələrək əhali ilə görüş keçirdi. Bütün problemlərlə şəxsən tanış oldu. Yol, kanalizasiya, su məsələsinin tədricən – 2012-ci ilin içərisində həll olunacağını dedi. Daha dözülməz fakt olan 280 saylı marşrutunsa 10 sentyabr 2011-ci il tarixdən, yəni orta məktəbdə dərslərin başlanmasına 5 gün qalmışdan açılacağını bildirdi və bu məsələnin doğrudan da çətinliklər yaratdığını təsdiqlədi. Təəssüf ki, indiyədək fakt faktlığında qalır, Alı müəllimin köməkçiləri isə səbəbi digər qurumların üzərinə atmaqla telefonu qapadırlar…
Fürsətdən istifdadə edib həmin problemləri Binəqədinin deputatı, hörmətli Hacı Madər Musayevin də diqqətinə çatdırıram. Bu acınacaqlı duruma reaksiyadan sonra fəaliyyəti dəyərləndirməyin konturlarının tapılması yəqin ki, daha asan bəlli olacaq…”.

O ki qaldı hansı deputatlarla münasibətim olmasına, bu sıraya bir neçə deputatı aid edə bilərəm: “Bu bir qədər fərqli yanaşma tələb edir. Mənim parlamentdə xeyli tanışlarım var. Həm tələbəlik illərimdəki tanışlarım, həm jurnalist fəaliyyətimlə bağlı tanışlarım millət vəkillərinin sıralarındadır. Jurnalist deputatlar var. Müəyyən qədər fəallıq da göstərirlər. Aqil Abbas, Elmira Axundova, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı. Yeri gəlmişkən, onların da Binəqədidəki problemlərə Milli Məclis səviyyəsində münasibət bildirmələrini istəyirəm. Faktları yoxlamaq istəsələr sakinlər də onlara yardımçı olmaqda qərarlıdırlar”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO