Xəzər TV-nin marafonvari xəbərləri

Və ya “çörəyə meyit dərmanı vururlaarrr!!!”

Televiziyalar arasındakı sağlam və ya qeyri-sağlam rəqabətçilik elektron mediada çox iyrənc nəticələrə gətirib çıxarıb. İndi ucuz sensasiya axtarışı TV jurnalistikasının bütün mahiyyətini kölgədə qoymuş kimi görünür. TV əməkdaşları və ya rəhbərləri ucuz sensasiyanın eyforiyasına o qədər aludə olublar ki, artıq tamaşaçının zövqünü nəzərə almağı tamamilə arxa plana keçiriblər.

Təkcə zövq məsələsi olsaydı, bəlkə də bunun üstündən yarımlaqeyd şəkildə adlamaq olardı. Öz TV xəbərlərini gözə soxmaq yarışına girənlər artıq tamaşaçıların ürəyini bulandıracaq ifadələri də sensasion şəkildə ölkə vətəndaşlarına sırımağa başlayıblar.

Bu sırada Xəzər TV öz “liderliyini” məharətlə qoruyub saxlayır. Efiri dolduran qrammatik səhflərlə dolu yazılar bu TV-də onsuz da diqqətli tamaşaçının zövqünün korlanmasına kifayət edirdi. Bir neçə gün öncə xüsusi pafosla təqdim olunan “çörəyə meyit dərmanı vururlaarrr!!!” sensasion açıqlamanın yaratdığı rezonans isə dəhşətli bir mənzərənin yaranması ilə sonuclanıb. Xəbər nəinki xəbərliyindən çıxıb, hətta bir çox insanların ürəkbulanmasına səbəb olub.

Burada xəbərin təkcə özü yox, həmçinin təqdimolunma forması da tamaşaçının gözləri önündə çox eybəcər bir auranın yaranmasına səbəb olub. Xəbərin gurultulu təqdimat formasında belə anlaşılır ki, sanki dərmanı meyitdən çəkərək xəmirə qatırlar. Bu qədər də məsuliyyətsizlik olarmı?!

Əgər belə bir təsdiqlənmiş fakt varsa da, müxbir və onun arxasında dayanmış media qurumu əvvəlcə mümkün qədər faktı araşdırıb faktın özünü və ya müəyyən ipucları tapmalıdır. Bundan sonra dərmanın – bu anlamda kimyəvi maddə – Unifolun heç olmasa adı dəqiqləşdirilməlidir. Axı bu dərmandır. Onu meyitə də vurmaq olar, yəqin ki, başqa əşyalara da.

Hətta fakt öz təsdiqini tapsa belə onu yunanların farslar üzərində qələbəsinin məşhur “marafon anonsu” kimi təqdim etmək olmaz. Axı bu çörəkdir. Hamının hər gün istifadə elədiyi ən başlıca təam.

Ancaq təəssüf ki, nə müxbir, nə də Xəzər TV-nin rəhbərliyi tamaşaçının düşə biləcəyi durumu, keçirə biləcəyi stressi nəzərə almadan öz sensasiyasının şokunu yaşaya-yaşaya bəxtəvər görkəmdə adını xəbər qoyduğu məlumatı çatdırmaqda idi.

TV jurnalistlərinin müəllimi MirŞahinin belə bir ifadəsi var. Deyir ki, “müxbir faktın rəsuludur”. Ancaq faktın… Lap götürək elə faktın sensasiyalı təqdimatının da rəsulu olsun müxbir və ya TV. Ancaq media qurumu və ya onun müxbiri sensasiya xatirinə insanları xəstəliyə salma faktının rəsulu deyil. Bu haqq heç kəsə verilməyib…
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO