XVII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Belarusun XVII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycana dair kitablar, jurnallar və digər çap məhsulları nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, sərgidə 10 kvadratmetrlik stenddə 125 adda 140 nəşr məhsulundan ibarət ekspozisiyamız mövzusuna, tərtibatına, nəşrlərin poliqrafik icrasına görə fərqlənib. 17-ci dəfə keçirilən sərgi-yarmarkada ev sahibi Belarusdan əlavə 25 ölkə təmsil olunub. Ümumilikdə isə eksponantların sayı 619 olub. Sərgi-yarmarkada hər il bir ölkə fəxri qonaq statusu ilə iştirak edir. Bu ilki tədbirin fəxri qonağı Fransa Respublikası 204 kvadratmetrlik ərazidə xüsusi dizaynlı stenddə öz çap məhsullarını sərgiləyib, müxtəlif fransız yazıçı və naşirlərlə görüşlər təşkil edib, maraqlananları milli mətbəxlərindən və ətirlərindən nümunələrə qonaq ediblər. Dörd gün ərzində dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə aid Azərbaycan, rus, ingilis dillərdəki nəfis tərtibatlı çap məhsulları insanlarda böyük maraq doğurub. Ölkəmiz haqqındakı müxtəlif jurnallar, turistik xarakterli bukletlər, kitabçalar, xəritələr, CD-lər hədiyyə olunub. Sərgi müddətində nümayəndə heyətimiz eyni zamanda “P. Brovki adına Belarus Ensiklopediyası”nın direktoru Tatyana Belova və ensiklopediyanın yaradıcı heyəti ilə, “Literatura i Mastatstva” nəşriyyatının direktoru, Belarus Yazıçılar Birliyinin rəyasət heyətinin üzvü Ales Karlyukeviçlə və “Narodnaya asveta” nəşriyyatının direktoru Larisa Minko ilə görüşüb, həmin nəşriyyatların redaksiyalarında olublar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO