XİN rəhbəri Elmar Məmmədyarovun Rusiya səfəri hansı məqamlarla yadda qaldı?

Kəpəz TV-nin (Region TV) “Bu həftə” analitik informasiya proqramının qonağı Trend İnformasiya Agentliyinin Baş Direktorunun müavini, politoloq Arzu Nağıyev xarici İşlər Naziri Elmar Məmmədyarovun Rusiyaya səfəri ilə bağlı suallara aydınlıq gətirib.
– Arzu müəllim, xarici işlər naziri Elmar Məmmədyarovun bu həftənin əvvəlində Moskvaya səfəri barədə nə demək olar? Bu səfər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı əhəmiyyətli dəyişikliklərin başlanğıcı ola bilərmi?
– Ümumiyyətlə, bu səfərə diqqət həddən artıq çox idi. Bəzi siyasi dairələr səfərin nədən ibarət olduğunu təhlil etmək üçün həmin səfərdən öncə Şərq Tərəfdaşlığı Sammitində Elmar Məmmədyarov və Novruz Məmmədovun iştirakını nəzərə alaraq düşünürdülər ki, ikinci səfər məhz Rusiyaya edilibsə, burada maraq doğuran məqamlar ola bilər. Elmar Məmmədyarovun Rusiyaya səfəri çərçivəsində Rusiya xarici İşlər Naziri Sergey Lavrovla, bundan başqa, Sergey Narışkin və baş nazirin müavini ilə də görüşdü. Hər bir görüşün öz mənası var idi, eyni zamanda, ilk Avropa Oyunları qabağı bu protokol dairələri ilə müəyyən məsələlərin müzakirəsi də oldu. Yəni bilirsiniz ki, ilk Avropa Oyunlarında həm Rusiya prezidenti Valdimir Putinin, eyni zamanda, 300 nəfərlik nümayəndə heyətinin iştirakı gözlənilir. Bununla bağlı protokol məsələləri də oldu. Ola bilər ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı ümumi söhbətlər aparılıb, ancaq münaqişənin həlli ilə bağlı konkret məsələlər ortaya çıxmadı. Unutmaq lazım deyil ki, ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrdən Fransa, Amerika, bu münaqişənin həllinə təsir də edə biləcək dövlətlərdən biri və bəlkə də başlıcası isə Rusiyadır. Məhz bu istiqamətdə bu görüşlərin keçirilməsi əlbəttə, müsbət bir hal kimi qiymətləndirilə bilər.
– Elmar Məmmədyarov Moskvaya getməzdən əvvəl sensasion bir bəyanat vermişdi. O bəyan etmişdi ki, Dağlıq Qarabağ probleminin tezliklə həllinə əmindir. Sizcə, Rusiyaya səfərin bu bəyanatla əlaqəsi varmı?
– Bu qərbə bir mesaj kimi səsləndirilə də bilərdi. Eyni zamanda, Qarabağ məsələsinin həlli istiqamətində hər hansı birgə addımların atılması idi. Bilirsiniz ki, Azərbaycan ordusu bu gün Dağlıq Qarabağ probleminin həllinə daha yaxındır. Məhz buna görə də bu cür bəyanatlar tez-tez səsləndirilir. Bizim Avropadan bir istəyimiz var- Dağlıq Qarabağ münaqişəsinə bütün beynəlxalq sənədlər və beynəlxalq qanunlar çərçivəsində, Madrid prinsipləri əsasında nəzər yetirsinlər. Avropa ilə enerji təhlükəsizliyində tərəfdaş olmağımıza baxmayaraq, Dağlıq Qarabağ məsələsində müəyyən istiqamətdə addımların atılmasını gözləyirik. Bu baxımdan bəli, bu həm Avropaya, həm də Rusiyaya bir mesaj idi ki, yəni siz ATƏT-in Minsk Qrupu olaraq bu məsələdə daha normal mövqe tutmalısınız. Digər tərəfdən, Azərbaycan ordusunun bütün problemləri həll etməyə bir addım daha yaxın olduğunu göstərmək idi.
– Elmar Məmmədyarov Rusiyada “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, “Ermənistanın ərazilərimizi işğal altında saxlaması Azərbaycana Avrasiya İqtisadi İttifaqına daxil olmağa imkan vermir”. Belə isə demək olarmı ki, işğala son qoyulsa, Azərbaycan bu ittifaqa qoşulacaq və bu, Rusiya qarşısında qoyulan bir şərtdir?
– Biz bu mövzuda bir neçə dəfə danışmışıq. Madrid prinsiplərində Dağlıq Qarabağ məsələsinin həllində birinci və önəmli şərt bizim ərazi bütövlüyümüzdür. Ərazi bütövlüyümüz dedikdə isə Qarabağ ətrafında işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılmasıdır. Əgər torpaqların qaytarılması zərurəti doğursa, Azərbaycan torpaqları 1-ci şərtlə qaytarılmalıdır, sonra isə hansısa bir quruma daxil olmaq, istər Avrasiya İttifaqı, istər digərlərindən söhbət gedə bilər. Bu gün Ermənistan bu istiqamətdə müəyyən addımlar atıbsa və Dağlıq Qarabağ məsələsi çözülməyibsə, eyni zamanda, bizim ərazi bütövlüyümüzü dəstəkləmirsə, bu zaman hansı birliyə daxil olmaqdan söhbət gedə bilər?! Heç inandırıcı görünmür ki, Dağlıq Qarabağ məsələsi həll edilməmiş biz hansısa bir ittifaqa üzv ola bilərik.
– Azərbaycan daim sülh tərəfdarı olduğunu göstərir, bununla belə son vaxtlar ordunun peşəkarlığının, döyüş hazırlığının artırılması ilə bağlı müntəzəm olaraq genişmiqyaslı təlimlər keçirilir. Demək olarmı ki, problemin hərbi yolla həlli variantı da istisna edilmir?
– Ümumiyyətlə, ulu öndər Heydər Əliyev də öz çıxışlarında dəfələrlə demişdi ki, Ermənistanı sülhə təhrik etmək üçün Azərbaycanın güclü ordusu olmalıdır. Bu gün kiminləsə sülh müqaviləsi imzalayanda onu sülhə məcbur etmək lazımdır. Azərbaycan ordusunun güclənməsinin əsas istiqamətlərindən biri bu olmalıdır. Hiss edilir ki, ordu nə qədər güclənirsə, orduda nə qədər yeni texnika tətbiq olunursa, eyni zamanda, Azərbaycan ordusunda yenidənqurma işləri aparılırsa, ermənilər bundan o qədər narahatlıq keçirirlər. Məhz bu baxımdan belə hesab edirəm ki, hər hansı bir sülhə getməzdən əvvəl ordu gücləndirilməsi vacib şərtdir.
– Son illər ərzində Azərbaycan ordusu çox güclənib və texniki təchizat, silahla təchizat baxımından da Ermənistan ordusundan qat-qat üstündür. Ölkəmizin bu məsələni hərbi yolla tez bir zamanda həll edə biləcəyinə şübhə yoxdur. Bəs belə olarsa dünya ictimaiyyətinin, o cümlədən, ABŞ, Avropa, Rusiyanın buna reaksiyası necə ola bilər?
– Bu ərəfədə Ermənistan müdafiə naziri müavininin bir bəyanatı oldu. Bəyanat Avropa Oyunları vaxtı atəşkəsə hər iki tərəfdən əməl edilməsi barədə idi. Bu, həm də özünü sığortalamaq deməkdir. İndiyə kimi onlar bu Oyunlarda erməni idmançılarının iştirak etməyəcəyini bildirirdilər, artıq ermənilərin də bu Oyunlarda iştirak edəcəyini bəyan edirlər. Bunu niyə əlaqələndirmək istəyirəm? Dediyimiz kimi, Azərbaycan ordusunda olan islahatlar erməni ordusunu qorxuya salır. Bu baxımdan da ordunun gücləndirilməsi bu gün ermənilərin bir addım geri çəkilməsi deməkdir.
– Azərbaycan ordusu son zamanlar hərbi təlimləri Türkiyə hərbi qüvvələri ilə birlikdə keçirməyə başlayıb. Türk ordusu ordu sistemi baxımından dünyanın güclü ordularından sayılır. Bu baxımdan Azərbaycanın Ordusunun döyüş qabiliyyətini onlarla bölüşməsi, onların təcrübəsindən yararlanması və birgə təlimləri Milli Orduya nə verəcək?
– Əgər fikir verdinizsə, Türkiyə ordusu ilə təlimlər əsasən Naxçıvan ərazisində keçirildi. Ermənilər bu gün də havadarları ilə birlikdə Naxçıvan iddiasından əl çəkmirlər. Məhz bu baxımdan Türkiyə ilə Azərbaycan ordusunun birgə təlimləri çox təqdirəlayiq haldır, eyni zamanda, qeyd etdiyim kimi, Türkiyə ordusundan öyrəniləsi çox məsələlər var – onların döyüş taktikasından, döyüş qabiliyyətindən. Və əlbəttə ki, bu təlimlər nə qədər çox və ağır keçərsə, döyüş aparmaq bir o qədər asan olar. Türkiyə ilə Azərbaycan ordusunun birgə təlimləri müsbət haldır və bu əməkdaşlıq davam etdirilməlidir. Bu təlimlərin keçirilməsi, bütün qoşun hissələrinin döyüş hazırlığı halına gətirilməsi Avropa Oyunları qabağı da çox müsbət bir haldır. Ermənilər atəşkəslə bağlı nə qədər bəyanat versələr də, 1-ci təxribat törədə biləcək qüvvə məhz onların özüdür. Buna görə də bizim bütün silahlı qüvvələrimiz, ordumuz yüksək səviyyədə hazırlığa gətirilməlidir və gətiriləcəkdir. Ümumiyyətlə, olimpiadalar və idman oyunları keçiriləndə bu məsələlərin hamısına moratorium qoyulur. Onların özlərini humanist addım atan bir dövlət kimi göstərməklə bərabər, eyni zamanda o qorxu hissləri də var.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO