Xalqı Yazıçısı Elçinin 70 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Yazıçısı, Əməkdar İncəsənət Xadimi, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin (Elçin) 70 illik yubileyi qeyd edilib.

SalamNews xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Elçinin həyat və yaradıcılığından bəhs edən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, çağdaş milli nəsrimizin və dramaturgiyamızın istedadlı nümayəndəsi, görkəmli ictimai xadim, dünya şöhrətli Elçinin bədii əsərləri təkcə Azərbaycanda deyil, həm də dünya ölkələrində sevilə-sevilə oxunur, əldən-ələ gəzərək neçə-neçə oxucu nəsli arasında mənəvi körpü yaradır.

Vurğulanıb ki, Elçinin “Ah, Paris, Paris!..”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Poçt şöbəsində xəyal”, “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Şuşa dağlarını duman bürüdü”, “Qatil”, “Şekspir”, “Arılar arasında” və s. pyesləri Azərbaycanın və xarici ölkələrin teatrlarında böyük uğurla tamaşaya qoyulub. Onun 100-dən çox kitabı 40-dan çox xarici dilə tərcümə olunub. İstedadlı yazıçımız “Arxadan vurulan zərbə”, “Sahilsiz gecə”, “Baladadaşın ilk məhəbbəti”, “Gümüşü furqon”, “Bağ mövsümü”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm” – ümumilikdə 15-dən çox filmə ssenari yazıb. Azərbaycanın Xalq Yazıçısı Elçinin eyniadlı əsəri əsasında ekranlaşdırılmış “Mahmud və Məryəm” filmi mövzu və yenilik baxımından təkcə nəsrimizdə deyil, kino sənətimizdə da öz sözünü deyib.

Diqqətə çatdırılıb ki, yazıçının əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Bu günlərdə Prezident İlham Əliyevim müvafiq Sərəncamı ilə Xalq Yazıçısı Elçin Əfəndiyevin “Şərəf” ordeni ilə təltif edilməsi dediklərimizə əyani sübutdur.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar və filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə yazıçının özünəməxsus yaradıcılıq yolundan söz açıb, ona yeni-yeni uğurlar arzulayıb.

Sonra ədibin eyniadlı əsəri əsasında hazırlanmış “Sənətkarın taleyi” tamaşası göstərilib.

Tamaşa milli teatr tariximizə adını əbədi həkk etdirmiş aktyor Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edir. Tamaşaya Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru, Əməkdar İncəsənət Xadimi İrana Tağızadə quruluş verib. Tamaşadakı əsas rolun, yəni Ərəblinskinin ifaçısı da Dövlət Rus Dram Teatrının aktyoru, Əməkdar Artist Firdovsi Atakişiyevdir.

“Sənətkarın taleyi” tamaşasının quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovdur. Tamaşada əsas rolları Xalq Artisti Şükufə Yusupova, əməkdar artistlər Cəfər Namiq Kamal, Elşən Cəbrayılov, Ayşad Məmmədov, İlham Hüseynov, Hicran Nəsirova, aktyorlar Natəvan Hacıyeva, Vüsal Mustafayev, Əjdər Zeynalov və başqaları canlandırmışlar.Gecədə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış sənət adamları, eləcə də teatrsevərlər iştirak ediblər.

– See more at: http://az.salamnews.org/az/news/read/74532/xalqi-yaziccedilisi-elccedilinin-70-illik-yubileyi-qeyd-edilib/#sthash.03fpZF8M.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO