Xalq şairi Rəsul Rza anılıb

Aprelin 1-də Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, xalq şairi Rəsul Rzanın vəfatının 29-cu ildönümü tamam oldu. Bununla əlaqədar dünən Azərbaycan yazıçı və şairləri, ziyalıları Fəxri Xiyabanda Rəsul Rzanın məzarını ziyarət ediblər. Ziyarət zamanı böyük şairin xatirəsi dərin ehtiramla anılıb, məzarı üzərinə gül-çiçək dəstələri qoyulub. Rəsul Rza Fondunun rəhbəri xalq şairi Fikrət Qoca çıxış edərək, ustad söz sənətkarının bu il tamam olacaq 100 illiyinin geniş qeyd edilməsi barədə Azərbaycan prezidentinin sərəncam verdiyini bildirib. F.Qoca yubileylə bağlı silsilə tədbirlər keçiriləcəyini, Rəsul Rzanın 100 illiyinin onun adına layiq qeyd ediləcəyini vurğulayıb: “Zaman göstərir ki, Rəsul Rza poeziyası əbədiyaşar poeziyadır, onun yaradıcılığı gündən-günə gəncləşərək, daima müasir qalır, hər zaman öz yeni oxucularını tapır”. Sonra şairlər Yusif Həsənbəy, Ədalət Əsgəroğlu və başqaları çıxış edərək, Rəsul Rza haqqında şeirlərini oxuyublar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO