Vüqar Səfərli yubiley planlarından danışıb

Azərbaycan mətbuatının yaranmasının 135 illik yubileyi münasibətilə iyulun 1-dən ölkənin 8 regionunda müxtəlif tədbirlər keçiriləcək. Bunu “Media forum” saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun direktoru Vüqar Səfərli deyib.

Vüqar Səfərli bildirib ki, ilk tədbir Zərdabda olacaq: “Daha sonra Yevlax, Xaçmaz, Naxçıvan, Zaqatala, Lənkəran, Gəncədə tədbirlərin keçirilməsi planlaşdırılır. Sonuncu konfrans Bakıda keçiriləcək”.

Jurnalistlərə fəxri adların verilməsi, mediada çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə gəlincə, Vüqar Səfərli hazırda fondda bununla bağlı təkliflərin toplandığını qeyd edib. Təkliflər iyul ayında Prezident Administrasiyasına təqdim olunacaq.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu regionlarda yubley tədbirlərinin təşkili üçün müsabiqə də elan edib. Müsabiqədə iki ildən artıq fəaliyyət göstərən və təcrübəsi olan jurnalist təşkilatları iştirak edə bilərlər. Sənədlər iyunun 23-dən iyulun 1-dək fondun ofisində qəbul edilir.

Milli mətbuatın yibileyi münasibətilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi jurnalist yazıları müsabiqəsinə isə indiyə qədər 25 yazı təqdim olunub. Vüqar Səfərli son iki gündə müraciət edənlərin daha çox olduğunu söyləyib.

Müsabiqəyə yazıların qəbulu mayın 1-dən başlanıb. Müsabiqəyə qatılmaq istəyən jurnalistlər yazılarını iyunun 30-dək təqdim etməlidirlər. Müsabiqə 17 istiqamət və hər istiqamətə aid bir mövzu üzrə elan olunub. Hər mövzu üzrə 2 qalib müəyyənləşdiriləcək. Belə ki, hər mövzu üzrə maksimum 25 bal müəyyən olunur. 10-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər fondun xüsusi diplomu və 1000 manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO