Vüqar Səfərli “Şərq “in baş redaktorunun narazılığına cavab verdi

“Biz 25 gün sənəd qəbul etmişik. Akif Aşırlının narazılığı vardısa, müsabiqəyə sənəd qəbulu qurtarmamış gələrdi yanıma və sübuta yetirərdi ki, onların sənədləri qəbul olunmalıdır. Mən o halda bir tədbir görərdim. Bu gün müsabiqə başa çatıb, nəticələr də elan olunub. İndi o öz prizmasından necə istəyir, elə də danışır”.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının fondun keçirdiyi müsabiqənin şərtlərindən narazılığına münasibət bildirərkən belə deyib.

Vüqar Səfərli “Media forum” saytına açıqlamasında iddia edib ki, Akif Aşırlı mütəmadi olaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna qara yaxır.

Akif Aşırlı narazılığını ifadə edərkən demişdi ki, fond qəzetlərin təqdim etdiyi layihələrin qəbul olunması üçün nəşrin hər gün ən azı 500 nüsxə satılmasını şərt kimi müəyyənləşdirib və bu zaman fond qəzetlərin əl yayımı ilə satılan nüsxələrini nəzərə almır. “Şərq”in 30 faizinin əl yayımı vasitəsilə satıldığını söyləyən Akif Aşırlı fondun bunu hesaba almamasını həm də əl yayımını sıradan çıxarıb məhv etmək planının tərkib hissəsi kimi qiymətləndirmişdi.

Vüqar Səfərli isə qəzetlərin əl yayımındakı satış göstəricilərinin nəzərə alınmayacağının əvvəlcədən bəlli olduğunu xatırladıb. O, bu qaydanın təkcə “Şərq” qəzetinə yox, bütün qəzetlərə şamil edildiyini deyib: “Bizim heç kimlə heç bir düşmənçiliyimiz yoxdur. Akif Aşırlı da qaydalara uyğun olaraq qəzetinin layihəsini verərdi, sənədlərini təqdim edərdi və digər qəzetlər kimi o da təyin olunan qrantı alardı. Biz müsabiqənin meyarlarını müəyyənləşdirəndə əvvəlcədən elan etmişik ki, əl yayımı deyilən bir təşkilat yoxdur. Ona görə də əl yayımına aid arayışların qəbul olunmayacağını bəyan etmişdik. Başqa qəzetlər də olub ki, müsabiqəyə sənədlərini gətirib, amma düz olmadığına görə sənədləri geri qaytarılıb.

Yaxşı olardı ki, Akif Aşırlı danışmaq əvəzinə gedib öz qəzetinin yayım məsələlərilə məşğul olsun. Onun əməkdaşı sənədləri gətirib və məlum olub ki, “Şərq”in gündə cəmi 300-dən bir qədər artıq nüsxəsi satılıb. Müsabiqənin qaydalarına görə isə bu rəqəm 500 olmalı idi. Ona görə də “Şərq”in layihəsi müsabiqəyə qəbul olunmayıb”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO