Vüqar Səfərli: “Mətbuatımızın problemi bir günün, iki günün problemi deyil “

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Media forum”a verdiyi məlumata görə, hələlik KİV-lərin və jurnalist təşkilatlarının layihələrini maliyyələşdirmək üçün elan edilən müsabiqəyə qatılan olmayıb.

– Nə layihə, nə də fərdi jurnalist yazısı təqdim olunub. Yəqin ki, layihələrin, yazıların üzərində çalışırlar. Məncə, 10-15 günə proses başlayar.

– Keçənilki müsabiqə şərtləri ilə builki müsabiqə şərtləri arasında əsaslı fərq nədən ibarətdir? Sizcə, şərtlər yüngülləşdirilib, yoxsa bir qədər mürəkkəbləşdirilib?

– Hər dəfə şərtlər təkmilləşdirilir. Misal üçün, keçən il bizə yaxşı satılmayan qəzetlərin layihəsinin keçməsini irad tutmuşdular. Biz bunu nəzərə aldıq. Şərt qoyduq ki, ən azı 1500 tirajla dərc olunan və satışı ən azı 500 nüsxə olan qəzet, 500 tirajla dərc olunan və satışı ən azı 300 nüsxə olan jurnal müsabiqədə iştirak edə bilər. Yəni hər hansı KİV-in real yayımı 30 faizdirsə, o, müsabiqədə iştirak edə bilər.

– Fərdi jurnalist müsabiqəsinin istiqamətləri xeyli azalıb. Bu barədə nə deyə bilərsiniz?

– 7 istiqamət müəyyənləşib. Tək üçüncü istiqamət üzrə – qloballaşma dövründə Azərbaycan xalqının adət-ənənələrinin, milli-mənəvi dəyərlərin qorunması və təbliği, Novruz – yeni il, yeni arzular bayramıdır – 3 qalib müəyyən olunacaq. Digər istiqamətlər üzrə isə 2 qalib müəyyənləşəcək. Onu da nəzərdən qaçırmayaq ki, bu il ərzində belə müsabiqələr bir neçə dəfə keçiriləcək. İlk müsabiqə Novruz bayramına həsr olunubsa, ikinci müsabiqə milli mətbuatımızın yaranmasının 135 illiyinə həsr olunacaq. Üçüncü fərdi müsabiqə isə ilin yekununda olacaq. Məqsəd odur ki, bu müsabiqəyə jurnalistlərin maddi maraqları olsun, həm intellekt səviyyəsi artsın, həm də həvəslənsinlər.

– 2009-cu ildə elan edilən müsabiqədə hər layihə üçün maksimim 20 min manat müəyyənləşdirilmişdi. İndi məbləğ azaldılıb. Bu nə ilə bağlıdır?

– Layihələrlə bağlı müsabiqələrin də il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulduğuna görə məbləği 15 min manat müəyyənləşdirmişik.

– Belə fikirlər də səslənir ki, bu müsabiqələr mətbuatın, KİV-lərin sosial problemlərinin həlli üçün uğurlu yol deyil. Misal üçün, Mehman Əliyev, Elçin Şıxlı hesab edir ki, fond Azərbaycan jurnalistikasının problemlərinə daha geniş ölçüdə yanaşmalıdır. Əgər reklamla, yayımla bağlı problem varsa, onun kökünü araşdırmalı, vəziyyəti analiz etməli, həlli yollarını göstərməlidir.

– Bu gün mətbuatımızın problemi bir günün, iki günün problemi deyil. Bilirsiniz ki, bunlar illərlə yığılıb qalan problemlərdir və birdən-birə onları həll eləmək olmaz. Hesab edirəm ki, bunlar tədricən həll olunmalıdır, getdikcə bizim büdcəmiz çoxalacaq, dövlətin qayğısı artacaq. Bunun da nəticəsində müəyyən olunmuş məbləğlər artacaq.

Sizin saytınızda Elçin Şıxlının fikirlərini oxudum. O, qeyri-obyektiv çıxış edib və deyib ki, qəzetlər rayonlara iki gün sonra gedib çıxır. Tam məsuliyyətlə deyə bilərəm ki, bölgələrə qəzetlər dərc olunduğu gün çatdırılır. Ucqar rayonlara qəzetlər ən uzağı günortadan sonra çatır. Elçin Şıxlı mənim özümə də demişdi ki, 70 min əhalisi olan Qazax rayonunda bir dənə də olsun qəzet köşkü yoxdur. Onu araşdırdım, rayonda olan köşklərin ünvanları ilə birgə arayışını yollayıblar. Düzdür, əvvəllər bu rayonda 10-15 qəzet köşkü olub. Hazırda isə rayon mərkəzində 4 köşk fəaliyyət göstərir. Təbii ki, maddi imkanlar baxımından rayonları paytaxtla bir tutmaq olmaz.

Qaldı Elçin Şıxlının rayona “Ayna” qəzetinin bir nüsxəsinin getməsi haqda dediyinə, redaksiya yayım şirkətlərinə elə şərtlər, məhdudiyyətlər qoyub ki, onların qəzetləri az götürülür. Redaksiya satılmayan qəzeti geri qəbul etmir. Belə olan təqdirdə yayım firmaları daha az qəzet götürəcək ki, satılmayan nüsxələr üstlərində qalmasın.

– 2009-cu ildə elan edilən müsabiqədə 12-ci istiqamət (bura KİV-lərin, jurnalistlərin mükafatlandırılması, jurnalistlərin beynəlxalq tədbirlərdə iştirakına dəstək, KİV-lərə metodiki, konsultativ və texniki yardımlar göstərilməsi və sairə) üzrə mövzular 2010-cu il müsabiqəsində yer almayıb. Bunun səbəbləri nədir?

– Bu sahəin fond özü icra edə bilər. Yəni müsabiqələr keçirə, mükafatlar verə, jurnalistlərin beynəlxalq tədbirlərdə iştirakını təmin edə bilər. Fond özü hər hansı bir təşkilata sifariş verə bilər ki, bu işi gör.

Həmin istiqamət üzrə keçən il o qədər başağrıdıcı layihələr daxil olmuşdu ki… Həm də həmin layihələrin əksəriyyətini mətbuata aid olmayan təşkilatlar vermişdi. O səbəbdən də həmin istiqamət çıxarıldı.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO