Vüqar Səfərli: “Bəzi problemlərə görə II müsabiqəni elan edə bilmirik “

Mətbuatın yaranmasının 135 illiyi münasibəti ilə jurnalist yazılarının fərdi müsabiqəsini elan edən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna indiyə kimi 10 jurnalist yazısı təqdim olunub.
Bu barədə məlumatı Modern.az saytına Fondun icraçı direktoru Vüqar Səfərli verib. Onun sözlərinə görə, yazıların qəbulu davam etdirilir: “Biz praktikada gördük ki, nədənsə jurnalistlər müsabiqənin vaxtına bir həftə qalmış yazılarını təqdim edirlər. Çox güman ki, təqdim olunan 10 yazının sayı bu həftə artacaq. Hələ ki, vaxta var. İyulun birinə kimi müsabiqə davam edir. Bildiyiniz kimi, 34 yer ayrılıb. Hər istiqamət üzrə 2 jurnalist yazısı mükafatlandırılacaq”.

Xatırladaq ki, Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının yaranmasının 135 illiyi münasibəti ilə fərdi jurnalist yazılarının müsabiqəsini artıq aprelin 29-dan elan edib. Fərdi müsabiqə 17 istiqamət üzrə elan olunub. Yazılar və sənədlər 2010-cu il aprel ayının 30-dan iyulun 1-dək təqdim edilə bilər. Nəticələr iyulun 22-dək elan ediləcək.

Media orqanları və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı ikinci qrant müsabiqəsinin nə vaxt elan olunacağına gəlincə, Vüqar Səfərli bildirib ki, Fond bununla bağlı tarixi hələ dəqiqləşdirməyib. Onun sözlərinə görə, bəzi problemlərə görə müsabiqənin elan olunacağı vaxt hələ bilinmir: “Maliyyə məsələsinə görə hələ heç müzakirələr də aparılmayıb. Bəzi məsələlər var ki, onlar həll edildikdən sonra müsabiqənin vaxtı elan ediləcək. Konkret olaraq bu barədə heç nə deyə bilmərəm”.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bu il media quruluşları üçün birinci maliyyə müsabiqəsini yanvarda elan etmişdi. Müsabiqədə 28 layihə qalib elan edilib. Onlardan 14-ü qəzet redaksiyası, 5-i informasiya agentliyi, 9-u isə jurnalist təşkilatı idi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO