Vüqar Səfərli 2010-cu ildə KİV-in inkişafına ayrılacaq vəsaitin az olduğunu deyir

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 2010-cu ilin dövlət büdcəsindən KİV-lərin inkişafı üçün ayrılan 2 milyon manatın cari illə müqayisədə az olduğunu bildirib.
Modern.az saytına açıqlamasında o qeyd edib ki, 2009-cu ildə də bu qədər vəsait ayrılıb: “Dövlət tərəfindən maliyyələşdirilən KİV-lərə ayrılan vəsait də buraya daxildir. Deməli, real olaraq 2010-cu il dövlət büdcəsindən KİV-lərin inkişafı üçün 1,3 milyon manat ayrılacaq. Hesab edirəm ki, bir il ərzində bu, o qədər də böyük rəqəm deyil. Bilirsiniz, bu məbləğlə KİV-ləri razı salmaq mümkün olmayacaq. Elan etdiyimiz müsabiqədə hər bir KİV iştirak etmək istəyir. Bunu təbii qarşılamaq lazımdır. Amma vəsaitin azlığı bir qədər çətinliklər yaradacaq. Üstəlik nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun aparatı da bu vəsait hesabına fəaliyyət göstərəcək. Hər halda məsələni müvafiq qurumlar qarşısında qaldıracağıq”.
Fond sədri ümidvar olduğunu bildirib ki, gələcəkdə KİV-in inkişafı üçün ayrılan vəsait artırılacaq.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO