İTV və Beynəlxalq Mətbuat İnstututu əməkdaşlığı müzakirə olunub

Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi fevralın 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətində olub. İctimai Teleradionun baş direktoru İsmayıl Ömərovla görüşən qonaqlara televiziyanın fəaliyyəti, texniki imkanları və beynəlxalq əlaqələri haqqında məlumat verilib. Avropa Yayımları Birliyi və Asiya Yayımları Birliyinin Azərbaycandan yeganə üzvü olan İctimai Teleradionun geniş beynəlxalq əlaqələrinin olduğu diqqətə çatdırılıb. Sözügedən təşkilatlara üzvlük müddətində bir sıra önəmli tədbirlərin, layihələrin həyata keçirildiyi bildirilib. Məlumat Modern.az-a İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və internet şöbəsindən verilib.
İsmayıl Ömərov İctimai Teleradionun Avropa Yayımları Birliyinin gənc üzvü olmasına baxmayaraq 2010-cu ilin iyul ayında qurumun Baş Assambleyasının 64-cü sessiyasına uğurla ev sahibliyi etdiyini qonaqların diqqətinə çatdırıb. Baş direktor bildirib ki, İctimai Teleradio beynəlxalq media qurumları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirir. Bu baxımından görüşdə Beynəlxalq Mətbuat İnstitutu ilə əməkdaşlıq imkanları da müzakirə olunub. Daha sonra qonaq şirkətin studiyalarını gəzib, əməkdaşlarla görüşüb və verilişlərin hazırlanması prosesi ilə maraqlanıb. Xanım Alison Betel McKenzi İctimai televiziya və radioda mövcud şəraitdən razı qaldığını deyib. Azərbaycanda media nümayəndələrinin çox fəal olduğunu bildirən qonaq İctimai Teleradio ilə Beynəlxalq Mətbuat İnstututu arasında uzunmüddətli əməkdaşlığın qurulması istiqamətində çalışacağını da qeyd edib.
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO