Türkiyə qəzetlərinin Azərbaycanda nəşri mümkündürmü?

Qonşu Rusiyanın “Komsomolskaya pravda”, “Arqumentı i faktı” kimi nüfuzlu qəzetləri Azərbaycanda da nəşr olunur. Bakıda bu qəzetlərin regional redaksiyaları var. Azərbaycanın digər yaxın qonşusu olan Tükiyənin qəzetləri də Bakıda çap oluna bilərmi, belə təşəbbüslər varmı?

1991-ci ildə Türkiyənin “Zaman” qəzetinin daxil olduğu holdinqin Bakıda təsis etdiyi “Zaman-Azərbaycan” qəzetinin redaktoru Ürfan Məmmədli “Media forum” saytına açıqlamasında bildirib ki, belə təşəbbüs Türkiyə nəşrlərinin özündən gələ bilər: “Bu və ya digər Türkiyə qəzeti araşdırma aparıb Azərbaycanda oxucu kütləsi qazanıb-qazanmayacağına aydınlıq gətirməlidir. Rusiyanın aparıcı qəzetləri, o cümlədən “Komsomolskaya pravda”, “Arqumentı i faktı” kimi qəzetlər sovet hakimiyyəti illərində imperiyanın əksər yerlərində olduğu kimi Azərbaycanda da çap edilirdi. Bu qəzetlərin geniş oxucu kütləsi vardı, indi də qalır. Türkiyə qəzetlərinin Azərbaycanda çapı oxucu tələbatından irəli gələ bilər, bu tələbatın olub-olmadığını hər bir nəşr özü aydınlaşdırmalıdır”.

Ürfan Məmmədli deyib ki, Azərbaycanda yaşayan türkiyəlilər Türkiyə qəzetlərinin burada çap olunmasını istəyirlər: “Biz bu istəkləri nəzərə almağa çalışırıq. Qəzetimizdə “Türkiyə mediası” adlı 2 səhifə gedir. “Zaman-Azərbaycan”ın gücü buna çatır”.

Media məsələləri üzrə ekspert Zeynal Məmmədli “Media forum”a açıqlamasında Türkiyə qəzetlərinin Azərbaycanda çapına şəraitin olmadığını deyib: “Burada biznes şəraiti olmadığından, media iqtisadiyyatı biznesə çevrilmədiyindən xarici qəzetlərin Azərbaycanda çapı mümkün deyil. Həm də xaricilərin bizim media bazarına buraxılmasına ciddi maneələr var”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO